Əli Kərimlini öldürmək tapşırığı alan Bəhlul Muradovla bağlı niyə yalan məlumatlar verilib?
AXCP sədri Əli Kərimliyə 2006-cı ildə MTN tərəfindən sui-qəsd planlaşdırılması gündəmin əsas mövzularından olaraq qalır. Xatırladaq ki, MTN-nin bu sui-qəsd planı barədə ictimaiyyətə hazırda 7 saylı ciddi rejimli koloniyada cəza çəkən Bəhlul Muradov məlumat verib.
O, həbsxanadan “Millətim” qəzetinə yazdığı məktubda bildirib ki, 2006-cı ildə Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov ona Əli Kərimlini öldürməyi tapşırıb. Bəhlul Muradovun sözlərinə görə, Təhmasib Novruzov bunu MTN-nin Anti Terror Mərkəzinin rəis müavini Ilqar Əliyevin sifarişilə ona deyib. Bəhlul Muradovun bu məktubu ictimailəşəndən sonra o “kars”a salınıb və yazdıqlarını təkzib edən yeni məktub yayıb.
Bundan başqa hüquq müdafiəçisi Eynulla Fətullayev bu məsələni araşdırarkən ona bildirilib ki, Bəhlul Muradov 2006-cı ilin noyabrın 12-dək həbsxanada olub. Lakin “Azadlıq”ın araşdırmaları zamanı bəlli olub ki, Eynulla Fətullayevə yalan məlumat verilib. Bəhlul Muradov 2006-cı ilin avqustun 2-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. Bundan başqa Təhmasib Novruzov “telegraf.com”a bildirib ki, Bəhlul Muradov 2006-cı ilin iyununda Azadlıq Hərəkatçıları Birliyinə gəlib.
Eynulla Fətullayevə yalan məlumatların verilməsi də göstərir ki, bu işin arxasında birbaşa hakimiyyət dayanır. Sadəcə hakimiyyət Bəhlul Muradovun açıqlamalarından təşvişə düşərək məsələni ört-basdır etmək üçün müxtəlif yalanlar uydurur. Digər tərəfdən ola bilər ki, 2006-cı ilin noyabrın 12-dək Bəhlul Muradovun adı həbsxanada gedib. Lakin özü ona tapşırılan missiyanı yerinə yetirmək üçün azadlıqa buraxılıb. Sifarişli qətllərin icrası üçün həbsxanada olan adamlara müraciət etmək təcrübəsi çoxdan var. Bəhlul Muradovun da belə bir niyyətlə vaxtından əvvəl azadlıqa buraxılması istisna deyil. Sadəcə o, tapşırılan işi yerinə yetirə bilməyib və ya yetirməyib. Ona görə də yenidən başqa ittihamlarla həbsxanaya qaytarılıb.
Azad