Sabiq deputatın həbsinə hazırlıq gedir
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı son videolardan sonra sabiq deputat Gülər Əhmədova YAP-dan çıxarılıb. Bu barədə “Azadlıq”a etibarlı mənbədən məlumat daxil olub.
Məlumatda deyilir ki, Gülər Əhmədovanın qeydiyyatda olduğu YAP BDU şöbəsi dünən yığıncaq keçirərək onu partiya sıralarından çıxarıb. Sabiq deputat həmin yığıncağa çağırılmayıb.
YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev APA-ya açıqlamasında faktı təsdiqləyib.
Xatırladaq ki, “Azadlıq”ın dünənki sayında son videolardan sonra Gülər Əhmədovaya qarşı hücumların olacağını yazmışdıq. Çünki artıq sabiq deputatın “ağzımı açdırmayın” hədəsi əhəmiyyətini itirmiş sayıla bilər. Gülər Əhmədovanın deyə biləcəklərini Elşad Abdullayev son videoları ilə ictimaiyyətə çatdırdı. Bu qalmaqalın əsas fiquru cəmiyyətə nişan verildi: Prezident Admnistrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev.
Dünən əldə etdiyimiz məlumatlarda bildirilir ki, Gülər Əhmədovanın YAP-dan çıxarılması göstərişi də məhz Ramiz Mehdiyevdən gəlib. PA rəhbəri həmçinin onun həbsini tələb edir. Məlumatlara görə, Ramiz Mehdiyevin israrlarından sonra Gülər Əhmədovanın həbs olunması aktuallaşıb və sabiq deputatın həbsinə hazırlıq görülür.
Ramiz Mehdiyevin bu məsələdə dirəniş göstərməsinin səbəbi baş verənlərin ona qarşı təxribat olmasını düşünməsidir. PA rəhbəri fikirlərini Baş Prokurorluğun və PA-nın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun bu videolardan məlumatlı olması və vaxtında tədbir görməmələri ilə əsaslandırır. Ramiz Mehdiyev baş prokuror Zakir Qaralovla Fuad Ələsgərovun da cəzalandırılmasını istəyir.