“Sevinc Babayevanın ölümü müəmmalıdır” başlıqlı xəbər və rəylər ölkə mətbuatını, sosial şəbəkələri haqlı olaraq işğal edib. Haqlı olaraq. Çünki doğrudan da müəmmalıdır bu ölüm. Hətta Fəzail Ağamalı bu ölüm haqda şübhələrə qarşı çıxa bilməyib, sadəcə onu ölkəni qarışdırmaq istəyən xarici qüvvələrin törədə biləcəyi bir müəmma kimi təqdim edib…
Ana Türkmənistan Partiyasının sədrinin çıxışını oxuyanda o çıxış özü də mənə müəmmalı göründü. Görürsünüzmü, bizim aydan arı, sudan duru, Vətən dərdini çəkməkdən belləri əyilən, ölkəyə xidmət üçün bir qarnı ac, bir qarnı tox gecə-gündüz çalışan iqtidarımıza xarici qüvvələr təxribat törətmək istəyir. Işə baxın hələ, onlar bu saf komandanı Sevinc Babayevanın ölümü ilə ləkələmək istəyirlər. Görəsən niyə? Çox müəmmalıdır!
Deyəsən bu adamlar ölkənin axırına çıxmamış əl çəkən deyillər. Son nəfəslərinədək, bizim son nəfəsimizədək bu ölkəyə ziyan vurmaqda israrlıdırlar. Həm də necə!
Məzəniz olsun! Özünüzü bilməməzliyə vurursunuz. Amma bilməyən də yoxdur. Hər kəs yaxşıca anlayır ki, təkcə Sevinc Babayevanın ölümü yox, bütünlüklə ölkənin taleyi müəmmalıdır. Hara gedirik biz? Nə gözləyir bizi? Mayya təqvimi də bir şey demir bu haqda, Tibet Lamaları da anlamır bunu.
Bir az dərinə getsək, əslində Sevinc Babayevanın ölümü xeyli aydın müəmmadır, videolarda çox şey var bu haqda. Onun susması kimə sərfəlidir? Amma ölümü bir yana qalsın, hələ onun həyatını bir anlığa göz önünə alın. Adam görün nə işlə məşğul idi? Deputat mandatının alveri üçün bir çemodan pulu öz maşınındaca Prezident Administrasiyasına aparırdı. Əcəb müəmmalı işlər idi. Məşhur videolarda bütün Azərbaycan dinlədi onu. Danışığı insanın təfəkkürünü dərhal açır, bax, həmin danışığın sahibi alim adı daşıyırdı. Məgər müəmmalı deyildi?
Azərbaycanda müəmmalı olmayan nə var görəsən?
Bu ölkəni idarə edənləri göz önünə alın. Haradan bunlar zəngin oldu bu qədər? Bəlkə müəmmalı, şübhəli deyil?
Hansı sahədə aydınlıq var? Harada müəmma, qaranlıq, şübhələr yoxdur?
Müəmmalı sığorta
“Demokratiya fundamental dəyərlər sistemi kimi müasir Azərbaycanda dövlət idarəçiliyinin, ictimai həyat normalarının və vətəndaş cəmiyyətinin əsas prinsiplərinə çevrilib”. Bu gözəl cümləni Prezident Administrasiyanın şöbə müdiri Əli Həsənov YAP-ın saytına müsahibəsində deyib. Bilirəm ki, inanmırsınız, sizə müəmmalı gəlir bu. Yəqin heç YAP-çılar da inanmır onlardan kiminsə bu sözü deməsinə. Amma bu sözləri doğrudan da deyib Əli Həsənov. Indi qalır bizim həyatın əsas prinsiplərinə çevrilən o fundamental demokratik dəyərləri axtarıb tapmaq. Bu da qaranlıq məsələdir.
“HEÇ BIR ÖLKƏDƏ QANUN JURNALISTI VƏ YA HÜQUQ MÜDAFIƏÇISINI CINAYƏTDƏN SIĞORTALAMIR”. Bu sözləri də Əli Həsənov deyib. Bəs deputat yerini 2 milyona satanlar niyə sığortalanıb cinayətdən? Ilham Əliyev bir dəfə aydınca dedi ki, beynəlxalq qurumlar ondan vətəndaşlara qarşı amansızlıq edən polis işçilərinin cəzalandırılmasını tələb edib, amma o buna getməyib. Kim sığortalayıb o polisləri?
Kim sığortalayıb bizim ölkəni talayanları? Dünən rüşvət yuvası olan universitetlərin birində 12 müəllim işdən çıxarılıb. Bəzi hallarda rüşvətə görə müəllimlərdən həbs edilənlər də olur. Hərdən həkimlərdən də həbs edilənlər olur. Amma rüşvəti milyon-milyon alanlar bizə mənəviyyat dərsi keçirlər.
Bax, nəhayət ki, müəmmalı olmayan bir məsələ tapdıq. Oğru elə bağırır ki, doğrunun bağrı çatlasın.