Heydər Əliyev Mərkəzinin memarı diktatura rejimilə əməkdaşlıqda suçlandı
Beynəlxalq mediada bu dəfə diktatura rejimləri, o cümlədən Azərbaycan hakimiyyətilə əməkdaşlıq edən memarlar tənqid atəşinə tutulub. Belə bir məqalə Ingiltərənin “The Independent” qəzetində yayımlanıb. Məqalə müəllifi yazını hazırlayarkən dünyanın aparıcı arxitektorlarından olan Daniel Libeskindin “Architects” jurnalına müsahibəsində səsləndirdiyi fikirləri yada salır.
Məşhur memar müsahibəsində bildirib ki, həm bir arxitektor gördüyü işə görə məsuliyyət daşıyır. Və bu məsuliyyət təkcə arxitektura prinsiplərilə məhdudlaşmır. Onun sözlərinə görə, məsələnin mənəvi tərəfi heç də az əhəmiyyət kəsb etmir.
Daniel Libeskind bəzi həmkarlarını məhz elə mənəvi prinsipləri pozmaqda günahlandırıb: “Mən hesab edirəm ki, biz despotların sifarişlərini yerinə yetirməməliyik. Təəssüf ki, bəziləri böyük pullar naminə diktatura rejimlərilə əməkdaşlıq etməkdən çəkinmirlər”.
“The Independent” qeyd edir ki, diktatura rejimləri böyük pullar müqabilində Avropa və Amerikada fəaliyyət göstərən memarlıq şirkətləri, tanınmış memarlarla iş birliyi quraraq, dəbdəbəli binalar tikdirirlər. Ingiltərə qəzeti bir neçə tanınmış memarın adını çəkərək onları repressiv rejimlərlə əməkdaşlıqda ittiham edir. Misal kimi, Azərbaycanın adı çəkilir. Qeyd olunur ki, Britaniya və Amerikanın bəzi memarları dünyada insanların hüquq və azadlıqlarının ən çox pozulduğu ölkələrdən biri olan Azərbaycanda layihələr həyata keçirirlər. “The Independent” xatırladır ki, Mətbuat Azadlığı Indeksində Azərbaycan 179 ölkə arasında 162-ci yeri tutur.
“Londonda fəaliyyət göstərən Zaha Hədid Heydər Əliyev Mərkəzinin memarıdır. ”Human Righs Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının Azərbaycan hakimiyyətini insan hüquq və azadlıqlarının kəskin şəkildə pozmağa görə tənqid edən hesabatları da onu Azərbaycan hakimiyyətilə əməkdaşlıqdan çəkindirməyib”, – deyə Britaniya qəzeti vurğulayır.
Informasiya şöbəsi