“Qanuna dəyişikliklə mitinqdə iştirak edənlərin maddi durumunu ağırlaşdırmaq istəyirlər. Yəni insanı çörəklə sınağa çəkirlər”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 12 yanvarda Bakıda əsgər ölümlü ilə bağlı keçirilən aksiyada saxlanan şəxslərə kəsilən cərimələrin məbləğinin yüksək olmasına münasibət bildirərkən deyib ki, cərimə sanksiyalarının tətbiqi icazəsiz mitinqlərdən və piketlərdən sonra baş verən həbslərin qarşısını almış oldu. “Bu dəyişikliklərdən sonra qanun əvvəlkindən daha mütərəqqidir, daha humanistdir”, – deyə o, bildirib.
Tanınmış vəkil Aslan İsmayılov komitə sədrinin dediklərinə münasibət bildirib. “Azadlıq”a göndərdiyi yazılı münasibətdə vəkil qeyd edib ki, Ə.Hüseynli öz izahatında qeyri-səmimidir:
“Əli Hüseynli bilməmiş deyil ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi Ədalətlilik prinsipini elan edir, yəni inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsində nəzərdə tutulmuş Toplantıların təşkili və keçirilməsi qaydasının pozulmasına görə fiziki şəxslər 1500 AZN-dən 3000 AZN-dək miqdarda cərimə edilir, vəzifəli şəxslər 3000 AZN-dən 6000 AZN-dək miqdarda, hüquqi şəxslər 15000 AZN-dən 30000 AZN-dək miqdarda cərimə edilir. Qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə 300 AZN-dən 600 AZN-dək miqdarda cərimə edilir. İndi isə Azərbaycan qanunvericilərinin ədalətini görmək üçün göstərilən maddədən 2 say yuxarı, yaxud geriyə olan maddə, 296-ya nəzər yetirək. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə 50 AZN-dən 100 AZN-dək miqdarda cərimə edilir. Daha ağır hərəkətə görə 10 dəfədən az cərimə. Mitinqlərdə iştiraka gərə nəzərdə tutulan cəza AR Cinayət Məcəlləsində nəzərdə tutulan bir çox cinayətlərdə nəzərdə tutulan cəzalardan da ağırdır. AR CM-nin 151-ci maddəsində nəzərdə tutulan – əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etməyə görə 500 AZN-dən 1000 AZN-dək miqdarda cərimə, 153-cü maddədə isə təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə 500 AZN-dən 1000 AZN-dək miqdarda cərimə nəzərdə tutulur. Deməli, qanuna edilmiş dəyişiklik heç də mitinqdə iştirak edənləri həbs etməmək məqsədi daşımır, sadəcə orada iştirak edənlərin maddi durumunun onsuz da ağır olduğunu bildiklərindən daha da ağır duruma salmaq istəyirlər. Yəni hər addımda insanı çörəklə sınağa çəkirlər. Bunun isə yaxşı heç nə vəd etmədiyinə əminəm.
P.S. AR CM-nin bütün növ seçki saxtakarlıqları nəzərdə tutan cinayətlərə görə 100 AZN-dən 500 AZN-dək cərimə nəzərdə tutması isə edilmiş dəyişikliyin siyasi məqsəd güdməsinə şübhə yeri qoymur”.