İqtidar düşərgəsində sabiq rektorun tələbləri ilə bağlı gərgin müzakirələr gedir
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev “Azadlıq”a müsahibəsində maraqlı bir fikir işlədib.
“Əlimdə elə videolar var ki, yaysam xalq ağacları kökündən qoparıb bunları qabağına qatar”, – deyə sabiq rektor bildirib. Elşad Abdullayevin bu fikri səsləndirməsi təsadüfi deyil. Sabiq rektor bununla nümayiş etdirib ki, o qardaşı Mahir Abdullayevlə və rüşvət videosu ilə bağlı məsələnin hüquqi həllini tapmasında israr edir. Əks təqdirdə Elşad Abdullayev əlində olan sensasion videoları yayımalaya və bununla Azərbaycan hakimiyyətinə sarsıdıcı zərbələr vura bilər. Bu baxımdan Azərbaycan hakimiyyətinin həm Mahir Abdullayev, həm də rüşvət videosu ilə bağlı məsələnin ört-basdır etməyə heç bir şansı yoxdur.
“Azadlıq”a daxil olan məlumatlarda bildirilir ki, hakimiyyət nə edəcəyini bilmir. Çünki hər iki məsələnin açılması səs-küylü həbslərlə nəticələnəcək ki, bu da iqtidarın maraqlarına uyğun deyil. Hər iki cinayəti ört-basdır etmək isə Elşad Abdullayevin “video hücumunu” daha da sərtləşdirəcək. Iqtidar düşərgəsində vəziyyətdən çıxmaq üçün gərgin müzakirələr aparılsa da, hələ ki, konkret nəticəyə gəlmək mümkün deyil.