Elşad Abdullayevi qəbul etməyi Ramiz Mehdiyevdən kim xahiş etmişdi? Niyə Ramiz Mehdiyev “nüfuzlu şəxs” deyə xarakterizə etdiyi adamın adının açıqlanmasını Elşad Abdullayevin üstünə atdı? Elşad Abdullayev bu sualı hansı səbəbdən cavabsız buraxdı?
Ötən yazımızda bu yöndə suallar ünvanladıq və “nüfuzlu şəxsin” kimliyinin araşdırılmasının bəzi məsələlərə aydınlıq gətirəcəyini qeyd etdik. Və reaksiyalar da aldıq.
Sosial şəbəkədə müzakirəyə qoşulan dostlarımız Ramiz Mehdiyevdən qəbul xahişini edən nüfuzlu şəxsin spiker Oqtay Əsədov olduğunda israr edir. Yəni Elşad Abdullayevin o vaxt Binəqədi rayonunun icra başçısı olan Alı Qocayevlə çox isti münasibətləri olub; Alı Qocayev öz qudası Oqtay Əsədovdan xahiş edib və beləliklə, Elşad Abdullayev Ramiz Mehdiyevin qəbuluna düşə bilib.
Maraqlı versiyadır, ancaq əminliklə söylənilən bu informasiyanın həqiqətə söykəndiyi sual altındadır. Ona görə ki, 2005-cü il seçkilərində Oqtay Əsədov siyasi arenada “heç kim” idi: “Azərsu” ASC-nin sədri, seçkilərə qatılan və siyasi iddiaları olan Oqtay Əsədov seçki həngaməsinin qızğın vaxtında taleyini həll edəsi adamlardan biri kimi Ramiz Mehdiyevdən kiminsə xahişini edərdimi?
E.Abdullayevin dediyi “Ramiz Mehdiyevin qohumu Fikrət Əliyev” məsələsində də müəmma yaranır: Fikrət Əliyev Ramiz Mehdiyevin kürəkəni Ilham Əliyevin qardaşıdır. 2005-ci ildə Ramiz Mehdiyev öz kürəkəninin qardaşını ABU-nu ələ keçirmək üçün ora təyin etdirmək riskini göstərə bilməzdi. Çünki ABU-ya həmin dönəmdə prezident Ilham Əliyevin əmisi Aqil Əliyev himayədarlıq edirdi.
Məhz bu fakt da Ramiz Mehdiyevin açıqlamasındakı dolaşıqlığı – növbəti müəmmanı – doğurur. PA rəhbəri bildirir ki, “nüfuzlu şəxsin” xahişi ilə qəbul etdiyi Elşad Abdullayev ondan universitet məsələsini xahiş edib. 2005-ci ildə prezidentin əmisinin himayədarlıq etdiyi ABU-nun hansı problemi vardı ki, Elşad Abdullayev onu Ramiz Mehdiyevdən xahiş edirdi? Hər hansı problem vardısa, onu niyə Aqil Əliyev özü həll etməməli idi?
Xatırladaq ki, Aqil Əliyev 2006-cı il mart ayının 8-də rəhmətə gedib; onun ölümündən əvvəl himayədarlıq etdiyi universitetin – yəni əmlakının – bölüşdürülməsinə cəhd edildiyini düşünmək üçün heç bir əsas yoxdur.
Ona görə də yalnız bir ehtimal üzərində diqqəti cəmləmək lazım gəlir: Elşad Abdullayevin 2005-ci ildə Ramiz Mehdiyevin qəbuluna düşməsinin yeganə səbəbi deputatlıq ola bilərdi.
Bu baxımdan, Elşad Abdullayevin söylədikləri həqiqətdən soraq verir. O ki qaldı bazarlaşmaya, “Media Nyus” qəzetinin parlament müxbirliyindən Nazirlər Kabinetinə, oradan isə Prezident yanında Dövlət Idarəçilik Akademiyasına işə düzələn YAP üzvü Sevinc Babayevanın nəinki Gülər Əhmədova, birbaşa Mehdiyevin özü ilə münasibətlərinin olması normal qəbul edilməlidir. Çünki Dövlət Idarəçilik Akademiyası Ramiz Mehdiyevin birbaşa nəzarəti altındadır.
Görüşün təşkilatçısına – xahişçisinə gəldikdə isə, “nüfuzlu şəxsin” kimliyi ilə bağlı ən çox ehtimal olunan – Aqil Əliyevdir. Ötən yazımızda Mehdiyevin həmin “nüfuzlu şəxsə” eyham vurmasını Gülər Əhmədovanın “ağzımı açdırmayın” bəyanat-hədəsindən mahiyyətcə fərqlənmədiyini bildirmişdik və həmin fikri təkzibləmək niyyətində deyilik. “Aqil Əliyevin xahişi ilə qəbul etdim” alibisi ən yaxşı çıxış yoludur.
Görünür, Elşad Abdullayev bəzi tarixi dəqiqləşdirmələr aparmalı və illəri, ayları, günləri yerinə qoymalıdır: Fikrət Əliyevin prorektor təyinatı yalnız Aqil Əliyevin ölümündən sonra – 2006-cı ilin ikinci yarısında ola bilərdi. Bu təyinat Mehdiyevin istəyi ilə gerçəkləşib, yoxsa Elşad Abdullayev Aqil Əliyevdən sonra “ölənin bölüşdürülən malı” uğrunda mübarizədə özünə yeni himayədar tapmaq üçün PA rəhbərinin qohumundan istifadə etməyə çalışıb?
E.Abdullayev Fikrət Əliyevin prorektor təyinatına Təhsil Nazirliyinin razılıq verməməsini – elmi dərəcəsi olmadığına görə – bildirir. Ramiz Mehdiyevin razılığı vardısa və özünün dediyi kimi, “universitet məsələsi” müzakirə olunmuşdusa, Misir Mərdanov hansı cəsarətlə PA rəhbərinin yaxın qohumunu “elmi dərəcə” bəhanəsi ilə prorektor təyinatından məhrum edə bilərdi? Hətta elmi dərəcə maneəsi vardısa, Ali Attestasiya Komissiyası – Arif Mehdiyev – bu “problemi” dərhal aradan qaldıra bilməzdimi? – necə ki, Elşad Abdullayevin plagiat elmi işinə 2003-cü ildə “doktorluq”, 3 ildən sonra isə “professor” adını ərmağan etmişdi.
Fikrət Əliyevin sonradan işdən uzaqlaşdırılmasının əsl səbəbinin isə Elşad Abdullayevin dediyi kimi olduğuna şübhə yoxdur: R.Mehdiyevin “adamı” universitetə birbaşa sahiblənmək istəyib, E.Abdullayev isə nəzərdə tutmadığı bu plandan və himayə cəhdindən imtina edib.
Bütün hallarda Elşad Abdullayevin “nüfuzlu şəxsin” adını açıqlamasına və hadisələri ardıcıllığı ilə danışmasına böyük ehtiyac var.