«Fövqlənazir»in qaz təsərrüfatı ilə bağlı açıqlamaları ARDNŞ-də şok effekti yaradıb
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qaz təsərrüfatında aparılan yoxlamalarla bağlı açıqlaması Azərbaycan Dövlət Neft Şirkətində şok effekti yaradıb. Yada salaq ki, Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 7-ci ildönümü münasibətilə keçirilən tədbirdə bu ilin 11 ayı ərzində ölkə ərazisində 15 minədək müəssisədə və 100 mindən artıq yaşayış evində qaz təsərrüfatının müayinədən keçirildiyini bildirmişdi.
Onun sözlərinə görə, nəticədə 1000-dək müəssisənin və 8 mindən artıq yaşayış evinin qaz təsərrüfatında yanğın təhlükəsizliyi sahəsində nöqsanlar aşkar edilib. Aşkar olunmuş nöqsanların aradan qaldırılması və təxirəsalınmaz tədbirlər görülməsi üçün yerli qaz istismar idarələrinə məktublar ünvanlanıb.
“Azadlıq” yazmışdı ki, Kəmaləddin Heydərovun bu məsələni qabartması təsadüfi deyil. Hələ bir müddət əvvəl Rövnəq Abdullayev yeni tikilən binalara qaz verilməsi məsələsini qaldırmışdı. Bu Kəmaləddin Heydərova ciddi zərbə idi. Məsələ burasındadır ki, yeni tikilən binaların əksəriyyəti dövlət qeydiyyatına alınmayıb. Elə bu səbəbdən də həmin binalara qaz verilmir. Binaların qeydiyyat məsələsi isə Kəmaləddin Heydərovla həll edilməlidir. Lakin “fövqəlnazir”in şərtləri ağır olduğundan sahibkarlar bu məsələni açıq saxlayıblar. Rövnəq Abdullayevin təklifi reallaşcağı təqdirdə, yəni həmin binalara qaz verilərsə, o zaman qeydiyyat məsələsi avtomatik həllini tapacaq ki, bu da Kəmaləddin Heydərovun əlindən xeyli vəsaitin çıxması demək olacaq.
Kəmaləddin Heydərov bununla razılaşa bilməz. Bu baxımdan hər fürsətdə Rövnəq Abdullayevi “vurmağa” çalışır. Son açıqlamalarda məqsəd ARDNŞ prezidentinin fəaliyyətinin yarıtmaz olduğunu ortaya qoymaqla təklifinin reallaşmasının qarşısını almaqdır.
Əldə etdiyimiz məlumatlara görə, “fövqəlnazir”in açıqlamaları ARDNŞ-də belə dəyərləndirilir. Məlumatda bildirilir ki, Rövnəq Abdullayev Kəmaləddin Heydərovun bu çıxışını cavabsız qoymaq istəmir. Çünki “fövqəlnazir”in məqsədli şəkildə bu açıqlamaları verməklə ona zərbə vurduğunu düşünür. Gözlənilir ki, yaxın vaxtlarda Rövnəq Abdullayev və ətrafı da Kəmaləddin Heydərova hansısa sürprizlər edəcək.
Azad