Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevaya məxsus olduğu iddia edilən yanmış meyitin tapılmasının üç ili tamam olur. Lakin bu cinayətlə bağlı müəmmalar davam edir.
İl yarım çəkən istintaq, ardınca da il yarımdan çoxdur davam edən məhkəmə prosesləri açıq qalan suallara cavab vermək əvəzinə, bu cinayətlə bağlı cavabsız sualların sayını daha da artırıb.
Uşağın qan qrupu ilə meyitin qan qrupu fərqlidir
Məsələn, məlum olub ki, azyaşlı Nərminin şəxsiyyət vəsiqəsindəki qan qrupu ilə tapılan meyitin qan qrupu fərqlidir. Hətta bu ziddiyyətə aydınlıq gətirmək üçün azyaşlını oğurlayıb öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili Tovuz rayon Mərkəzi Xəstəxanasına sorğu göndərib, Nərminin qan qrupunuyla bağlı cavab alıb. Xəstəxana vəkilin sorğusuna cavabında da şəxsiyyət vəsiqəsində göstərilən cavabı yazıb.
Zərərçəkənlər belə, yanvarın 6-da tutulduğunu deyir, prokurorluq isə 10-da…
Cinayət işinin materiallarında Süleymanovun meyit tapılandan 4 gün sonra – 2020-ci il yanvarın 10-da tutulduğu yazılıb. Lakin məhkəmədə Süleymanovun özü də, hətta Nərminin valideynləri və başqa qohumları, bütün kənd sakinləri də bildirdi ki, İlkin yanvarın 6-dan tutulub. Süleymanov bildirir ki, 4 gün ərzində fiziki və psixoloji işgəncələr veriblər. Yanvarın 9-dan 10-na keçən gecə artıq işgəncələrə tab gətirə bilməyib, törətmədiyi cinayəti üzərinə götürməyə razılıq verib.
Meyitin üstündən çıxmayan paltar və parça ekspertin əlinə necə gedib düşüb?
Məhkəmədə ortaya çıxan cavabsız suallardan biri də paltarlarla bağlı oldu. Necə olur ki, bədən kömürləşmə həddində yanır, amma bədəndəki paltar yanmır? İkincisi, hadisə yerindən tapılmayan paltarları (məsələn, cins şalvar) ekspertizaya kim aparıb təqdim edib ki, ekspert də həmin həmin paltarlarda Süleymanovun paltarına aid lif tapılması haqda rəy verib? O cins şalvar hardan çıxıb?
Yaxud da ittiham aktında iddia olunur ki, İlkin Süleymanov azyaşlı qızın başına daşla vurub, qanın kənara axmaması üçün qırmızı əski parçası ilə bağlayıb. Hadisə yerindən tapılan paltarlar, əşyalar protokolda əksini tapıb. Onların arasında qırmızı əski haqda da heç nə yoxdur. Amma sonradan ekspertizaya cins şalvar kimi, qırmızı əski parçası da gəlib çıxıb. Onun necə gəlib çıxması isə məlum deyil.
Üstəlik, istintaq belə bir nəticəyə gəlib ki, həmin əski parçası ilə Süleymanovun bacısının evindəki yorğanların üzləri eyni materialdandır.
Süleymanovun vəkilləri isə deyir ki, bu yalandır. Onların sözlərinə görə, cinayət işindəki fotoşəkillərə bir neçə saniyə baxıb, həmin foto ilə yorğanların üzünü müqayisə eləmək kifayətdir ki, onların fərqli olduğunu görəsən. Süleymanovun anası da bildirir ki, qızına cehizlik verəndə yorğan üzlərini hazır alıb. Yəni onlar parça şəklində alınıb tikilməyib ki, bir hissəsi evlərində qalmış olsun, indi də oğlu İlkin həmin parçadan istifadə edə bilsin.
İlkin Süleymanov porno materiallara müstəntiqlə birlikdə baxırdı?
Süleymanova qarşı sübutlardan biri də onun telefonuyla bağlı ekspert rəyidir. Ekspertiza onun telefonunda tutulmamışdan əvvəl bir sıra cizgi filmlərinə, erotik video və fotolara baxılması barədə rəy verib. Məhkəmədə aydın olub ki, ekspert rəyinə əsasən, Süleymanovun çılpaq qadın fotosuna baxdığı iddia olunduğu vaxtla (8 yanvar 2020-ci il, səhər saat 10.00 radələrində) onun Nərmin işi üzrə birinci dəfə rəsmi qaydada şahid qismində müstəntiq tərəfindən dindirildiyi vaxt üst-üstə düşür. Yəni həmin vaxt sənədlərə əsasən, Süleymanov müstəntiqin qarşısında olub. O, həmin görüntülərə baxa bilməzdi. Özü də deyir ki, yanvarın 6-dan saxlanılıb və o vaxtdan da telefonu əlindən alınıb, polislərdə olub. Onun sözlərinə görə, telefonuna müdaxilə edilib və saxta sübutlar yaradılıb.
Azyaşlını oğurlayıb öldürməkdə təqsirləndirilən şəxsin atası İbrahim Süleymanov prezident, birinci vitse-prezident də daxil olmaqla, müxtəlif dövlət orqanlarına məktub göndərib. Məktubunda bu işdəki ziddiyyətləri sadalayan Süleymanov oğlunun üç ildir ki, heç bir cinayət törətmədiyi halda, həbsdə saxlandığını vurğulayıb.
“Məktubda qeyd etdiklərimiz bu cinayət işindəki saxtakarlıqların yalnız bir hissəsidir. Bu cinayət işi demək olar, başdan-ayağa saxtakarlıqlarla müşahidə olunur. Bu saxtakarlıqlar addımbaşı aydın şəkildə sezilir. Bu, haqsızlığın ərşə çəkilməsi anıdı…”, – Süleymanov yazır.
Zərərçəkmiş tərəf – azyaşlı Nərminin atası Şərif Quliyev isə deyir ki, o, hüquq-mühafizə orqanlarının fəaliyyətinə inanır.
“Polis, prokurorluq bu işin istintaqını aparıb. Onlar deyir ki, bu işi İlkin Süleymanov eləyib. Mən dövlətimə də, onun orqanlarına da inanıram, güvənirəm”, – Quliyev məhkəmə iclaslarından birindən sonra belə demişdi.
Yaddaş
2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.
Azyaşlını oğurlayıb qətlə yetirməkdə ittiham olunan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.
Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun işgəncə şikayətilə bağlı ölkə daxilində hüquqi müdafiə vasitələri tükəndiyinə görə Avropa Məhkəməsinə şikayət göndərilib.
İlkin Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Aytən, Azadliq.info