Keçmiş deputata ittiham elan olunduğu və onun polis nəzarətinə verildiyi bildirilir
Milli Məclisin keçmiş üzvü Gülər Əhmədovanın ötən gün saxlanması ilə bağlı yeni məlumat əldə etmişik. Məlumatda deyilir ki, keçmiş deputat həqiqətən də saxlanılaraq bir neçə saatdan sonra azad edilib. Amma bu, onun tamamən sərbəst buraxılması demək deyil.
Belə ki, məlumatlı mənbəsinin bildirdiyinə görə, Gülər Əhmədovanı deputat mandatından məhrum edən məlum videolara görə qaldırılmış cinayət işinin istintaqını aparan Bakı şəhər prokurorluğu ötən gün axşam onu dindirməyə dəvət edib və ona təqsirləndirilən şəxs qismində ittiham elan olunub. Bundan sonra onun barəsində həbs olmayan qətimkan tədbiri seçilib və keçmiş deputat polis nəzarətinə verilib. Bundan sonra isə o, evə buraxılıb.
Məlumatı prokurorluqla dəqiqləşdirməyə çalışırıq.
Bir neçə saat əvvəl isə Baş Prokurorluğun mətbuat xidməti Gülər Əhmədovanın həbs olunduğu haqda ötən axşam yayılan xəbəri təkzib edib. “Gülər Əhmədovanın həbs edilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan informasiyalar həqiqəti əks etdirmir və təkzib olunur. Hazırda qeyd edilən cinayət işi üzrə zəruri prosessual hərəkətlər həyata keçirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə xidmətin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi açıqlamada bildirilir.
***
Gülər Əhmədovanın sirli həbsi
Keçmiş deputat haqda bir-birini qovan xəbərlər: “Onu saxlayıblar, “Bandotdel”ə aparıblar, 3 saat sonra buraxıblar…”
Keçmiş deputat Gülər Əhmədovanın həbsi ilə bağlı xəbər müəmmaya çevrilir. Belə ki, həbs xəbərini yayan mənbələr sonradan bu xəbərin təsdiqlənmədiyini də bildiriblər.
Məsələn, “Lent.az”ın ilk məlumatında G.Əhmədovanın evində həbs edilərək aparıldığını ailəsindən təsdiqlədikləri bildirilirdi, amma bu məlumat yayılandan təxminən 1 saat sonra əvvəlcə onun qardaşı İlqar Mikayıloğluna istinadla keçmiş deputatın evdə olduğu xəbər verildi, daha sonra isə xəbərə belə bir əlavə olundu:
“Lent.az-ın müxbiri Gülər Əhmədovanın bacısı Gülnar xanımın mobil telefonuna zəng edib. Bacısı keçmiş millət vəkilinin saxlanılmadığını deyib.
Daha sonra G. Əhmədova özü telefonu alıb və saxlanılıb-saxlanmaması barədə suala belə cavab verib: “Mən danışmayacam”.
Bundan sonra o, telefonu qapadıb”.
Eyni zamanda “Haqqın.az” saytı da etibar etdiyi mənbələrə istinadla əvvəlcə G.Əhmədovanın həbs edildiyini, bir qədər sonra isə hətta “Bandotdel”in təcridxanasında saxlandığını, sənədlərinin məhkəməyə hazırlandığını xəbər vermişdi. Lakin bu sayt da sonradan əməkdaşının G.Əhmədova ilə əlaqə saxlaya bildiyini və keçmiş deputatın öz evində olduğunu yazdı. Burada da G.Əhmədovanın ümumiyyətlə saxlanıb-saxlanmadığına aydınlıq gətirməkdən imtina etdiyi bildirilir.
Bununla belə, “Haqqın.az” saytı ən sonda məlumatlı mənbəyə istinadla xəbər verib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları G.Əhmədovanı həqiqətən də saxlayıblar. Ancaq təxminən 3 saatdan sonra sərbəst buraxıblar.
G.Əhmədovanın həbsi barədə ilk məlumat yayan “aznews.az” saytı isə xəbərinə heç bir dəyişiklik etməyib.
***
Dekabrın 17-də Azərbaycan Milli Məclisinin keçmiş üzvü Gülər Əhmədova həbs olunub.
Bu barədə ilk məlumatı “aznews.az” saytı yayıb. Sayt xəbər verib ki, G.Əhmədova ölkəni tərk etmək istəyərkən, Qazax rayonundakı keçid məntəqəsində saxlanılıb.
Keçmiş deputatın ailəsindən “Lent.az”a onun həbs edildiyini təsdiqləyiblər. Lakin bildiriblər ki, o, başqa bir yerdə yox, öz evində həbs olunub. Onu saat 22 radələrində evindən aparıblar.
Həbsin başqa təfərrüatları barədə məlumat verilmir.