İctimai fəal Bəxtiyar Hacıyev
❗️ Bu gün Bakı Şəhər Baş Polis İdarəsində rəhbərlik səviyyəsində kifayət qədər ciddi şəkildə təhdid edilmişəm.
Baş Polis İdarəsinə bir cinayət işi ilə bağlı şahid qismində dəvət edilsəm də, İdarənin rəis müavini, polkovnik Vüqar Ələkbərov məni otağına dəvət edərək Vilayət Eyvazov haqqında yazdığım son postdakı “Vilayət” müraciəti və “başa düşürmü, qanırmı?” ifadələrinə görə çox sərt şəkildə təhdid etdi.
Bildirdi ki, buna görə onun ətrafından bir çoxları poqonlarını çıxara bilər və mənim başıma elə oyunlar gətirə bilərər ki, bu həbsdən də betər cəza olar.
Dediyinə görə ətrafındakı bir çox insan ona müraciət edib ki, icazə verin, Bəxtiyar Hacıyevi cəzalandıraq, başına oyun gətirək, o isə buna etiraz edib. Sonra əlavə etdi ki, səni bizə qarşı öyrədən kimlərsə var ki, sabah onlar tərəfindən başına nə isə gəlsə, DİN və Vilayət Eyvazov hədəfdə qala bilər, ona görə də xəbərdarlıq edirəm, nazirə “Vilayət” deyərək müraciət etməyin, “qanırmı” deməyinə görə çox sərt addımlar ola bilər.
Sonra dedi ki, istəsəniz bu barədə yaza da bilərsiniz, ancaq mən sizi təhdid etmirəm, xəbərdarlıq edirəm.
Mən isə ona bildirdim ki, əgər mənə qarşı hansısa addımlar atmaq istəyənlər gəlib onunla məsləhətləşir, ondan icazə istəyirlərsə, doğrudan da başıma nə isə gəlsə, buna görə DİN və Vilayət Eyvazov məsuliyyət daşıyacaq. Kənar qüvvələr nə isə etmək istəyəndə gəlib DİN-dən icazə almırlar.
Nazirə adı ilə xitab etməyimlə bağlı dedim ki, ona 1 il ərzində onlarla dəfə “Hörmətli cənab nazir Vilayət Eyvazov” xitabı ilə etdiyim yazılı və elektron müraciətlərdən biri də olsa araşdırılmayıb və həll edilməyib. (Bu cavabsız və nəticəsiz qalan müraciətlərin siyahısını ayrıca postda yazacam). Dedim varsa həll etdiyiniz bir məsələ, deyin, bilək. “Qanmaq” sözünün Azərbaycan dilinin izahlı lüğətində mənası isə “Anlamaq, başa düşmək” kimi yazılıb. (link şərhdə).
Bildirdim ki, nazirə dəfələrlə normal qaydada müraciət edəndə, aylarla araşdırma aparmayıb, müraciət etdiyim sənədləri mənə verməyib, qarşımı hər tərəfdən kəsib, özlərinin etdikləri bütün qanunsuzluqları ört-basdır edəndə, özləri bizi təhqir və təhdid edəndə, döyəndə, xəsarət yetirəndə özümüzü bu ölkədə küçə adamlarına qarşı da nəyisə sübut edə bilməyəcək qədər çarəsiz hiss etdirəndə özlərinə və onları o kreslolara təyin edən rəhbərliyə qarşı nifrət oyadırlar, dərinləşdirirlər və qarşımızda üç yol qoyurlar:
- Ya özümüzə qəsd etmək,
- Ya kiməsə, yaxud polislərə, yaxud DİN binasına, yaxud DİN-ə hücum etmək
- Ya da etirazımızı verbal qaydada, sərt sözlərlə ifadə etmək.
Vilayət Eyvazov rəhbərlik etdiyi qurumun fəaliyyəti və fəaliyyətsizliyi nəticəsində Bəxtiyar Hacıyevi özünü öldürmə həddinə çatdıracaq qədər özündən çıxarmasından narahat olmur, vətəndaşın “görəsən, Vilayət başa düşür, qanırmı ki…” ifadəsindən narahat olursa, günahı üçüncü tərəflərdə yox, öz qurumunda axtarsın. Vətəndaşın ona “cənab nazir Vilayət müəllim” kimi ifadələrlə etdiyi müraciətləri zamanında qanunda göstərilmiş müddətdə obyektiv, ədalətli araşdırsaydı, bu gün o ifadə də olmayacaqdı.
Vüqar Ələkbərova bundan əvvəl də öz işini düzgün görməyən, vətəndaşları boğaza yığacaq qədər bezdirən hallarda nazirlərə və digər şəxslərə ünvanlanmış daha sərt postların olduğu ekran görüntülərini və linklərini də göndərdim ki, bu münasibətin arxasında qaranlıq nə isə axtarmasınlar, kim vətəndaşı boğaza yığırsa, müraciət forması da ona adekvat olur.
Nəhayət, mən düşünmürəm ki, Vüqar Ələkbərov nazirin icazəsi və xəbəri olmadan mənə “başına oyun açarıq, həbsdən də betər şeylər edərik” və s. məzmunda hədələri səsləndirsin.
Mən inanıram ki, bu hədələr nazirin hədələridir və başıma nə isə gəlsə, bunun məsuliyyəti tam olaraq hörmətli cənab nazir general-polkovnik Vilayət Eyvazovun üzərinə düşəcək.