Bu son günlərdə ölkədə iki güclü etiraz aksiyası keçirildi. Amma bunlara olan münasibət adamı təəccübləndirməyə bilmir. Hər iki aksiyaya tək bircə prizmadan baxıldı: o, icazəlidir, yoxsa icazəsiz? Və yekunda da hər iki aksiyanı icazəsiz elan edib insanları cəzalandırdılar. Həqiqətən də qəribə məntiqdi: icazəli aksiya keçirmək mümkün deyil, icazəsiz də keçirirsən, heç soruşmurlar ki, dərdin nədir, ya cərimələyirlər, ya da həbs edirlər.
Bəlkə də çoxuna bu, adi görünür. Amma hər şeyə alışmaq, olduğundan daha “müdrik” görünmək də bir şey deyil, insan hər şeyə alışdıqca mənən də kiçilir. Son vaxtlar mənən kiçilmişik. Bir az böyüməyin məqamıdır, çünki qarşıdan bir sınaq gəlir və o sınaqdan bir millət kimi qalib çıxmasaq, daha bizim asiyalılardan heç fərqimiz olmayacaq. Hərçənd Asiya sözünü də bir az ehtiyatla yazmaq lazımdı, çünki bu regionun elə ölkələri var ki, artıq birmənalı demokratiya yoluna qədəm qoyublar. Mən Asiya deyəndə keçmiş Orta Asiyanı nəzərdə tuturam. Onlar bizə həmişə bir qədər həsədlə baxıblar və yəqin ki, indi də bu il baş tutacaq seçkinin nəticəsini gözləyirlər ki, görsünlər, bu tərəflərdə bir inkişaf var, ya yox? Amma bu ilin məsuliyyətini hiss etmək ilk növbədə özümüzə lazımdı. Heç kim əvəzimizdə gəlib burada yaşamayacaq, biz yaşayacağıq. Fəqət, yaşamaq da müxtəlif olur, biri var, vətəndaş kimi yaşamaq, biri də var, necə deyərlər, sürünmək…
Mən insanları başa düşürəm. Adamlar çox dəyişib, dəyişməyən hakimiyyətdəkilərdir. Cəmiyyət nə istəyir? Istəyir ki, özü üçün izafi bir problem yaratmadan seçkiyə getsin və bütün məsələlər seçki yolu ilə həll olunsun. Bu, çox normal psixologiyadır, bütün dünyada belədir. Amma kiçik fərq var və onu etiraf etmək lazımdır: güclü və prinsipial cəmiyyətlər görəndə ki, hakimiyyət düzgün seçkilər keçirmir, onları saxtalaşdırır, artıq siyasi iştirakın başqa formasını seçirlər, ya hakimiyyəti normal seçkilər keçirməyə məcbur edirlər, ya da bu alınmayanda onunla biryolluq vidalaşırlar. Bizdə isə bu çatışmır. Hamı bilir ki, seçki düzgün keçirilmir, amma heç kim də özünün adət etdiyi mexaniki davranış tərzini dəyişmək və hakimiyyətə təzyiqini artırmaq haqqında düşünmür. Bu il də belə olsa, onda daha bu ölkədə nəyəsə ümid etmək mənasız olacaq.
Bu hakimiyyətə çox böyük vaxt verildi. Bu il hakimiyyətlərinin düz 20 ili tamam olur. Bu 20 ildə bunlar yalnız sərvətlərini artırmaqla məşğul olublar. Gözə görünən və bizim hamımıza böyük dəyişikliklər kimi təqdim olunan işlər isə mənimsənilən sərvətin müqabilində dəryada bir zərrəcikdi. Bu hakimiyyət 20 ildə asfalt döşəməyi öyrənə bilmədi. Amma 20 ildir, başqalarını səriştəsiz, bacarıqsız adlandırırlar. Hətta iş o yerə çatıb ki, bunların ucbatından təbiətlə də savaşa girmişik, hər gün yalvarırıq ki, bəs, qar yağmasın, şaxta düşməsin, sanki bunlar təbiətə qarşı da müxalifətdədir, onu da özlərinə bir rəqib hesab edirlər. Həmişə düşünmüşəm ki, üç sərvətimiz var: təbii ehtiyatlarımız, insanlarımız və bir də iqlimimiz. Nə yaxşı ki, bunlar var, əgər bunlardan biri çatışmasaydı, nə günə qalardıq?! Bu hakimiyyətlə başqa ölkədə, başqa şəraitdə yaşasaydıq biabır olardıq. Sizi bilmirəm, mən hər dəfə “Bakıya qar yaraşmır” cümləsini eşidəndə əsəbiləşirəm. Bəlkə bizə və bizim bu hakimiyyətmizə adamı məftun edən gözəl bir qış yaraşmır? Bunun haqqında düşünmüşükmü? Düşünmürük, acığımızı bir-birimizdən, ən yaxşı halda da sürücülərdən çıxırıq. Halbuki ilin bir neçə ayını qar altında olan ölkələr var, amma orada asfalt üzərində qar görməzsən.
Yadıma Moskva düşdü. Çox sadə idi. Xüsusi qar təmizləyən maşınlar qarı küçənin kənarlarına kürəkləyirdi. Çətindirmi? Peyk buraxmağa hazırlaşırlar. Di gəl, adi işləri yoluna qoya bilmirlər. Bəlkə də istəmirlər! Tələb edən yoxdur axı! Tələb edən olsaydı, belə olmazdı. Amma o da var ki, insanlar elə bu məsələ ilə bağlı da bir etiraz aksiyası keçirsəydilər ona da icazəsiz deyib biçarələri incidəcəkdilər…
Kiçik sözardı
Yazını yazdım. Amma bir kiçik detalı qeyd etməyi unutdum. Bu ölkədə niyə bütün etiraz aksiyaları icazəsiz olur? Sadə bir səbəbdən. Burada aksiyalara icazə vermirlər, yalnız bu hakimiyyətin siyasətinə dəstək vermək üçün icazə almaq olar. Belələrinə təkcə icazə vermirlər, başqa zəruri şeylərlə də təmin edirlər, özü də bizim hesabımıza…