«Biz Elvin Əsgərovun döyülərək öldürülməsi ilə bağlı video çəkilişlərin olduğunu bilirik…»
“Polis əməkdaşları tərəfindən döyülərək öldürülən Elvin Əsgərovla bağlı cinayət işinin istintaqında yenilik yoxdur” – bu sözləri hüquq müdafiəçisi Vidadi Isgəndərli deyir. Onun sözlərinə göər, Baş Prokurorluğun yaydığı məlumatda təzadlı fikirlər var: “Istintaq gedə-gedə hələ ölümün səbəbi müəyyən edilmədən Baş Prokurorluq məlumat yayır ki, Elvin Əsgərov yıxılıb və xəsarət alaraq ölüb. Sonra isə bəyanat yayaraq bildirirlər ki, E.Əsgərovun bədənindəki xəsarətlərin ağırlıq dərəcəsinin və törənmə mexanizminin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb və digər müvafiq ekspertizalar təyin edilib. Bununla prokurorluq özünü təkzib edir. Eyni zamanda ölüm işi faktiki olaraq ört-basdır edilir”.
Hüquq müdafiəçisi deyir ki, ilkin məlumatlarda DIN Elvin Əsgərovun kustar üsulla hazırlanan bıçaqla polislərə xəsarət yetirdiyi barədə məlumat yaymışdı: “Baş Prokurorluq isə bildirir ki, açılıb-qatlanan, yəni zavod üsulu ilə hazırlanmış bıçağı hadisə yerindən tapıblar. Hesab edirəm ki, bu məlumatlar DIN-lə Baş Prokurorluğun cinayəti gizlətməyə çalışdığını ortaya qoyur. Biz cinayət işini Milli Təhlükəsizlik Nazirliyinin aparmasını tələb edəcəyik. Insan hüquqları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib onları məlumatlandıracağıq. Çalışacağıq ki, ölüm hadisəsi ört-basdır edilsə, beynəlxalq təşkilatlardan, xarici ölkələrdən məhkəmə tibbi-ekspertizası gəlsin”.
V.Isgəndərli deyir ki, Elvin Əsgərovun bədənində çoxlu dubinka izləri var. Hüquq müdafiəçisi Elvin Əsgərovun xəstəxanada deyil, elə polis bölməsində öldüyünü deyir: “Bizdə olan məlumata görə, polislərin onu döyməsi ilə bağlı çəkilişlər olub. Mən və onun anası Roza Rəfiyeva həmin şəxslərdən xahiş edirik ki, çəkdiklərini internetdə yerləşdirsinlər. Onun dostlarından da döyülüb, əli sınan və bədənin müxtəlif hissələrindən xəsarət alanlar olub. Polisin təzyiqi ilə onlar xəstəxanadan tez çıxarılıb, onlar hazırda evdə yatır. Burada bir qanunsuzluğa da diqqət çəkim ki, çevik polis alayının əməkdaşları post-patrulların vəzifəsinə müdaxilə edib, Elvin Əsgərovu döyərək öldürüblər. Əgər Elvin cinayətkardırsa, onu döyməyə ehtiyac yoxdur, qanunla onu məsuliyyətə cəlb etmək olardı”.
E.Əsgərovun anası Roza Rəfiyeva da bizimlə söhbətində oğlunun ölümü ilə bağlı heç bir yeniliyin olmadığını dedi: “Konkret olaraq kimsə bizimlə maraqlanmır. Hər yerə özümüz şikayət edirik. Dediklərinə görə, məsələ ədalətli həll olunacaq”.
Ramin DEKO