Məmmədhəsən əmi çuxasının qoymadığı cibindən tapmadığı pulları götürüb üz tutdu bazara tərəf. Bir xeyli getmişdi ki, gördü bazar od tutub yanır. Eşşək də bundan agah olub yavaşıdı və aram-aram gedib bazarın qapısına çatdılar. Məmmədhəsən əmi eşşəyi xeyli aralıdakı dayanacaqda saxlayıb arvadın yeddi arxa dönəninə söyə-söyə içəri girdi. Alverin şirin yerində arvadı niyə söydüyünü xatırlamaq istəyirdi ki, göyərtisatanlardan irişə-irişə pul yığan kiçik qaynı gözünə sataşdı. O saatca da öz-özünə “əccəb eləyib söymüşəm tünbətünün qızını” deyib üzünü yana çevirdi. Amma sırtılmış bazar adamı bu hərəkəti görməzdən gəlib şüvənliklə Məmmədhəsən əmini qucaqladı:
– Ay xoş gəlmisən, nə var, nə yox, salamatlıqdırmı, Zeynəb bacım nətərdi, a yeznə? Özünü idarə eləyə bilirmi?
– Özünü nədi, bütöv qonum-qonşunu, qohum-əqrəbanı idarə edir, vaxtı olsa hələ hökumətə, deputatxanaya da əl yetirər… Nədən ki, toxumunuz zirəkdi sizin…
Pulyığan yeznənin qırımını görüb gəldiyi kimi yanpörtü buxarlandı…
Məmmədhəsən əmi əlini yandıra-yandıra aldıqlarını xurcuna yığıb bazarın qapısından çıxırdı ki, döşündə “Gilan”ın emblemi olan qapıçı qarşısını kəsib otuz qəpik istədi.
– Xeyirdimi a bala, bu bazburut hara, otuz qəpik hara?
– Yerpuludu, eşşəyi dayanacaqda saxladığınıza görə.
– Bala, mənim atam da, atamın atası da burda doğulub. Eşşəyimin atası, atasının atası da. Indi nədən biz evimizin içində torpaqbasdı verməliyik? Bir də nə bilirsən ki, eşşəyi harda saxlamışam?
Gilan adamı birinci sualın üstündən keçib qısa kəsdi:
– Eşşəyinizin kamera görüntüləri var.
Məmmədhəsən əmi bir şey anlamasa da çar-naçar qapıçıya otuz qərik verib dayanacağa gəldi. Amma ha tərəfə boylandı, heyvandan əsər-əlamət tapa bilmədi. Bu zaman qolunda qırmızı əski olan bir oğlan ona yaxınlaşıb, “boşuna axtarmayın, sizin eşşəyinizi şöbəyə aparıblar”, dedi. Məmmədhəsən əmi o saatca barmağını dişlədi: “qapıdakı gədə deyirdi axı, eşşəyin kameradadı, yəqin yiyəsi ölmüşümü təkadamlıq kameraya salıblar, ürəyi partlayır orda”… Və həyəcandan, qəzəbdən dili tutula-tutula oğlanın yaxasına əl atdı:
– Neyləmisiz ə, mənim eşşəyimə?
Oğlan çəlimsiz yaşlı kişinin birdən belə qəzəblənməyindən karıxan kimi oldu:
– Biz heç nə, ay əmi, əksinə sənin eşşəyin elədi elədiyini…
– Hövsələdən çıxartma adamı bala, neylədi axı?
– Neyləyəcək daha. Burda bir dəstə vəzifəli adam dayanmışdı, sənin eşşəyin birdən anqıra-anqıra cumdu üstlərinə.
Məmmədhəsən əmi necə qəhqəhə çəkdisə, cavan dik atılıb onun qolundan tutdu:
– Yavaş a dayı, niyə gülürsən?
– Gülməyim neyləyim a bala, eşitməmisən bəs eşşək anqırar tayın tapar? Nə isə, di, mənim eşşəyimi verin gedim işimin-gücümün dalınca.
Oğlan Məmmədhəsən əmini şöbəyə gətirib qapıdakı polisə məsələni anlatdı. Növbətçi polis kabinetlərin birinə girib xeyli ləngiyəndən sonra onu səslədi:
– A dayı, gəl görək…
Məmmədhəsən əmi dəhlizə açılan bahalı qapılara baxa-baxa fikirləşdi ki, sağ olsunlar balam, eşşəyi yaxşı yerdə saxlayıblar. Qapı üzünə açılanda isə gördü içəridə eşşək-zad yoxdu, amma pəncərənin qənşərində qəşəng gözləri olan bir adam dayanıb. Həmin qəşəng gözlü adamın əynində polis paltarı yoxdu. Adicənə kostyum var. Bu işdən ürəklənib Məmmədhəsən əmi salam verdi. Kabinetin yiyəsi bir balaca tərpənib salamı aldı və ona oturmağa yer göstərdi. Sonra bir siqaret yandırıb Məmmədhəsən əmiyə müraciət etdi:
– Mənim adım Ismayıl müəllimdi, bilirəm sən də Məmədhəsən əmisən və bura da eşşəyə görə gəlmisən.
Məmmədhəsən əmi üzrxahlıqla dilləndi:
– Elədi, dərdin alım, bizim çər dəymişi bura gətiriblər. Verin aparım, tənbehi nədirsə, evdə özüm eləyərəm.
Ismayıl müəllim ona yaxınlaşıb pıçıldadı:
– Məsələ belədir ki, eşşək burda yoxdu.
Məmmədhəsən əmi eyni tövrlə dedi:
– Bildim a bala, ağlınıza bağlayıblar yəqin eşşəyi. Izin ver, yerini göstərsinlər. Sonra da varıb gedək, evdə uşaqlar yavanlıqsız qaldılar.
Ismayıl müəllim fağır-fağır ona baxan adamı mülayimcəsinə başa salmağa çalışdı:
– Məmmədhəsən əmi, yox eyy, eşşəyi Xudayar müəllim turistlərə konsert verməyə gələn artist xanıma bağışladı. Sizin üçün də bu əmanəti qoyub, buna nəinki eşşək, hətta təzəcənə bir “Jiquli” də ala bilərsiniz…
Elə bunu demişdi ki, Məmmədhəsən əmi yerindən qalxıb çölü-bayırı göstərən ekrana necə ilişdirdisə, aparat param-parça oldu və sonra da üzünü tutdu Ismayıl müəllimə:
– Nə əmanət, nə Xudayar bəy ə? Mən eşşəyimin bircə tükünü min artistə-turistə dəyişmərəm.
Təpik və yumruqların havada oynadığı şirin yerdəcə yüngül xəsarət alan Zeynəb oyanıb necə çığırdısa, Məmmədhəsən əmi ondan da bərk çığırıb yerində oturdu:
– Eşşək hanı az?
Zeynəb qorxa-qorxa cavab verdi:
– Tövlədədi a kişi, vallah axşam özüm salmışam. Nolub ki?
Məmmədhəsən əmi divara çırpılan qıçını ovxalaya-ovxalaya:
– Yuxuda görürəm eşşəyi şöbəyə aparıblar, deyə alçaq səslə zarıldadı. – Bu allahsız Xudayar müəllim də onu bağışlayıb göbəyi açıqlara…
– A kişi, oralarda eşşək azdı ki, bizimkini aparırdılar? – deyib Zeynəb qəfil pıqqıldadı. Məmmədhəsən əmi mənalı-mənalı gülümsəyib:
– Çoxdu arvad, amma oraların eşşəkləri bizimkilər kimi avam deyillər… – dedi.