Məhkəmə “Demokratik.az” saytının redaktorunu 6,5 il müddətinə azadlıqdan məhrum edib

Yanvarın 25-də Gəncə Ağır Cinayətlər Məhkəməsi rüşvət tələb etməkdə ittiham olunan “Demokratik.az” saytının redaktoru Osman Nərimanoğlunu (Rzayev) 6,5 il həbsə məhkum edib.

Dövlət ittihamçısı onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Jurnalistin həyat yoldaşı Arzu Rzayeva Amerikanın Səsinə bildirib ki, Osman korrupsiya faktlarını ifşa etdiyini görə cəzalandırılıb.

Müdafiə tərəfi Rzayevin təqsiri sübuta yetirilmədiyinə görə ona bəraət verilməsini istəyib. Bununla belə, məhkəmə redaktora 6,5 il müddətinə həbs verib.

Müdafiə tərəfi apellyasiya şikayəti vermək niyyətindədir.

Osman Nərimanoğlu 5 iyul 2022-ci ildə rüşvət tələb etmək ittihamı ilə həbs olunub. O, həbsindən sonra bildirib ki, ittihamlar uydurmadır, saytda korrupsiya faktları ilə bağlı məlumatlar dərc olunan Goranboy və Göygöl rayonunun Meliorasiya İdarəsinin məmurları və həkimlər tərəfindən ona böhtan atılıb.

Hüquq müdafiəçiləri Osman Nərimanoğlunu siyasi məhbus kimi tanıyıb.

Amerikanın səsi