“Rasim İldırımzadə digər videolarda daha çox adamın adını çəkir, vəzifəli şəxslər haqqında fikir bildirir”
ABU-nun keçmiş rektoru Elşad Abdullayev yaydığı son video – daxili işlər naziri Ramil Usubovun qohumu, Hava Nəqliyyatında Polis İdarəsinin rəis müavini Rasim İldırımzadə ilə söhbətini əks etdirən görüntülərlə bağlı hər hansı araşdırma aparılmamasından narazıdır. Qardaşı Mahir Abdullayevin işi ilə bağlı sabiq rektora Fransada kömək edən azərbaycanlı blogger Elnur Məcidli Facebook səhifəsində yaydığı açıqlamada rəsmi qurumların bundan sonra da həmin video ilə bağlı susqunluq nümayiş etdirəcəkləri halda R.İldırımzadənin yeni videolarını yayacaqlarını bildirib.
“Rasim İldrımzadə ilə bağlı nə Daxili İşlər Nazirliyinin, nə də Respublika Baş Prokurorluğunun hələ ki rəsmi açıqlaması yoxdur. Rasim İldırımzadənin videodakı danışıqlarına bu qurumların açıqlama verməyə ləng tərpənməsi bu iki quruma da baş ucalığı gətirmir, əksinə belə bir halın yaranması hər iki qurumun və bu qurumların başındakı şəxslərin bu cinayətlə bir başa əlaqələri olduğunu ortaya çıxarır. Rasim İldırımzadəylə bağlı rəsmi açıqlama bir az gecikərsə, biz bu şəxsin başqa videolarını da yaymaq məcburiyyətində qalacağıq. Rasim İldırımzadə digər videolarda daha çox adamın adını çəkir, onların adından danışır, müxtəlif vəzifəli şəxslər haqqında fikir bildirir. Rasim İldırımzadənin 25-ə qədər videosu var, vər hər video ayrı bir həngamədir. Qısa zamanda yuxarıda adları çəkilən qurumlar məsələyə rəsmi reaksiya verməsələr, digər videoları da hissəylə yayacağıq.
Biz hələ də təmkinlə bu iki qurumdan açıqlama gözləyirik, ancaq çox gözləməyəcəyik, bizim də səbrimiz tükənir”, – deyə E.Məcidli açıqlamasında bildirir.