AXCP sədrinin pasport işi ilə bağlı kommunikasiya başladı
AXCP Sədri Əli Kərimlinin ona vətəndaş pasportunun verilməsindən imtina ilə bağlı Avropa Məhkəməsinə ünvanladığı şikayət üzrə kommunikasiyaya start verilib. Bu barədə “Azadlıq”a Ə.Kərimlinin hüquqlarını Strasburq Məhkəməsində müdafiə edən İntiqam Əliyev məlumat verib.
Xatırladaq ki, Ə.Kərimli barəsində 1994-cü ilin sentyabr ayında müxalifətin keçirdiyi toplantılardan birində “cibində bomba tapıldığına görə” o zaman qüvvədə olan Cinayət Məcəlləsinin 220-ci maddəsi (qanunsuz silah saxlamaya görə) cinayət işi başlanıb və həbs olunub. Yerli və beynəlxalq təşkilatların təzyiqi ilə bir müddət sonra həbsdən azad edilib və barəsindəki cinayət işi üzrə icraat 1995-ci ilin dekabrında dayandırılıb.
2001-ci ilin iyun ayında aldığı ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyi üçün 2006-cı ilin iyununda yeni pasport almaq məqsədilə DİN-nin PQİ-nə lazım olan sənədləri təqdim etməklə müraciət edib. Lakin həmin qurum 2006-cı ilin iyulunda qeyri-rəsmi şəkildə ona yeni pasport verməkdən imtina edib. İmtina onunla əsaslandırılıb ki, 10.09.1994-cü ildə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən onun haqqında Cinayət Məcəlləsinin 220-ci maddəsinin birinci hissəsilə cinayət işi başlanıb, lakin keçən 12 il müddət ərzində həmin işin nəticəsi barədə DİN-nin mərkəzi məlumat və statistika idarəsinə məlumat daxil olmayıb. Ona görə də, PQİ tərəfindən həmin cinayət işinin nəticəsi barədə Ə.Kərimlidən arayış tələb edilib.
Bakı Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciətdən sonra Ə.Kərimliyə məlum olub ki, onun haqqında başlanmış cinayət işi 1994-cü ildə Nəsimi Rayon Prokurorluğu tərəfindən Baş Polis İdarəsindən götürülüb və 21 dekabr 1995-ci ildə icraatı dayandırılıb. Ə.Kərimlinin həmin qərarın ləğv edilməsi barədə Baş Prokurora və Bakı Şəhər Prokurorluğuna müraciətləri nəticə verməyib.
Ə.Kərimli DİN PQİ-nin üzərinə isə ümumvətəndaş pasportu vermək vəzifələrinin qoyulması tələbi ilə 05 sentyabr 2006-cı ildə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Nəsimi Rayon Məhkəməsi (hakim M.Zülfiqarov) işə baxaraq, 02 noyabr 2006-cı il tarixdə şikayətə baxaraq onu rədd edib. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırıb ki, Ə.Kərimli “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının Pasport Qeydiyyatı Şöbəsi tərəfindən ümumvətəndaş pasportunun alınması ilə əlaqədar hüquq və azadlıqlarının pozulması və ya hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçiliyin yaranması ilə əlaqədar hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir”.
Ə.Kərimlinin apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən M.Tağızadə, hakimlər G.Quliyev, Ə.Əliyev) 14 mart 2007-ci il tarixli qətnaməsi ilə ləğv edilib. Həmin qətnamədən verilən kassasiya şikayətinə baxan Ali Məhkəmə 15 fevral 2008-ci il tarixli qərarı ilə mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verib. Şikayətçiyə izah edilib ki, onun sərbəst hərəkət azadlığını pozan cinayət işinin dayandırılması barədəki qərardan və cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ var.
Ə.Kərimli Ali Məhkəmənin qərarını qanunsuz saysa da, Ali Məhkəmənin tövsiyəsinə riayət edərək cinayət-prosessual qanunvericiliyə uyğun olaraq məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə şikayət verərək barəsində qaldırılan cinayət işinə müddətin keçməsi ilə əlaqədar xitam verilməsini tələb edib. Lakin məhkəmə 26 may 2008-ci il qərarı ilə şikayəti təmin etməyib, apellyasiya məhkəməsi isə qərarı qüvvədə saxlayıb.
