Hakimiyyət mitinq ola biləcəyindən təşvişə düşüb
Axşam saatlarında məlum olub ki, polis şöbəsində saxlanılan Alim Əliyevlə Elman Mirzəyev də sərbəst buraxılıb.
Eyni zamanda o da bəlli olub ki, daha üç nəfər polis bölməsinə çağrılaraq sorğu-sual edilib. Rayondan aldığımız məlumata görə, hər üç şəxs bir saatdan sonra buraxılıb. Bundan əlavə rayonun Azadkənd, Qaratəpə kəndlərinin də bir neçə sakinini polis bölməsinə çağrıb dindiriblər.
Qeyd edək ki, ötən gün axşam saat 8 radələrində Sabirabad rayon mərkəzindəki çayxanadan iki aktivist – Tofiq Zeynallı və Zaur Ağayevi yerli polisin cinayət axtarış şöbəsinin əməkdaşları həbs edərək aparıblar.
Adı çəkilənlər polis bölməsində bir saata yaxın saxlanılıblar.
***
Mitinq qorxusu və həbslər
Bu gün Sabirabadda polis səhər saatlarından 4 rayon sakinini saxlayaraq polis şöbəsinə aparıb. Onlardan ikisi AXCP Sabirabad şöbəsinin fəalları Alim Əliyev və Elman Mirzəyevdir. Onlar səhər saat 9-dan yerli polisdə saxlanılır. Saxlanılanlara qarşı psixoloji təzyiq var.
Bu barədə “Azadlıq”a az əvvəl şöbədən buraxılan AXCP-nin başqa bir yerli fəalı Sahib Rustəmli məlumat verib. Onun sözlərinə görə, yerli polis əhalinin aksiyaya başlamasından əndişəlidir.
Polislər AXCP üzvlərini mitinq hazırlığı aparmaqda ittiham edərək hədələyiblər.
Polis rəisi Aqil Vəliyev Sahib Rüstəmliyə bildirib ki, rayondakı vəziyyət şəxsən daxili işlər naziri Ramil Usubovun diqqətindədir. Nazir rayonla bağlı bir sıra tapışırıqlar verib. Rayona Çevik Polis Alayının 80 nəfərə yaxın heyəti də göndərilib.
Saxlanılanlardan və sonra sərbəst buraxılanlardan biri də AXCP Sabirabad şöbəsinin sədri Sətdar Şahlarovdur. S.Şahlarovdan aldığımız məlumata görə, onunla şöbədə polis rəisi A.Vəliyev təxminən yarın saatlıq mitinq hazırlığı ilə bağlı söhbət aparıb. S.Şahlarovun dediyinə görə, polis rəisi yerli cəbhəçiləri gizli mitinq hazırlığı aparmaqda ittiham edib. S.Şahlarov isə heç bir gizli iş görmədiklərini, mitinq elan etməkdən də çəkinmədiklərini polis rəisinin diqqətinə çatdırıb və bildirib ki, hazırda hər hansı mitinq hazırlığı aparmırlar.
S.Şahlarov əməkdaşımıza bildirib ki, hazırda rayonda sosial problemlərlə əlaqədar kütləvi etiraz əhval-ruhiyəsi var. Yerli sakinlər problemlərinin həlli üçün aksiyalar keçirmək istəyirlər. Polisi təşvişə salan da məhz budur.
***
Mərkəzi Aranda mitinq təşvişi
Dünən axşam saat 8 radələrində Sabirabad rayon mərkəzindəki çayxanadan iki aktivist – Tofiq Zeynallı və Zaur Ağayevi yerli polisin cinayət axtarış şöbəsinin əməkdaşları həbs edərək aparıblar.
Adı çəkilənlər polis bölməsində bir saata yaxın saxlanılıblar. Azad olandan sonra Zaur Ağayev “Azadlıq”a başlarına gətirilənlər haqda danışıb: “Bizi heç bir səbəb göstərmədən şöbəyə apardılar. Orda bildirdilər ki, guya rayonda mitinq hazırlığı ilə məşğuluq. Camaatı hakimiyyətə qarşı qaldırırıq. Bunu inkar edəndə cibimdə axtarış apardılar və ordan Cavad kənd sakinlərinin işıq problemi ilə bağlı məktubu çıxdı. Bu, şikayət məktubu idi, mən Saatlıda ”Hüquqi yardım mərkəzi”ndə çalışıram. Buna görə də əhali mənə də müraciət etmişdi ki, sayğaclara görə “Azərenerji” işçiləri onlara saxta yolla yüksək cərimələr yazıblar. Cavad sakinləri yazmışdı ki, bu hallara son qoyulmasa, Icra Hakimiyyəti qarşısında etiraz aksiyalarına başlayacaqlar. Bu aksiyaları Prezident Administrasiyasının qarşısına qədər davam etdirəcəklər”.
Z.Ağayevin sözlərinə görə, məktubu oxuduqdan sonra polis rəisi Aqil Vəliyev onları hədələyib: “Mənə dedi ki, dinc oturmasanız, bir şey tapıb ataram sizi içəri. Buna etiraz edəndə o, ”bir şapalaq ilişdirərərm divara yapışarsan” dedi”.
Şikayət məktubu alınandan sonra saxlananlar xəbərdarlıq edilərək sərbəst buraxılıblar.
Saxlanan Tofiq Zeynallı (T.Zeynallı AXCP Sabirabad şöbəsində sədr müavinidir) isə “Azadlıq”a bildirib ki, həbslər hakimiyyətin daxili narahatlığı ilə bağlıdır: “Vəziyyətin ağır olduğunu hakimiyyət çox yaxşı anlayır. Onlar əmindirlər ki, Tunisdəki kimi bir qığılcım sonlarını gətirəcək. Sabirabadda selə qədər və seldən sonra da vəziyyət hədsiz ağırdır. Insanlar sosial fəlakət yaşayır. Bu günlərdə internetdə yayılmış ”rayonda mitinq olacaq” xəbəri polisin qulağına çatıb və onlar bunun təşkilatçısı kimi bizləri hədəfləyiblər. Bu cür hərəkətlərlə insanlarda qorxu yaratmaq istəyirlər”.
Natiq