“Həbsimin əsl səbəbi bəllidir… Bu hakimiyyət gedəcək, sizlər cavab verməli olacaqsınız”
2 il 6 ay azadlıqdan məhrum edilən gənc fəal hakimə ləyaqət dərsi verdi
Gənc fəal, Müsavat partiyasının üzvü Nigar Yaqublunun məhkəməsi başa çatdı. Dünən Abşeron Rayon Məhkəməsində hakim Ilham Kərimlinin elan etdiyi hökmə əsasən, Nigar Yaqublu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay azadlıqdan məhrum edildi.
Amma hökm elan olunmamışdan əvvəl Nigarın vəkilləri müdafiə nitqilə çıxış etdilər. Müdafiəçilərdən Nemət Kərimli Nigarın barəsində bəraət hökmü çıxarılmasını istədi.
Vəkil Elton Quliyev isə məhkəmənin yarımçıq aparıldığını qeyd edərək, belə bir vəziyyətdə prosesi yekunlaşdırmağın mümkünsüz olduğunu bildirdi. Məhkəmələrin müstəqil olmadığını və bu səbəbdən əvvəlcədən bu məhkəmədən də obyektivlik, ədalət gözləmədiyini deyən vəkilin sözlərinə görə, bu cinayət işi başdan-ayağa saxta sənədlərdən ibarətdir: “Hesab edirəm ki, məhkəmə bu cür yarımçıq şəkildə yekunlaşa bilməz, məhkəmə istintaqı davam etdirilməlidir. Bu cinayət işində bircə dənə salamat sənəd yoxdur. Hətta Mozambikdə belə, hakim bu cinayət işinin indiki vəziyyətilə Nigarın barəsində bəraət hökmü çıxarardı. Amma bura Azərbaycandır…”
Elton Quliyevin məhkəmə istintaqının davam etdirilməsi haqda vəsatəti təmin olunmadı.
Digər vəkil Adil Ismayılov da məhkəmə prosesinin əvvəlcədən gözlənildiyi kimi, qeyri-obyektiv, ədalətsiz keçirildiyini vurğuladı: “Bu məhkəmədə çıxış eləmək həm çətindir, həm də asan. Ona görə asandır ki, qanunlar bizim tərəfimizdədir. Bu cinayət işində bir dənə düz-əməlli sənəd yoxdur. Çətindir, ona görə ki, məhkəmə qanunlara hörmət qoymur”.
Azərbaycanda indiyə qədər məntəqə tipli cəzaçəkmə müəssisələrində bircə qadının da saxlanılmadığını deyən vəkilin sözlərinə görə, hətta Nigarın barəsində ittiham hökmü çıxarılsa və cəzanın məhz bu rejimdə çəkilməsi tələb olunsa belə, yenə də həbs-qətimkan tədbiri dəyişməlidir. Çünki hökm qüvvəyə minənə qədər o, istintaq təcridxanasında saxlanılmaqda davam edəcək ki, bu şərait də ona verilən rejimdən qat-qat ağırdır.
Müdafiəçi bildirib ki, əgər məhkəmə Nigarın barəsində mütləq ittiham hökmü çıxarmaqda qərarlıdırsa, ən optimal variant ona şərti cəza verilməsi olardı.
Adil Ismayılov çıxışının sonunda hakimə müraciət etdi: “Bu qərarın ağrısı da, sevinci də sizin olacaq. Nəticədən asılı olmayaraq, Nigar artıq bu işi udub. Siz isə bu məhkəmədən alqışla da ayrıla bilərsiz, qarğışla da…”
Nigarın son sözü də çox təsirli olub:
– Aydın əmi mənim günahım üzündən rəhmətə gedibsə, həbsdə olduğum bu 4 ay ərzində nələr çəkdiyimi məndən başqa heç kim bilə bilməz. Daxilən çəkdiklərimin yanında sizin verəcəyiniz cəza heç nədir. Ilk gündən demişəm ki, bu qəzanı mən törətmişəm. Deməmişəm ki, məni məsuliyyətə cəlb eləməyin. Allah heç bir xanıma qoluna qandal vurulmasını, dəmir qapıların zərblə üzünə çırpılmasını göstərməsin… Məni həbs eləməklə fəxr eləməsinlər, güclərini mənim üzərimdə göstərməsinlər. Bu gün mənim həbsdə olmağımın əsl səbəbi bəllidir. Aydın əminin ölümündən məni və ailəmi cəzalandırmaq üçün istifadə elədilər. Fikirləşməyin ki, bu hakimiyyət həmişə qalacaq. Gedəcək, amma sizlər cavab verməli olacaqsınız. Biz həm də ona görə mübarizə aparırdıq ki, ölkədə müstəqil, ədalətli məhkəmələr olsun, siz hakimlər kimlərinsə sifarişilə yox, vicdanla, ləyaqətlə qərar verəsiniz. Bu müddətdə nə hakim, nə də prokuror bircə dəfə də mənim gözümün içinə dik baxa bilmədi. Təəssüf ki, insanlar bir vəzifəyə görə vicdanlarını, ləyaqətlərini ayaqlar altına atırlar…
Hakim:
– Ifadələrinizə fikir verin…
– Siz məhkəməyə, özünüzə hörmət tələb edirsiz, bəs bu hörməti haqq eləmisinizmi? Qərarı ləyaqətlə, vicdanla çıxarırsınızmı? Mən heç nə itirmədim. Ən böyük qazancım isə Adil Ismayılov və Elton Quliyevi tanımağım oldu.
Mən hər şeyi sizin vicdanınıza, şərəfinizə, ləyaqətinizə buraxıram…
Təxminən yarım saatlıq fasilədən sonra hakim Ilham Kərimli Nigar Yaqublunun 2 il 6 ay azadlıqdan məhrum edilməsi haqda hökmü elan etdi.
Aytən Məmmədova