«Partiyalar, QHT-lər və ziyalılılar bu koalisiyada geniş təmsil olunmalıdır»
Ötən həftə bəyanatla çıxış edən Dünyəvi Bozqurd Partiyası qarşıdakı prezident seçkilərinin demokratik sistemə keçid və bu rejimdən qurtuluş ili olacağını bildirmişdi. Və rejimə qarşı mübarizədə hər hansı yanlış siyasətin ölkəni fəlakətli vəziyyətə gətirib çıxaracağını bəyan etmişdi.
Partiya təklif etmişdi ki, seçkilərin demokratik keçirilməsi üçün rejimə qarşı olan bütün müxalifət qurumlarının birliyinə nail olunmalıdır. Azərbaycan müxalifətinin birliyinə nail olacaq şəxs kimi də AXCP sədri Əli Kərimlini göstərərək onun cəmiyyət tərəfindən qəbul edilən yeganə lider olduğunu, hamının onun ətrafında birəşməli olduğunu bildirmişdi.
Partiya hesab edir ki, Ə.Kərimlinin liderliyi ilə formalaşan demokratik güc mərkəzi yaradılmalı, bu mərkəz Azərbaycan xalqını bu cinayətkar hakimiyyətdən xilas etmək və demokratik sistemə keçidi təmin etmək üçün real fəaliyyətə başlamalıdır.
Dünyəvi Bozqurd Partiyasının sədri Şakir Ulubəy deyir ki, hazırda əsas prioritetləri seçkiqabağı demokratik mühitin yaradılmasıdır: “AXCP sədri Əli Kərimlinin bu istiqamətdəki mövqeyi ilə tanış olmuşuq. Mövqeyimiz, məqsədlərimiz təxminən eynidir. Əli Kərimlinin tutduğu mövqeni daha məqsədəuyğun sayırıq. Biz də hesab edirik ilk növbədə demokratik seçki mühiti və müxalifətin geniş koalisiyası yaradılmalıdır. Əli Kərimli bu koalisiyasını yaratmaq və ona rəhbərlik etmək üçün özünü təsdiq edib. Mən bu koalisiyanın yaranma məsuliyyətinin onun üzərində olduğunu düşünürəm. Hesab edirəm ki, Əli Kərimli bu təşəbbüsün reallaşmasına səy göstərməli, bu koalisiyada siyasi partiyalar, QHT-lər, ziyalılılar və ictimai fəallar geniş şəkildə təmsil olunmalıdır”.