Insanlara qarşı niyə o qədər zəhərli qazdan istifadə edilməli, etirazçıları xüsusi təyinatlılar dağıtmalıdır? Niyə silahsız, əliyalın xalqın üstünə zirehli texnika, “qara maskalılar” yeridilməlidir? Niyə işıqsaçan gülləllər yağdırılmalıdır ismayıllılara? Məgər etirazçılar silahamı sarılıb, tüfəngdənmi istifadə edir, hakimiyyət nümayəndələrini yerindəcə qətləmi yetirir?
Balaca, bəlkə də üst-üstə iki min kişisi olmayan bir şəhərə üç minlik xüsusi dəstə yeridilib. Nəyə görə? Insanlar haqsızlığa, ədalətsizliyə etiraz edir, ona görəmi?
Iki tərbiyəsiz, əxlaqsız adamın hərəkətindən əsəbiləşən və harınlamış gedəçələri öz bildiyi kimi cəzalandırmağa girişən əhaliyə qarşı zirehli texnikadan, gücdən, zordan istifadə etmək Əliyev idarəetməsinin mahiyyətidir. Niyə əhali o qədər əsəbiləşməli idi? Niyə onlar sərxoş halda qəza törədən, sonra da heç bir günahı olmayan rayon sakinini döyən harınlamış yaramazların təhqirlərini yeməliydi? Bəs, hanı bu xaraba rayonun polisi? Sərxoş sürücünü niyə dərhal zərərsizləşdirmirdi? Rayonun mərkəzində avtoşluq edən, qəza törədən iki gedəçə niyə vaxtında həbs olunmurdu ki, əhali də qəzəblənəydi?
Çünki bu qudurmuş yaramazlar yuxarılara bağlıdırlar, rayon polisi onlara qarşı qanuni ölçü götürsəydi, dərhal polisin özü cəzalanacaqdı. Rayon camaatı da bunu bilir; bilir ki, bu yaramazlar heç vaxt cəzalanmayacaq, necə ki, bu vaxta qədər belələrinə güldən ağır söz deyən tapılmayıb. Ona görə də özü hərəkətə keçməkdən ayrı əlac görmədi.
Hüquq-mühafizə orqanları rayon icra hakimiyyəti başçısının villasına hücumla öz münasibətini ortaya qoyan əhalini “destruktiv qüvvələrin təhriki” deyə öz tərbiyələrinə uyğun sözlə “əsaslandırmağa” çalışırlar.
Xalq yaxşı bilir ki, rayonlardakı “kiçik padşahlar” kimlərdir; xalq illərdir onları müşahidə edir, talançılığın, ədalətsizliyin, haqsızlığın hardan qaynaqlandığını gözəl anlayır. Hədəflərini dəqiq müəyyənləşdirirlər, əsəbləri tarıma çəkiləndə aylarla, illərlə içlərinə yığılan narazılıqların kökünə doğru gedirlər. Hansı “destruktivlikdən” söhbət gedə bilər? Niyə xalqın narazılığını bildirdiyi, hədəf kimi barmağını tuşladığı yer – “dağıdıcı qüvvənin yanlış hədəfi” kimi təqdim edilməlidir?
Yenə utanmaz-utanmaz müxalifətin bu olaylardan sui-istifadə etməsi barədə həyasız bəyanatlar verilir. Son bir həftədə “Binə” də daxil olmaqla, polislə toqquşmalar yaşanır, çünki xalqın əsəbi dözmür: bu harınlığa nə qədər dözməlidir? Bu həyasız talanmaya nə vaxta qədər səbr etməlidir?
Etirazlar uc-uca calanırsa, bunun sosial-siyasi səbəbləri haqqında düşünmək və tədbir görmək əvəzinə, kimlərinsə qızışdırılmasından danışmaq əbləhliyi bunların ağlına hardan gəlir?
Xalqın səsi heç yerdə eşidilmir; xalq təhqir olunur – hər gün, hər saat: xırda sahibkarları çökdürmək, öz bizneslərini çiçəkləndirmək naminə camaatın son tikəsini dartıb əlindən almaq və bunun qarşılığında “yeni iş yerlərinin açılması”, “illik iqtisadi uğurlardan” danışmaq təhqir deyil?
Ümumi Daxili Məhsul 1,1 faiz olduğu halda, onu iki dəfə şişirtmək, korrupsiya və rüşvət çiçəkləndirildiyi halda, rüşvətə qarşı “amansız mübarizə” apardığını bəyan etmək nədir? Xalqı təhqir etmək, aşağılamaq, ələ salmaq, məsxərəyə qoymaq daha necə olur? Mütləqdir ki, camaatın əbəc-əcdadını adıyla söyəsən?
Evində balasına çörək tapa bilməyən bir şəxsin üzünə efirdən Azərbaycanın “davamlı iqtisadi inkişafı” barədə yalan püləməyin söyüş və təhqir olduğunu bu hakimiyyət nə vaxt dərk edəcək?
Dərk etmir, cəhənnəm; heç bir siyasi qüvvə ilə müzakirə aparmır – yenə cəhənnəm; heç olmasa, xalqın əsəbinin pik həddində cəsarəti və ləyaqəti çatıb, onunla söhbət etməyə nümayəndəsini çıxarsın?
Quba üsyanında rayonun deputatı işə qarışdı, Ziya Məmmədov xalqın qarşısına çıxdı… Bəs, indi? Indi niyə ismayıllılara qarşı ən müasir texnikadan, qazdan, rezin və odsaçan güllələrdən, səs bombasından istifadə edilməli, repressiyalar aparılmalıdır? Niyə “xalqla dialoq” repressiyalar aparılandan və camaata qan uddurulandan sonra yada düşməlidir? Niyə bu görüş açıq meydanda, etirazın episentrində yox, rahat məkanda keçirilməlidir? “Destruktivlikdən” danışıb, növbəti yalanla ürək bulandırmaq üçün?
Mahiyyət etibarilə, Bəşər Əsəd rejimindən get-gedə qətiyyən fərqlənmədiyini bu hakimiyyət tam mənası ilə ortaya qoyur: haqqını tələb edən, yumruqlarını göyə qaldıran dinc əhaliyə qarşı – güllə!
Suriya ona görə cəhənnəmə çevrildi ki, etiraz edənlər gülləyə tuş gəldilər. Azərbaycanı da Suriya aqibətinə sürükləyirsiniz…