Tyorborn Yaqland: «Təəssüf ki, bəzi ölkələrin parlamentlərində hətta gizli vasitələrə əl ataraq yer qazanmaq istəyirlər»
Strasburqda AŞPA-nın qış sessiyası davam edir. Sessiyanın ikinci gün keçirilən plenar iclasında Avropa Şurasının baş katibi Tyorborn Yaqland çıxış edib. Baş katib çıxışında Avropada baş verən problemlərdən, demokratiya və insan haqlarının vəziyyətindən, bu sahələrdə Avropa Şurasının digər beynəlxalq təşkilatlarla daha sıx əməkdaşlığının zərurətindən danışıb.
Baş katib Avropa ölkələrində korrupsiya və böhranların “həyacan doğurucu” olduğunu, lakin bədbinliyə qapılmağa əsas olmadığını bildirib. Yaqland Azərbaycanda Elşad Abdullayevin yaydığı videolarla üzə çıxan “mandat bazarlığına” işarə edən fikirlər səsləndirib: “Təəssüf ki, bəzi ölkələrin parlamentlərində millət vəkilinin toxunulmazlıq hüququndan sui-istifadə edənlər var və bundan daha çox güclü iş adamları istifadə edir. Bəziləri hətta gizli vasitələrə əl ataraq parlamentdə yer qazanmaq istəyirlər”.
Baş katib bəyan edib ki, belə vəziyyətlər ölkələrdə medianı kimlərinsə öz əlində cəmləşdirməsinə, məhkəmələrin bu cür işləri birtərəfli araşdırmasına gətirib çıxarır. Yaqland təəssüflə bildirib ki, Avropa Şurasına üzv ölkələr arasında belə hallara rast gəlinir. O, AŞPA-nın bu kimi hallara qarşı öz səsini ucaltmalı olduğunu qeyd edib (Natiq Güləhmədoğlu, Strasburq).
AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, Yaqlandın bu açıqlaması Azərbaycandakı mandat alverinin sorağının AŞPA-ya qədər gedib çatdığının göstərir: “Belə də olmalı idi. Insanların seçmək hüququna hörmət edilməməsi Konstitusiyanın ən kobud pozuntusudur. Insanların seçib seçilmək hüququnun hökumət tərəfindən satın alınması, bundan qazanc vasitəsi kimi istifadə edilməsi sivil normalara tam ziddir. Ona görə də bu gün Azərbaycanda çox ciddi şəkildə müzakirə olunan bu məsələlər beynəlxalq səviyyədə ictimailəşdi. Azərbaycan hakimiyyəti bu cür beynəlxalq qınaqlardan sonra konkret tədbirlər görməyə məhkumdur. Amma eyni zamanda, beynəlxalq təşkilatlar da öz mandatları çərçivəsində təzyiqlərini artırmalı, sanksiyalarını gücləndirməlidilər”.