PA rəhbərindən Paşayevlərin seçki planını pozmağa yönəlik növbəti addım
Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının (AHIK) fevralın 5-də keçirilən 4-cü qurultayında ölkə başçısı Ilham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul ediblər. Bundan başqa qurultay nümayəndələri ayrıca Ilham Əliyevə müraciət edərək ölkə başçısından 2013-cü il prezident seçkisində namizədliyini irəli sürməsinə razılıq verməsini istəyiblər.
Ilham Əliyev hələ ki, seçkidə iştirak edib-etmədiyi barədə qərar verməyib. Ümumiyyətlə, müşahidə olunan odur ki, ölkə başçısı bu məsələ barədə danışmaq istəmir. Bu da səbəbsiz deyil. Çünki hakimiyyət daxilində əsas söz sahiblərindən olan Paşayevlər Ilham Əliyevin ard-arda 3 dəfə prezidentlik kürsüsünə əyləşməsini istəmir. Paşayevlər hesab edir ki, bu addım beynəlxalq aləm tərəfindən ciddi təpki ilə qarşılanacaq və nəticə hakimiyyət üçün fəlakətli ola bilər. Paşayevlər Ilham Əliyevin də Vladimir Putin kimi “siyasi tryuk”a əl atmasını, hakimiyyəti bir müddətlik etibar etdiyi şəxsə ötürməsini, daha sonra yenidən prezident kürsüsünə əyləşməsini təklif edir. Ilham Əliyevin “Medvedevi”nə gəlincə Paşayevlər onu öz aralarında görür. Ölkə başçısının namizədliyi barədə susması onun Paşayevlərin təklifinə müsbət yanaşması qənaətini yaradır.
Lakin hakimiyyətdəki başqa bir güclü klan – “Naxçıvan” qruplaşması, xüsusilə Prezident Administrasiyasının rəhbəri (PA) Ramiz Mehdiyevin rəhbərlik etdiyi qanad Paşayevlərin planının qəti əleyhinədir. Onlar Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsinə israr edirlər. Məhz elə bu səbəbdəndir ki, Paşayevlərlə Ramiz Mehdiyev arasında ziddiyyətlər yaranıb. Elşad Abdullayevin “video bomba”larından sonra isə bu ziddiyyətlər açıq müstəviyə keçib. Paşayevlər sabiq rektorun açıqladığı müdhiş faktlardan yararlanaraq Ramiz Mehdiyevin istefa məsələsini gündəmə gətirdilər və artıq PA rəhbərinin devrilməsi reallaşmaq üzrə idi. Lakin son anda gündəm Ramiz Mehdiyevin xeyrinə dəyişdi. Ordu ilə bağlı etirazlar, “Binə”də sahibkarların ayağa qalxması, Ismayıllı hadisələri PA rəhbəri ilə bağlı məsələni arxa plana keçirdi.
Bu isə Ramiz Mehdiyevə yenidən hücum şansı yaradıb. AHIK-in qurultayında Ilham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməsi məhz PA rəhbərinin xidməti sayılır. Bildirilir ki, bu qərar Ramiz Mehdiyevin diktəsilə qəbul edilib. Yeri gəlmişkən, konfederasiyanın rəhbəri Səttar Mehbalıyevin Ramiz Mehdiyevin sözçüsü PA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla quda olduğu bildirilir. Gözlənilir ki, Ramiz Mehdiyev nəzarətində olan başqa qurumlar adından Ilham Əliyevə müraciətlər təşkil edəcək.
Namiq