Əliyev xalqı və dünyanı yenə aldatdı; Cəbhəçilər həbsxana qarşısından “əliboş” qayıtdı
Müxalifət liderləri son əfvi yarımçıq saydı, siyasi məhbus probleminin birdəfəlik həllini tələb etdi
Ilham Əliyevin ötən gün imzaladığı sərəncamla 79 məhbus cəzanın çəkilməmiş hissəsindən, 4 məhbus islah işləri cəzasından, başqa 4 məhbus isə cərimə cəzasından azad olundular.
79 məhbusun arasında vicdan və siyasi məhbuslar vardı. Belə ki, əfv olunan şəxslərdən 13-nün adı Avropa Şurası Parlament Assambleyası siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin siyahısında yer alır. Onların içərisində AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli, hüquq müdafiəçiləri Vidadi Isgəndərli, Taleh Xasməmmədov, jurnalistlər Anar Bayramlı, Aydın Canıyev də var. Bundan başqa, 13 məhbusun sırasında Şəmsi Abdullayev, Azər Cəbiyev, Məmmədəli Əliyev, Məmməd Əsgərov, Ceyhun Fərzullayev, Fəxri Ilyasov, Zaur Iskəndərov və Ilqar Musayev də var.
Xəbəri eşidən kimi iki vicdan məhbusunun və bir neçə siyasi məhbusun cəza çəkdiyi Qaradağ rayonu 14 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısına getdik.
Biz ora çatanda artıq AXCP rəhbərliyində təmsil olunan şəxslərin bir çoxu orada idi. AXCP Ali Məclisinin sədri Həsən Kərimov, AXCP sədrinin müavini Gözəl Bayramlı, sədrin köməkçisi Faiq Əmirli, Rəyasət Heyətinin üzvləri Eldar Hüseynov, Nemət Əliyev, AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı, partiyanın fəalları Ramiz Kamal, Nihad Hüseyn və onlarla başqa şəxslər müəssisənin qarşısındakı şlaqbaumun önünü kəsdirmişdilər. Ərazinin mühafizə xidmətinin işçiləri qələbəliyi görüb cəbhəçilərə yaxınlaşdılar.
Görünür, axşam saat 21 radələrində onların gəlişinin məqsədi həqiqətən ona maraqlıydı. Işin nədənini öyrənəndən sonra ratsiya ilə “yuxarı”larla əlaqə saxladı. Yenidən cəbhəçilərə yaxınlaşan mühafizəçi Şahin Həsənli və Vidadi Isgəndərlinin bu gecə buraxılmayacağını söylədi: “Bu vaxtı Cəzaçəkmə Müəssisəsində heç kim olmur. Arxasınca gəldiyiniz məhbuslar sabah saat 10-dan sonra buraxılacaq. Siz gedin, sabah gələrsiniz”.
Havanın soyuq olmasına baxmayaraq cəbhəçilər inadkarlıq edib, geri qayıtmırdılar, bu da mühafizəçinin qanını dondururdu: “Siz getməlisiniz ki, mən ratsiya ilə məruzə edim”.
AXCP üzvləri mübahisə etmədən bir az kənarda dayandılar. Ancaq bu da ərazidə olanları qane etmədi. Onlar dolayısıyla Qaradağı tərk etməyi bizə söyləyirdilər: “Çıxın gedin, bu soyuqda niyə qalmısınız? Onsuz da sabah buraxılacaq”.
Cəbhəçilər ərazidən bir qədər uzaqlaşdılar. Onlar Cəzaçəkmə Müəssisəsindən təxminən 1 kilometr aralıda Şahin Həsənli ilə Vidadi Isgəndərlinin yolunu səbirsizliklə gözləyirdilər. Zaman ötdükcə, əqrəblər dekabrın 27-nə doğru hərəkət etdikcə havanın temperaturu da aşağı düşürdü. Şaxtalı hava isə heç kimi yolundan döndərə bilməzdi. Təxminən gecə saat 2-yə qədər biz orada keşik çəkərək vicdan məhbuslarının çıxacağı anı gözlədik. Ancaq onlardan soraq yox idi. Çarəsiz qalıb redaksiyaya yollandıq. Ancaq AXCP fəalları təxminən səhər saat 4:00-a qədər orada qaldılar. Yalnız bu saatın tamamından sonra geri qayıtdılar. Onlar bir neçə saatdan sonra yenidən həmin ünvana qayıdacaqdılar…
Gecə saat 2 olmasına baxmayaraq AXCP sədri Əli Kərimli də əqidə yoldaşlarından – Şahin Həsənli, Vidadi Isgəndərli və digər məhbuslardan xəbər gözləyirdi.
Fürsətdən yararlanıb Ilham Əliyevin yarımçıq əfvi ilə bağlı Əli bəyin də mövqeyini öyrəndik. AXCP sədri istər Şahin Həsənlinin, istər Vidadi Isgəndərlinin, istərsə də digər məhbusların azadlığa çıxması sevincini onların ailələrilə bölüşdüyünü dedi: “Ancaq təəssüf edirəm ki, problem tam həll olunmadı. Avropa Şurasının siyahısında olan 70 nəfərdən 13 siyasi məhbus azad olundu. Bu da onu göstərir ki, ölkədə siyasi məhbuslarla bağlı siyasət davam edir. Bu siyasətin mahiyyəti odur ki, siyasi fəallar həbs olunur, siyasi məhbusların siyahısı artırılır, beynəlxalq təşkilatların təzyiqləri gücləndikcə azad olunurlar. Boş qalan yerlər üçün yeniləri həbs olunur. Bu proses illərdir davam edir. Azərbaycan cəmiyyəti, beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyətindən siyasi məhbus problemini tam olaraq həll etməyi tələb etməlidir”.
Müsavat başqanı Isa Qəmbər musavat.com saytına açıqlamasında bunu hakimiyyətin həmişəki əfv siyasəti kimi qiymətləndirib: “Yenə də mübarizə dostlarımızın bir neçəsini azadlığa buraxdılar, amma önəmli hissəsi həbsdə qaldı. Dostlarımızın azadlığına sevinirəm və ailələrinə gözaydınlığı verirəm. Həbsdə qalanlara isə möhkəm olmağı arzulayıram, onların yanındayıq və birgə mübarizəmizlə onların da azadlığını nail olmağa səylərimizi artıracağıq. Biz həbsdə qalan digər siyasi məhbusların azadlığa çıxmasını tələb edirik. Bu, xalqın, Ictimai Palatanın, o cümlədən beynəlxalq birliyin tələbidir. Bilirsiniz ki, yanvar ayında AŞ PA-da Azərbaycanla bağlı hesabat təqdim olunacaq. O vaxta qədər bütün siyasi və vicdan məhbusları azad olunmalıdır”.
Ramin DEKO