Beriya adına qarşı çıxdığı üçün 5 il həbs yatan sənətkar
Azərbaycan teatr sənətinin və kinonun inkişafında əvəzsiz xidmətləri olan sənətkarlardan biri də xalq artisti Muxtar Avşarov olub. Ömrünün 90 ilinin 65 ilini peşəkar səhnəyə həsr edən Muxtar Avşarov teatrda və kinoda neçə-neçə maraqlı obrazları, bir-birindən gözəl rolları ilə yadda qalıb. O, oynadığı rolların böyük və kiçikliyindən asılı olmayaraq hər bir obraza peşəkarcasına yanaşıb və zəngin obrazlar qalereyası yaratmağa müvəffəq olub.
Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də Irəvan şəhərində dünyaya gəlib. 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində qohum-qardaşlarını itirən yüzlərlə soydaşlarımızdan biri kimi onların da sağ qalan ailə üzvləri Türkiyəyə üz tutmuş və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətirmişlər.
1921-ci ildə Muxtarın atası Həsən Avşar dünyasını dəyişir və 6 yaşlı Muxtar babasının himayəsinə keçir. Gəncədə doqquzillik dəmiryol məktəbini bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək dəmiryolçuların sənət məktəbinə daxil olur. Sənət məktəbinin qarşısında “Dəmiryolçular” klubu yerləşirdi.
Hələ məktəbli vaxtlarından incəsənətə, teatra olan həvəs onu rahat buraxmır və boş vaxtlarında Dəmiryolçuların Mədəniyyət evində fəaliyyət göstərən Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıxmağa başlayır. Çox keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik etməyə başlayır və ilk olaraq A.Şirvanzadənin “Namus” pyesini tamaşaya qoyur. M.Avşarov ilk teatr təhsilini elə bu böyük sənətkardan almışdır. Pyesdəki Sumbat rolu M.Avşarova tapşırılır. O, bu rolun öhdəsindən layiqincə gəlir. Bundan sonra Ülvi Rəcəblə Muxtar Avşarov arasında xoş münasibət yaradır.
1933-cü ildə Muxtar Avşarov sənət məktəbini bitirərək Gəncəyə qayıdır və dəmiryolunda çilingər işləməklə bərabər, həm də dəmiryolçuların mədəniyyət evində aktyor kimi fəaliyyətini davam etdirir. Hətta Həbib Ismayılov və Rza Sarabski kimi rejissorların hazırladıqları bir neçə tamaşada baş rolların ifaçısı da olur. 1936-cı ildə Moskvaya iki aylıq mədəni-maarif kursuna göndərilən Muxtar Avşarov oranı bitirdikdən sonra Gəncə Mədəniyyət evində kütləvi işçi vəzifəsində işləməyə başlayır. Bir müddətdən sonra onu Gəncə Dövlət Dram Teatrına dəvət edirlər. Həmin teatrın səhnəsində Muxtar Avşarov C.Məmədquluzadənin “Ölülər” əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxır. Daha sonra S.Vurğunun “Vaqif” pyesində Zülfüqar, C.Cabbarlının “Nəsrəddin şah”, “Yaşar”, “1905-ci ildə”, “Almaz” əsərləri ilə səhnəyə çıxır.
Mehdi Məmmədovla birgə başlanan uğur
Böyük Vətən müharibəsi başlanandan üç gün sonra M.Avşarov ictimai yerlərdə Gəncənin adının dəyişdirilərək Kirovabad qoyulmasına və Gəncə Teatrına Beriyanın adının verilməsinə etiraz etməsi ittihamı ilə həbs olunmuş və 5 il həbsdə yatmağa məcbur olmuşdur.
1945-ci ildə Sovet Ittifaqı tərkibində olan respublikaların teatrlarının bütövlükdə rus klassiklərinin əsərlərini öz repertuarlarına salmaları haqda sərəncam verilir. Akademik Dram Teatrı və C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı Qoqolun “Müfəttiş” komediyası ilə Ümumittifaq müsabiqəsində iştirak edirlər. Gəncədə həmin dövrdə rejissor işləyən Mehdi Məmmədov M.Avşarovun istedadını, həmçinin həbsdə olduğunu nəzərə alıb onunla fərdi qaydada Xlestakov rolunun məşqlərinə başlayır. Ümumittifaq müsabiqəsinin Moskvadan gələn heyəti Azərbaycanda da ayrı-ayrı teatrlarda tamaşalara baxdıqdan sonra Gəncəyə gələrək tamaşanı qəbul edir və əsas rolun ifaçısı M.Avşarovun aktyorluq məharətinə yüksək qiymət verirlər.
