Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı məşhur rüşvət videosu ilə bağlı işdə vacib şahid olan və dekabrın 26-da İstanbulda müəmmalı şəkildə dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov yeni açıqlamalar verib. O, “Azpolitika.info”ya müsahibəsində həm istintaqa ifadə verməsindən danışıb, həm də anasının ölümü ilə bağlı əlavə məlumatlar səsləndirib.
Onun ilk açıqlamasından sonra keçmiş deputat Gülər Əhmədovanın onu belə danışmağa guya Elşad Abdullayevin ttəhrik etdiyi barədə suala cavabınnda Ayxan Məmmədov bildirib ki, heç kimin təhriki ilə daanışmır, keçmiş deputatın elə deməsində məqsəd isə diqqəti özündən yayndırmaqdır:
“Elşad Abdullayev rektor olan vaxtlarda onunla əlaqəmiz olub. Ancaq hazırda Elşad Abdullayevlə heç bir əlaqəm yoxdur. Bu açıqlamalarımın arxasında da nəyinsə və ya kiminsə durduğunu axtarmaq lazım deyil. Mənim yeganə bir məqsədim var – anamın qanını yerdə qoymamaq! Anam heç kimi satmadı! Gülər Əhmədovaya inanaraq Türkiyəyə getdi.
Gülər Əhmədova diqqəti özündən yayındırmaq üçün belə danışır. Hər şeyi danmağa çalışır. Əgər anamı Türkiyəyə o aparmamışdısa, mən sual edirəm: niyə ölümündən bir neçə gün əvvəl onun əri Fikrət Əhmədov aparıb Türkiyədə anama pul verirdi?”.
Ayxan Məmmədov dəqiqləşdirici sualın qarşılığında Fikrət Əhmədovun Türkiyədə anası ilə şəxsən görüşdüyünü vurğulayıb.
Məmmədov deyib ki, istintaqa ifadəsində bütün bildiklərini və anasının ona söylədiklərini danışıb:
“Bildiklərimin, anamın mənə söylədiklərinin hamısını onlara danışdım. Anam bildirmişdi ki, Elşadın pulunu “atıblar”… Həmçinin anamı Gülər Əhmədovanın Türkiyəyə necə qaçırdığını da danışdım. Biz xalamla birlikdə Türkiyəyə gedərkən, orada bizi Gülərin adamları qarşılamışdı”.
Sevinc Babayevanın Türkiyəyə gedişi və orada Məryəm Solmaz adına saxta şəxsiyyət vəsiqəsi daşıdığı ilə bağlı məlumatlara münasibət bildirən Ayxan Məmmədov deyib ki, anası Bakıdan birbaşa İstanbula, Atatürk hava limanına uçub. Türkiyədə də hər hansı saxta şəxsiyyət vəsiqəsi olmayıb.
“Anamın saxta pasportu olsaydı, Türkiyədə həkimə gedərdi. Türkiyədə xəstəni pasportsuz xəstəxanaya qəbul etmirlər. Bir dəfə “Cərrahpaşa” xəstəxanasına gedib, həkimin azərbaycanlı olmasına baxmayaraq, pasportu olmadığından anamı müayinə etməyiblər. “Məryəm Solmaz” adını ona Gülər Əhmədovagil qoymuşdular. Orada onun adamları anamı belə çağırırdılar”, – deyə o, qeyd edib.
“Mən hər şeyi bilirəm” deyən Məmmədov daha sonra bunları əlavə edib:
“Məni bu gün əsas maraqlandıran anamın ölümüdür. Anamın ölümündə də günahkar Gülər Əhmədovadır. Onu Türkiyəyə o aparmışdı. Demişdi ki, get, bir-neçə gün qal, hər şey yaxşı olacaq. Mən xalamla orda olarkən də, onlar “skayp”la danışırdılar. Gülər deyirdi ki, narahat olma, hər şey yaxşı olacaq. Ramiz Mehdiyevlə danışmışam, qayıdacaqsan Azərbaycana, sənə təzə iş də verəcəklər… Gülər deyirdi ki, mən 100 min pul verib özümə ev dustaqlığı aldım. Nənəmə, xalama deyirdi ki, hər şeyimi əlimdən alıblar. Bəs niyə o, ev dustaqlığından anama da almırdı, ölkədən qaçırırdı?! Mən öyrənmişəm ki, yalan deyir, heç nəyini almayıblar. Əri Fikrət Əhmədovun restoranı var, indi də fəaliyyətdədir”.
Türkiyədə Sevinc Babayevanın əlyazmaları ilə tanış olduğu haqda əvvəl dediklərini təsdiqləyən Ayxan Məmmədov anasının Gülər Əhmədovadan kömək istədiyini bildirib:
“Gülər Əhmədovaya yazırdı ki, mənə kömək elə… İndi Gülər Əhmədova deyir ki, anamın ona yazdığı mesajlar var. O mesajlarda nə olacaq ki? Yazırdı ki, kömək elə də. Sonra video çıxardıblar ortaya. O videoların hamısı quramadır, Gülər Əhmədovanın planlarıdır. Anam axır vaxtlar nə etdiyini bilmirdi. Gülər bilirdi ki, belə videolar yayılacaq. Ona görə də qabaqlayıcı addım kimi, bu işləri görürdü, anamdan da istifadə edirdi. O videoda anamın yanında oturan da Gülərin vəkilidir”.
Anasını Gülər Əhmədovanın zəhərlədiyi iddiası ilə bağlı suala Ayxan Məmmədov belə cavab verib ki, bu, iddia deyil, faktdır.
“Anam özü deyib ki, məni Gülər Əhmədova zəhərləyib! Mən hardan bilirəm ki, gedib birlikdə çörək yeyiblər, saçlarını düzəltdiriblər?! Anamla Gülər Əhmədova bu hadisələrə qədər neçə il idi danışmırdılar. Çünki Gülər Əhmədova bizim çörəyimizə bais olmuşdu. Bizim Elşad Abdullayevlə heç bir problemimiz yox idi, hamısını Gülər Əhmədova elədi”, – deyə o bildirib.