Ə.Kərimli ölkədaxili müdafiə vasitələrini tükəndirdikdən sonra 16 yanvar 2009-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib. Şikayətdə o, Azərbaycan Hökumətinin ona şəxsiyyət vəsiqəsini verməkdən imtinası və bununla bağlı məhkəmələrdə qaldırdığı şikayətlərin ədalətli araşdırılmaması İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən məhkəməyə çatımlıq, ağlabatan müddətdə işinə baxılması, 8-ci maddəsindəki özəl həyata müdaxilə, 2 saylı Protokolun 2-ci maddəsindəki hərəkət azadlığı hüququnun pozuntusunu mübahisələndirib.
İntiqam Əliyev siyasətçinin pasport işində baş verən dəyişiklikləri belə şərh edib: “O dövrdə ona ittiham olunan maddənin sanksiyası 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. CM-in 44-cü maddəsinə əsasən 5 ildən çox olmayaraq azadlıqdan məhrumetmə təyin edilə bilən cinayət törətdiyi gündən 5 il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Ə.Kərimli barədə cinayət işi 18 ilə yaxındır ki, davam edir.
Ölkənin əsas müxalifət partiyalarından birini lideri 7 ilə yaxındır ki, Azərbaycan vətəndaşı olduğunu təsdiqləyən sənədi ala bilmir. Absurd olan odur ki, bu müddət ərzində o, prezident və parlament seçkilərində namizəd kimi qeydiyyata alınıb və seçkilərdə iştirak edib.
Hətta cinayətkara belə vətəndaş pasportunun verilməsini qadağan edən heç bir norma yoxdur. Ola da bilməz. Çünki nə cinayət məsuliyyətinə cəlb olunması, nə mühakimə olunması insanı vətəndaşlıqdan məhrum etmir. Bu o qədər bəsit bir şey. Bunu anlamaq üçün nə hüquqçu, nə prokuror (o cümlədən “Baş”ından), nə məhkəmə (o cümlədən “Ali”sindən), nə hüquqçu olmaq gərək. Onu da qeyd edim ki, Ə.Kərimli 1995 və 2000-ci illərdə Milli Məclisinin deputatı seçilib. O, 1996 və 2001-ci illərdə Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsindən (DİN PQİ) ümumvətəndaş pasportu alıb, 1998 və 2003-cü illərdə millət vəkili kimi diplomatik pasport verilib. Həmin müddət ərzində o, onlarla xarici ölkələrdə səfərdə olub və beynəlxalq görüşlər keçirib.
Azərbaycan o ölkələrdəndir ki, burada müxalifətdə olan siyasi partiyalar normal fəaliyyət üçün minimum şəraitdən belə məhrum olunublar. Çünki bu ölkədə siyasi mübarizə üçün mühit yoxdur. Əgər müxalifət partiyalarının maliyyə mənbələri qapadılırsa, ofisləri əllərindən alınırsa, fəalları və onların yaxınları mütəmadi olaraq həbslərə və digər repressiyalara məruz qalırsa, partiyanın liderinə televiziyaya, radioya çıxa, rayonlara gedə, pasportunu ala və ölkədən kənara çıxa bilmirsə bu, artıq siyasi mübarizə deyil.
Bu iş Azərbaycan hakimiyyətinin öz opponentlərinə münasibətdə ən iyrənc formalardan istifadə etməkdən belə çəkinmədiyini göstərən nümunələrdəndir.
Bu hakimiyyətin mahiyyətində heç bir dəyişiklik baş verməyib. O, ölkəni feodal qaydaları ilə idarə etməkdə davam edir. Son hadisələr bir daha göstərdi ki, onun nə özünü dəyişmək fikri var, nə də ölkəni. Ondan qurtulmaq gərək. Bu cür işlərin əhəmiyyətini nə şişirtmək, nə də azaltmaq istəmirəm. Onu ölkənin dəyişməsi istiqamətində digər səylərimizə dəstəkdir bu cür uğurlar. Onların sayını da artırmaq gərək. Böyük qələbələr xırda uğurlardan keçib gəlir. Bu mənada, insanların xüsusilə də siyasətçilərin digər mübarizə vasitələri ilə yanaşı, hüquqi mexanizmlərdən istifadə etməsi cəmiyyətə yaxşı örnəkdir”.