Tamaşaçılar tərəfindən sevildiyinə, neçə il həbsxanada qalıb, ən nəhayət, bəraət aldığına görə, onun şəhərdə nüfuzu daha da artır və bu hal NKVD tərəfindən çox narahatlıqla qarşılanır və o, işdən kənarlaşdırılır. Lakin 1953-cü ildə Stalinin ölümü və ölkədə yaranan böyük canlanma M.Avşarovun da həyatına təsir edir və o, yenidən C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına qayıdır. O zaman S.S.Axundovun “Eşq və intiqam” əsərinin tamaşasında əsas rollardan birini oynayan M.Avşarov Gəncə tamaşaçılarının sevimlisinə çevrilir. Bu teatrdakı nailiyyətlərə çıxışına görə o, 1960-cı ildə Respublikanın əməkdar artisti fəxri adına layiq görülür.
Muxtar Avşarov C.Cabbarlı adına Gəncə Dram Teatrının səhnəsində yüzdən artıq tamaşada oynamışdı. 1968-ci ildə Gəncəyə gələn Akademik Dram Teatrının bədii rəhbəri və rejissoru Tofiq Kazımov Muxtar Avşarovu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət etmişdir.
Böyük sənətə həsr olunan ömür
Həmin vaxt “Azərbaycanfilm” kinostudiyasının direktoru işləyən Adil Isgəndərov M.Avşarovun filmlərə çəkilməsinə kömək edir. Bu illərdə kinostudiyada Ismayıl Şıxlının “Dəli Kür” filminin çəkilişləri başlayır və M.Avşarova da həmin filmdə rol həvalə edilir.
Bu roldakı uğurlu ifasına görə az sonra ona “Atları yəhərləyin” filmində Iran kəndxudası rolu həvalə edilir və bu rolda da M.Avşarov xarakterik bir aktyor oyunu göstərir.
M.Avşarov 1989-cu ildə Dram Teatrından azad edilir. 1992-ci ildə isə Xalq artisti Amaliya Pənahovanın dəvəti ilə “Bakı Bələdiyyə Teatrı”nda fəaliyyətə başlayır və qocaman aktyor M.Avşarovu həmin teatra dəvət edir. Teatrda işlədiyi müddətdə “Nadir şah” (N.Nərimanov), “Dönüş” (C.Cabbarlı) və bir çox tamaşalarda maraqlı, rəngarəng obrazlar yaradır. 1996-cı ildə Mədəniyyət Fondu nəzdində “Sönməyən ulduzlar” teatrı fəaliyyətə başlayır və bu teatrda rejissor işləyən Məmədkamal Kazımov M.Avşarovu həmin teatra dəvət edir. “Solğun çiçəklər” (C.Cabbarlı) pyesindəki Əbdül əmi rolu ona həvalə olunur. Hər kəsə qarşı olduqca səmimi olan ağsaqqal-nurani insanın gözlərində görmə qabiliyyəti zəifləyir. Belə ağır vaxtlarda yenə də onu yeni rollara dəvət edirdilər. Görkəmli kinorejissor Vaqif Mustafayev onu çəkiliş meydançasına dəvət edir, aktyor yalnız ayaq addımlarını saymaqla filmə çəkilir.
Sənətkarın böyük oğlu, tanınmış rəssam Rza Avşarov atası haqqında öz xatirələrini belə dilə gətirir: “Təbiəti çox sevərdi. Ailədə sərt, ancaq ədalətli və çox sadə idi. Şöhrətpərəst deyildi. Ailəsinə qarşı həddindən artıq qayğıkeş idi. Bunun nəticəsidir ki, övladlarının hamısı ali təhsil alıb və atamızda olan sadəlik, təvəzökarlıq hər birimizə sirayət edib”.
2002-ci ilin dekabr ayında Bakı Bələdiyyə Teatırnın 10 illik yubileyi ilə əlaqədar olaraq Muxtar Avşarov Xalq artisti fəxri adına layiq görülmüşdür.
Görkəmli sənətkar 2004-cü ilin dekabr ayında vəfat etmişdir. Amma onun oynadığı əsərlər və yaratdığı obrazlar bu gün də tamaşaçılar tərəfindən məmnuniyyətlə baxılır və sevilir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir