Ölkəmizdə intiharların statistikası aparılmır. Bu, yeganə sahədi ki, hakimiyyət burada da analoqsuz olduğunu gözə soxmağa qətiyyən can atmır. Necə deyərlər, təvazökarlıq nümayiş etdirir.
Kütləvi Informasiya Vasitələrinə inansaq – istər hakimiyyətyanlı, istər müxalifətyönlü – gündə azı bir-iki intihar və bir neçə intihar cəhdi baş verir. Bunlar təbii ki, hələ mətbuata gəlib çatanlardı.
Əli Həsənov (PA) müxalifətə yandırmaq üçün göysatan axtarmağa dəymədiyini, kimsənin özünü yandırmaq istəmədiyini söyləmişdi. Faktlar göstərir ki, Həsənov özü-özünü yandırıb. Ortalığa çıxan faktlar bir məqamda Həsənovun sözünün qismən doğru olduğunu təsdiqləyir və mən də ötən yazılarımın birində Həsənovun fikrinə qoşulub demişdim ki, bəli, axtarmağa dəyməz. Çünki, özünü yandıranlar dalğası hər gün Azərbaycanın bir bölgəsindən o birinə keçir. Axtarmağa gərək yoxdu.
Kimi özünü yandırır, kimi ailəsi ilə birlikdə evinə od vurur, kimi boğazına ip atır, kimi damarını kəsir, kimi də Şəkinin xırda ticarət adamı, 1952-ci il təvəllüdlü Hikmət Səlimov kimi… O, özünü şəhərdən Qoxmuq kəndinə gedən yolda, Kiş çayının üzərindəki 15-20 metr hündürlüyü olan körpüdən atıb.
“Hadisənin səbəbi isə ona məxsus mağazanın sökülməsi olub”,- “Azadlıq” qəzetinin Şəkidən əldə etdiyi məlumatlarda belə deyilir. Icra hakimiyyəti nümayəndələri ondan bu dükanı işlətməyin müqabilində rüşvət istəyiblər.
“Onun illərlə fəaliyyət göstərən dükanını buldozerin ağzına verib uçurublar. Ailəsinin yeganə dolanışıq mənbəyinin kəsildiyini görən və bu ədalətsizliyə dözməyən Hikmət özünü çayın körpüsündən ataraq intihar edib”.
Beləcə, Azərbaycan rejimin rəzilliyinə, antibəşəriliyinə, azğınlığına, qanunsaymazlığına qurban gedən daha bir vətəndaşın intiharını key-key, donuq-donuq kənardan izləməkdədi. Hüzrə gedib yas götürmək, nəlbəkinin altına 3-5 manat qoymaqla, mollanın 5-6 kəlmə mənasız söhbətini dinləməklə mərhumun ruhu zərrəcə dinclik tapmayacaq, yaralarının qanı durmayacaq.
Elə bil, bu hakimiyyət intiharları da qəsdən artırmağa çalışır ki, adamlar hər gün dəstə-dəstə hüzrdən-hüzrə axışıb ehsandan yesinlər, qarınlarını doyursunlar və “acıq” deyib, rejimə qarşı gəlməsinlər.
Lakin hüzrə gedən kimsə düşünmür ki, axı bu adamın intihar səbəbi ortadadı. Bəlkə onu aradan qaldırmağa çalışaq. Bir Icra Hakimiyyətinə baş vuraq, etiraz eləyək, nəyəsə nail olaq, barı sabah belə bir qara gün başqa bir ailənin başının üstünü kəsdirməsin. Yoox! Elə şey olar? Birdən Ilham Əliyevin yerlərdəki çıqqılı, ama allahlıq iddiasında olan zındıq vassalları qəzəblənər, etirazçıları damlatdırar. Yox, atam, ondansa növbə ilə intihar eləmək məsləhətdi. Ağrımaz başa əski bağlamağın nə mənası.
Ya intihar eləyən özü… Bilmirəm, bu akta hansı nöqteyi-nəzərdən baxaq. Vallah bu işi nə bəndələr məsləhət görür, nə Allah. Ancaq görün bu ölkədə iş nə yerə çatıb ki, müsəlmanlar Allahdan qorxmur (hələ Onu sevmədiklərindən heç söz açmıram), ama dövlətdən qorxur. Dövlətdən də yox, sadəcə və sadəcə zor aparatı olan qurumdan. Belə çıxır ki, Əliyevlərin qəzəbi Allahın qəzəbindən böyükdü, hə?
Bu qədər intiharçını diriykən cərgəyə düzsən, bir inqilab ordusu yaranardı. Əşi, inqilabı zarafat eləyirəm, heç olmasa bir iri mitinqlik adam olardı, ya yox? Bunun üstünə ölü üstünə gedənləri də gəlsək nə alınardı! Kim dura bilərdi o qüvvənin qarşısında? Öləndə də qəhrəman kimi ölmək olardı və bundan sonra dövlətin azğınlığından özünə qəsd eləyənlərin sayı azalardı barı.
Yox, yaxşısı bir-bir ölməkdi. Dinc, sakit, ölkədəki sabitliyi pozmadan. Qalır Barak Obamadan bizim ölülərin ruhuna da bir dua qoparmaq. Bu gedişlə o da olacaq.