“Sualıma cavab verin, cənab general”
“Yerdəkiləri bilmirəm, əminəm ki, Tanrım o ananın fəryadını eşitdi!”
Tanınmış vəkil Aslan İsmayılov “Azadlıq”ın üzə çıxardığı son əsgər ölümü faktına münasibət bildirib. Vəkil qəzetimizin elektron poçtuna göndərdiyi məktubda yazır:
“Mətbuatdan öyrəndiyim faciə və ona reaksiyalar məni dəhşətə gətirdi. 18 yaşlı gənc həlak olub – bu bir faciə, 3 ayın əsgəri – bu ikinci faciə, ailənin tək uşağı – üçüncü faciə, uşaq vaxtından atasını itirmiş – dördüncü faciə və tək anası tərəfindən böyüdülmüş – beşinci faciə…
Anası uşağının xəsarətlərlə dolu meyitinin şəkillərini mətbuatda yayır və fəryad qoparır, imdad diləyir. Yerdəkiləri bilmirəm, əminəm ki, Tanrım bu fəryadı eşitdi!
Yox, yerdəkilər əvvəl əsgərin “ürək çatışmazlığından dünyasını dəyişdiyini” qeyd etdi. Sonra isə “yeni islahatçılar” dalğasından olan Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilən general-leytenant Məhərrəm Əliyev bildirdi ki: “Əsgərin xidmət etdiyi ərazi dağlıq zona olub. Burada müxtəlif versiyalar ola bilər. Ancaq hər şey başladılan cinayət işinin nəticəsində bilinəcək. Heç kimin şübhəsi olmasın ki, məsələyə ədalətli yanaşılacaq”.
MƏN İSƏ SİZƏ İNANMIRAM, MƏHƏRRƏM ƏLİYEV VƏ ARTIQ ŞÜBHƏLƏNDİM.
Necə olur ki, bəyanatınızda dağlıq zonanı vurğulayırsınız, ayaq yeri qoyursunuz ki, ürək çatışmamazlığından huşunu itirib dağdan yuvarlanıb və xəsarətlər alıb. Onda uzun illər hüquq mühafizə sistemində işləmiş bir şəxs kimi sualıma cavab verin, cənab general. ÜRƏK XƏSTƏSİ OLAN UŞAĞI HƏRBİ XİDMƏTƏ, ÖZÜ DƏ DAĞLIQ ZONAYA HANSI ƏSASLARLA APARIBLAR?! AXI AĞIR ÜRƏK XƏSTƏSİ OLANLAR HƏRBİ XİDMƏTDƏN AZADDIRLAR – NAZİR, OLİQARX BALALARI YOX!
P.S. Əsgər ölümlərinə etiraz hər birimizin borcudur və burada mən siyasət görmürəm. Baş verənlər bu dəqiqələrdə yeyib içənlərin ailəsində və çal-çağırlara saatlar ayırıb, bu məlumata dəqiqə ayırmayan TV sahiblərinin də evində baş verə bilər!”