Seyid Əzimdəndir, deyir:
Bu səri-çeşmə əzəldən bulanıb, ey qafil,
Gör kimə tabe olursan, sənə mövla kim idi?
Həm də Əkrəm Əylisliyə qarşı elliklə başlayan “ziya(n)lı” kampaniyasını gördükcə bu misra yadıma düşür. Gülünclüyün səviyyəsinə baxın: Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti “Daş yuxular”dakı “faktların” həqiqətə uyğun olmadığını “araşdırmaq” qərarına gəlir (guya, biz bilmirik ki, onlara bu göstərişi “akademik ağsaqqal” – Ramiz Mehdiyev şəxsən verib); Gülər Əhmədovanın, həmkarlarının o yekəlikdə biabırçı videolarını bircə dəfə müzakirəyə çıxarmayan millət vəkilləri Əkrəm Əylisliyə romana görə olmazın tənqid və təhqirləri ünvanlayırlar (məgər, bilmirikmi ki, G.Əhmədovanı müzakirədən yayındırıb, Ə.Əylisliyə hücum təşkil edən kimdir); Akademik Dram Teatrı “Yazığam, sevmə məni” tamaşasının məşqlərindən imtina edir… və heç kimin xahiş-minnəti olmadığı halda, bu yalançı vətənpərvərlikdə yer almağa çalışan “Muskomediya” özünü ortalığa atıb, məsələyə münasibət bildirir (Səbəbini elə gözəl anlayırıq ki!).
Bu insanların təfəkküründə ölkəni zəlil və zəbun eləyən “Gülərqeyt əməliyyatı” antimilli hal deyil; çünki rüşvətlə insanları vəzifəyə qoydurmaq, deputat seçdirmək Əliyevlər hakimiyyətinin tam və birmənalı milli kimliyidir. Ona görə Gülər Əhmədova olayının istintaqı uzanır, kimsə bu məsələyə reaksiya vermir; korrupsiya baş yarır, rüşvət ölkəni dağıdır… Belə bir məqamda isə üzlərinə tutmağa, danışmağa mövzu tapırlar: Əkrəm Əylisli!
Rus yazıçısı Boris Akuninin müraciətində yer alan fikirlər Azərbaycana kənar baxışın təzahürüdür: bunlar dərk etmirlər ki, ölkəni hara sürükləyirlər, haqqımızda hansı rəy yaradırlar?
Olsun, dərk etməsinlər, qanmasınlar və elliklə bu kampaniyaya qul olub, Azərbaycanı rüsvay etsinlər, ermənilərin növbəti təbliğatı üçün şans yaratsınlar. Ancaq bu qullar və nökərlər heç olmasa, dərk edirlərmi ki, bu hakimiyyətə bel bağlamaq olmaz? Yəni bilmirlər ki, bu hakimiyyət heç bir qoruq-qaytaq, qanun-filan hərləmir, hətta illərlə ömrünü bu rejimə qul kimi xərcləyənləri də bir anda kəsib atır?
Xatırlayın: Əli Insanovdan “akademik” adını necə aldılar? Halbuki, “akademik” adının geri alınması heç bir əsasnamə və nizamnamədə əksini tapmayıb; bu ad ömürlükdür, əbədidir. Amma qul və nökər xidmətinə görə verdiklərini bir-bir geri almağı bacarandır bu hakimiyyət və “akademik” adını da beləcə geri aldı.
Elşad Abdullayevi yada salın: adamın plagiat elmi işinə pəhpəhlə “elmlər doktoru”, “professor” adı verənlər videofakt meydana çıxan kimi utanmadan, qızarmadan, heç nə olmayıbmış kimi “anladılar” ki, deməyəsən, E.Abdullayevin elmi işi saxta imiş, köçürmə imiş.
Indi də eyni aqibətlə yeni bir presedent yaratdılar – “Xalq yazıçısı” adını Əkrəm Əylislidən geri aldılar, təqaüdünü kəsdilər. Niyə?
Çünki o adlar və titulları bu xarabada heç kəsin qazanmadığına, yalnız qul və nökər xidmətinə görə Əliyevlər tərəfindən verildiyinə hamını inandırmaq istəyirlər; bunlar elə bir sistem qurublar ki, hətta haqqı olanlar belə, bu adları alanda anlamalıdırlar: titulları, orden-medalları xidmətlərinə görə almırlar, bunlar Əliyevlərin verdiyi bəxşeyişdir.
Pis odur ki, bu “böyük hikməti” dərk edən söz adamları da az deyil və onlar illərlə yazdıqlarına, yaratdıqlarına, istedadlarına görə almadıqları, ancaq yoluxduqları “ad xəstəliyinə” əlac etmək üçün Ilham Əliyevin atası haqqında xoş xatirələr yazırlar, kitablar buraxırlar, hakimiyyəti “dəstəkləyirlər”. Yalnız ondan sonra Ilham Əliyevdən “xələt” alırlar. Ad çəkimmi? Son illər kimlərin belə oyunlarla orden-medal aldıqlarını sadalayımmı?
Əkrəm Əylisliyə də o gözlə baxdıqları üçün onun “ad”ını alırlar; oğlunu, xanımını işdən çıxarırlar. Çünki oğlunun Gömrükdə şöbə müdiri vəzifəsinə yüksəlməsi, xanımının “işə gəlməməsinə baxmayaraq” kitabxana müdiri olması öz qabiliyyətlərinə görə deyil, hakimiyyətin verdiyi ehsandır, paydır.
Bu sistemdə hər şey belə qurulub: qabiliyyətə yox, bacarığa, istedada yox, yalnız sistemin qulu olmağa görə!
Bəs, bunu bilə-bilə, qul xidməti müqabilində verilən adlar sənət adamlarının nəyinə lazımdır? Bəs, hər an geri alınmaq imkanı olan titulları qazanmaq xəstəliyi bu binəvaların canında niyə bu qədər kök salıb? Yəni bunlar dərk etmirlər ki, “mövlaları” kimlərdir, kimlərə qul olublar? Yəni anlamırlar ki, bu “ehsanlara”, “paylara” arxayın olub, həyat qurmaq olmaz? Bəs, bilmirlər ki, onları bu qul xislətlərinə görə tarix özü mühakimə edəcək və həmkarlarına qarşı aparılan şouda “obraz yaratdıqlarına görə” “adlı talelərinə” gələcək nəsillər özü damğa basacaq?