İyun qiyamı və Qarabağ müharibəsi barədə ilginc faktlar…
“Azadlıqdan Tiranlığa” kitabı 2010-cu ilin sentyabrında çap edildikdən sonra bu nəşrin Azərbaycana girişi qadağan olundu. Buna baxmayaraq, kitab Azərbaycan ictimaiyyətində və Türkiyədə böyük əks-səda doğurdu. Mənimlə bağlı Azərbaycan hakimiyyəti tərəfindən xoş olmayan hədələr və tənqidlər meydana çıxdı. Ayrıca, Azərbaycanda vəzifədə olduğum illərdə yaxşı münasibətlərim olan Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Qabil Hüseynli kimi insanlar iqtidarın təlimatıyla televiziyada və mətbuatda haqqımda yalan və iftira mahiyyətli, mənimlə uzaqdan-yaxından heç bir əlaqəsi olmayan ittihamlar irəli sürdülər. Bunların heç birinə cavab vermədim.
Çünki Azərbaycan ictimai rəyində hörmət edilən siyasətçilər, yazarlar, jurnalistlər onlara layiq olduqları cavabı verdilər. Azərbaycanın bu vətənpərvər, dürüst, şərəfli, qiymətli insanlarına təşəkkür edirəm.
Bu kitabda yer alan sənədlərin heç birinə irad tutulmadı. Hətta özlərini alim, ziyalı, professor adlandıran, pulla saxta tarix yazan adamlar da kitabdakı sənədlərə əks cavab verə bilmədilər. Sadəcə, özlərinə hakimiyyət tərəfindən verilən tapşırığı cəfəngiyyatlar uydurmaqla yerinə yetirməyə çalışdılar. Ancaq kitabda bir yerdə Moskvada bir qrup (sabiq müdafiə naziri Rəhim Qaziyevin də daxil olduğu) hakimiyyət iddialısı azərbaycanlının rusiyalı yüksək vəzifəli siyasilər və generalitetlə Elçibəy iqtidarını necə yıxacaqlarına dair keçirdikləri toplantını ifşa edən sənədə Rəhim Qazıyev etiraz etdi. O, kitab çap olunduqdan sonra dəfələrlə Ankaraya zəng edərək, “Bəy, kitabınızda mənim Moskvadakı toplantıda iştirak etdiyim və xain olduğuma dair sənəd çap etmisiniz. Mən bundan narahatam, qoca kişiyəm, övladlarıma belə bir ləkəni qoyub getmək istəmirəm. Mən xain deyiləm. O sənəd başqaları tərəfindən qərəzlə hazırlanmışdır”, – deyə etirazını bildirdi.
Mən Rəhim Qazıyevi tanımıram, heç vaxt da qarşılaşmamışam. Sadəcə, Azərbaycanda olarkən və daha sonra oxuduğum sənədlərdə onun xüsusilə Elçibəy hakimiyyətinin devrilməsində, qondarma Talış-Muğan Respublikasının qurulmasında rolunun olduğuna dair bilgiləri təsbit etmişəm. Bunlardan sadəcə, Moskva toplantısındakı sənədi çap etdim. Beləliklə, tanımadığım və heç bir qərəzim olmayan Rəhim Qazıyevin “mən uşaqlarıma xain ləkəsini miras qoymaq istəmirəm” deməsindən və sabiq bir dövlət adamı olduğundan təsirləndiyimdən, eyni zamanda, israrla tələb etdiyinə görə onunla danışmağı qəbul etdim. Ayrıca, ona mənim də əlavə suallarımın olacağını dedim. O da məmnuniyyətlə “nə sorsanız, cavab verəcəyəm” dedi.
Dəyərli, oxucular, aşağıdakı dialoqa diqqətinizi çəkmək istəyirəm. Bu dialoq bir daha “Azadlıqdan Tiranlığa” kitabında yazılanların doğruluğunu sübut edir. Bundan başqa, Azərbaycanın hələ yazılmayan 1988-2002-ci illərində olan gerçəklərin və xalqa məlum olmayan olayların üstünü açan sübutlar olduğunu ortaya qoyur.
