Bakıda keçirilməsindən imtina olunan turnirə SOCAR niyə sponsorluq edir?
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov Londonda keçiriləcək iddiaçıların turniri ilə bağlı maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, FİDE rəhbəri martın 11-dən 31-ə qədər Böyük Britaniya paytaxtında baş tutacaq yarışın Azərbaycanın maddi dəstəyi hesabına həyata keçəcəyini bəyan edib. İlyumjinov Rusiya mətbuatına müsahibəsində deyib: “Bəli, bu belədir. Londonda iddiaçıların turnirinin sponsoru kimi Azərbaycan çıxış edir”.
Qeyd edək ki, iddiaçıların siyahısında ən güclü şahmatçımız olan Teymur Rəcəbov da yer alıb. Onun yarışa təşkilatçıların nominantı kimi qatılacağı açıqlanıb.
FİDE prezidenti ölkələrin şərtlərinə baxıldığını və Bakı ilə Londonun dəstəkləndiyini vurğulayıb: “Bütün təklifləri nəzərə alaraq turnirin bu il Londonda keçirilməsinə qərar verdik. SOCAR-a da təşəkkür edirəm. Bu, yaddaqalan olay olacaq. SOCAR isə layiqli reklam imici qazanacaq”.
Məlumata görə, bu turnirin Bakıda keçirilməsi nəzərdə tutmuşdu. Amma erməni Aronyan və norveç şahmatçısı Karlsenin Bakıya gəlməkdən imtina etməsi səbəbindən FİDE London variantına üstünlük verib. Turnirin sponsorluğunu üzərinə götürən Azərbaycanın isə onu təşkil etmək üşün SOCAR vasitəsilə 5 milyon dollara yaxın pul хərcləyəcəyi deyilir.
Turnirin Bakıda keçirilmədiyi halda ona SOCAR-ın niyə sponsorluq etməsi isə anlaşılan deyil.