Məhkəmə icraçıları zorakılıqla evə daxil olaraq, xalçaları götürüb aparıblar
Yanvarın 12-də keçirilən “Əsgər ölümlərinə son!” aksiyasında saxlanılaraq, Səbail rayon məhkəməsi tərəfindən 500 manat cərimələnən AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı cəriməni ödəməkdən imtina etdiyinə görə onun valideynlərinə məxsus evdəki əşyalar müsadirə olunub.
Bu barədə “Azadlıq”a məlumat verən Ə.Qurbanlı bildirib ki, dünən məhkəmə icraçıları onu qeydiyyatda olduğu Imişli rayonuna çağırıb. Bununla əlaqədar Imişli rayon məhkəməsinə gedən Ə.Qurbanlının sözlərinə görə, daha sonra icraçılar onun valideynlərinə məxsus evə gediblər.
“Məhkəmədə əvvəlcə mənimlə mülayim davranırdılar. Icraçılar bildirdilər ki, evə gedib əmlakı aktlaşdıracaqlar. Sonradan onlara nazirlikdən zəng gəldi və bundan sonra mənimlə aqressiv danışmağa başladılar. Nazirlikdən deyiblər ki, evimə gedib əmlakı müsadirə etməlidirlər. Bunun qanunsuz olduğunu, adıma heç bir əmlakın olmadığını bildirdim. Bundan əlavə, cərimə ilə bağlı sözügedən məhkəmə qərarının özünün də qanunsuz olduğunu bildirdim. Çünki fantastik cərimələrlə sərbəst toplaşmaq azadlığı bir-birinə ziddir”, – deyə Ə.Qurbanlı bildirib.
Gənc fəalın valideynlərinə məxsus evə gedən icraçılar zorakılıqla içəri daxil olublar. Təsəvvür edin ki, məhkəmə icraçıları divanın üstünə çıxıb, divarda asılı olan xalçanı qoparıblar. Ardınca da yerdəki xalçanı götürüblər. Əbülfəzin valideynləri həmin əşyaların onlara aid olduğunu, bu səbəbdən xalçaları müsadirə etməklə qanunsuzluğa yol verdiklərini icraçıların nəzərinə çatdırsalar da, deyilənlərə məhəl qoyulmayıb.
Ə.Qurbanlının sözlərinə görə, indi bu iş üzrə yenidən məhkəmə keçiriləcək və müsadirə olunan əşyaların cərimənin məbləğini ödəyib-ödəmədiyi müəyyənləşdiriləcək.
Ə.Qurbanlı onu da əlavə edib ki, baş verənlərə baxmayaraq, digər cərimələnənlərlə birlikdə “Vətəndaş itaətsizliyi” kampaniyasını davam etdirəcəklər: “Cərimələr qanunsuzdur, ona görə də bu kampaniyanı davam etdirəcəyik. Heç nə bizi mübarizəmizdən çəkindirə bilməz”.
Bəyim Həsənli