Beləliklə, Rəhim Qazıyevə mənimlə danışarkən suallarıma çəkinmədən, qorxmadan cavab verdiyi, tiranlığın iç üzünü açıqlayan və özünün də rol aldığı hadisələri açıq-aşkar anlatdığı üçün təşəkkür edirəm. Demək ki, o illərdə, hadisələrin içərisində olan, indi həyatda olan vəzifəli və ya kənarda duran şəxslər (başda hörmət etdiyim Etibar Məmmədov, dəyərli dostlarım, Isa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, Arif Hacılı, Isgəndər Həmidov, Surət Hüseynov, Rəsul Quliyev, Qabil Hüseynli, Heydər Əliyevin mətbuat naziri Sabir Rüstəmxanlı, Sirus Təbrizli, sabiq millət vəkili Yaşar Əliyev, Sülhəddin Əkbər, MTN-in sabiq rəhbəri Namiq Abbasov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Heydər Əliyevin sirr katibi Nariman Imranov (nə yazıq ki, Əliyevin digər iki sirr katibləri – qətllərinin üstü hələ də tam və qəsdən açılmayan Afiyəddin Cəlilov və Şəmsi Rəhimov həyatda deyil)) Azərbaycanın hazırkı və gələcək nəsillərinə ölkənin gerçək tarixini çatdırmaq, saxta yazılan tarixləri zibil qutusuna atdırmaq, Azərbaycanda dünyəvi, çağdaş, demokratik bir hüquqi dövlət qurulmasını, hiylədən, fırıldaqdan, rüşvət və xəyanətdən uzaq, keçmişinə inanan və rəhmət oxuyan, gələcəyinə iddialı bir toplum istəyirlərsə, yaşadıqları və şahid olduqları olayları keçmiş sovet dünyasına örnək olacaq şəkildə və türk dünyasına xidmət edəcək səviyyədə yazsınlar, qorxmadan söyləsinlər, yayımlasınlar. Eynən Rəhim Qazıyevin bizə anlatdıqları kimi…
– Rəhim bəy, kitabımda sizinlə əlaqəli bir neçə məqam var, siz onların nəyinə etiraz edirsiniz?
– Mən kitabdan oxuduğum qədər, siz Azərbaycana 1993-cü ildə gəlmisiniz və mənim fəaliyyətim barədə ondan-bundan eşitmisiniz…
– Mən Azərbaycanda Türkiyə dövlətinin rəsmi vəzifəlisi olmuşam və araşdırmalarım da sənədlər əsasındadır. Yəni, “ondan-bundan eşitdiklərim” deyil… Diqqət yetirmisinizsə, orada sizinlə bağlı iki xırda məqam var. Mən daha çox 1988- 2002-ci illər arasında baş verən hadisələrlə bağlı axtarışlarımı orada əks etdirmişəm. Yəni, bu, sənədli nəşrdir. Sizin kimi vəzifə tutmuş adamlara, arxivlərə, mediaya istinadən yazılıb və içində də heç bir təsadüfi məqam yoxdur…
– Hörmətli Turqut bəy, bu sənədi verən adam, doğrudan da vətəni sevən bir adam idisə, niyə məhkəməmdə ortaya qoyub məni ifşa etmədilər? Belə bir görüş olmayıb. Mən o sənəddə adı çəkilən adamlardan yalnız Ayaz Mütəllibovla görüşmüşəm.
– Mən də onu deyirəm ki, Heydər Əliyevin nümayəndəsi Qurban Xəlilovla Barannikov və Etibar Məmmədov görüş keçirib…
– Bu sənəd Hikmət Hacızadənin Pənah Hüseynin göstərişilə uydurduğu yalandır.
– O zaman Moskvadakı səfir kim idi? Hikmət Hacızadə deyildimi?
– Bəli.
– Bu sənəd 1994-cü ildə Azərbaycan mediasında çap edilib və Etibar Məmmədov da təkzib etməyib. Siz olsaydınız, bu sənədi kitabınıza daxil etməzdiniz? Axı bu, kifayət qədər ciddi sənəddir…
– Olmazdımı ki, siz məni axtarıb tapıb, məndən də bir neçə kəlmə soruşaydınız? Bu, məni dünyaya xain kimi tanıtmaqdır.
– Siz adlarını saydığım adamlarla – Rəsul Quliyev, Heydər Əliyev, Surət Hüseynovla bir neçə dəfə görüşmüsünüz. Özünüz də vəzifədən alınandan sonra onlarla nə edirdiniz? Bu sənədlə bağlı iradınız kitabın ikinci hissəsində yer alacaq…
– Mən görəvdən alınandan sonra sonuncu dəfə aprelin 9-da Soçidə Pənah Hüseynov, Cümşüd Nuriyev, Qraçov və Vazgen Sərkisyanla görüşüm olub. Və bu son olub. Burada yazılanlar qeyri-dəqiq və qərəzlidir. Soçidəki görüşə gəlincə, Pənah Hüseynov mənə zəng edib yalvardı. Mən Moskvaya getdim. Pənah Hüseynov, Abbas Abbasov, mən və Qraçov Soçi görüşünü təyin etdik. Məqsəd də Azərbaycana olan təzyiqləri azaltmaq idi. Qraçov da orada demişdi ki, Rəhim Qazıyev gəlsin, mən də getdim. Amma sizin yazdığınız kitabda mən xəyanətdə ittiham olunuram. Mənim övladlarım var və mən bu ləkəni onlara saxlaya bilmərəm.
– Mən də bu söhbətə elə ona görə razılıq verdim ki, sizin də fikirləriniz öz əksini tapsın. Çünki bu kitab heç kimin sifarişilə yazılmayıb, Azərbaycan gerçəyini ortaya qoyan və araşdıran bir kitabdır. Azərbaycanın bu günə düşməsinin səbəblərinin aynasıdır bu kitab. Sizin birgə işlədiyiniz adam, Gəncəyə, ora-bura getdiyiniz adam sizi həbs etdirdi. Amma mən həmişə düşünürəm ki, rusların sizə münasibəti niyə fərqli idi? Sizi niyə axtarırdılar, maraqlanırdılar?
ardı var