Maddi oğurluğun siyasi status alması və legitimləşməsi çoxdan adi gerçəkliyə çevrilib. Sanki ölkəni idarə edənlərin, rəhbər işçilərin, məmurların dövlətə və başqalarına məxsus sərvətləri oğurlaması təbii hal kimi qəbul edilir. Amma artıq elmi işlərin, kitabların, məqalələrin, yaradıcılıq məhsullarının oğurlanmasına da haqq qazandırılır. Həm də açıq şəkildə. Utanmadan, çəkinmədən. Deyəsən, bunu da normaya çevirmək istəyirlər…
Bu günlərdə AMEA-nın həqiqi üzvüÿÇingiz Qacarın bir açıqlamasını oxudum. Məsələ ondadır ki, bu akademik qalmaqallı 1-ci sinif “Riyaziyyat” dərsliyinin elmi məsləhətçisidir və ondan kitabın plagiat olması ilə bağlı iddialara münasibət öyrəniblər. Mütəxəssislər həmin dərslikdə yüzlərlə elmi, metodiki, dil-üslub xətalarının olduğunu iddia edir, eyni zamanda həmin dərsliyin xarici dərsliklərdən köçürüldüyünü deyirlər.
Bəs akademik nə deyir? Onun hakimiyyət KIV-lərinin birinə açıqlamasından: “Dərsliyin plagiat və ya hər hansı üsullarla hazırlanması əsas deyil. Uşaqlara lazım olub-olmamasından danışmaq lazımdır. Əgər kitab plagiatdırsa, onda Ingiltərə, Almaniya, həmin kitabların müəllifi iddia qaldırmalıdır, axı sizin nəyinizə lazımdı? Bu məsələni azərbaycanlı deyəndə əsəbiləşirəm”.
Əsəbiləşən akademik əslində kitabın hansı ölkələrin dərsliklərindən oğurlandığını etiraf edir. Həm də oğurluğun faydasından danışır: “Bizim kitabların xarici dərsliklərə oxşaması problem deyil. Min illərlə Rusiya dərsliklərini eynilə yazırdıq, heç kim səsini çıxartmırdı. Amma indi Avropa ölkələrindən edirik, hər kəs qarşı çıxır. Yeni sistemə keçmək üçün tərcümə edilməlidir, mən bununla razıyam.ÿOğurlamaq bizim üçün xeyirdir”.
Gördünüzmü akademik – dərsliyin elmi məsləhətçisi oğurlamağın xeyir olduğunu deyir. Təsəvvür edin. Bu, bir akademik söhbətinə bənzəyirmi? Bu ki cəmiyyəti ələ salmaqdır…
Hələ görün bu alim kitabdakı səhvlərlə bağlı nə deyir: “Kitabı bəyənirəm, amma hər bir kitabda səhvlər ola bilər. Hamımız bir yerdə oturub səhvləri düzəldə bilərik. Plagiatlıq xırda işlərdir. Səhvlər ola bilər, bunu düzəltmək lazımdır”.
Gərək şagirdlər də imtahanda sualların cavablarını səhv yazdıqdan sonra gəlib deyə: müəllim, dünya dağılmayıb ki, səhvləri indi düzəldərəm. Adamdan soruşarlar ki, ay hörmətli akademik, niyə əvvəlcədən oturub səhvləri düzəltmirdiniz? Niyə 100 minlərlə manata bir dərslik çap olunduqdan sonra bu səhvləri düzəldirsiniz? Səhvlər normaldırsa, siz nəyə elmi məsləhətçilik etmisiniz? Hələ onu demirəm ki, birinci sinif dərsliyində bu qədər səhvlərin olmasına normal deyirsinizsə, onda elmi kitablarla nələr baş verir?
Internetdə axtarış verdim, bəlli oldu ki, bu alim AMEA-nın Fizika Institutunun direktorudur. Deməli, orada da kitabların, monoqrafiyaların səhvləri sonradan düzəldilir. Orada da “oğurluq bizim xeyrimizədir” devizi ilə işləyirlər…
Fikir verin, Çingiz müəllim Fizika Institutunun direktorudur. Görəsən fizik niyə riyaziyyat dərsliyinin elmi məsləhətçisidir? Riyaziyyat Institutunun alimləri qeybəmi çəkilib? AMEA-nın saytında bu alimin elmi fəaliyyət istiqamətləri haqda bunlar yazılıb: etil spirti molekulunun trans-kontormerinin fırlanma spektri, etilmerkaptan, etilftorid, alil, propil və izopropil spirtləri molekullarının mikrodalğalı spektrlərində rəqsi-fırlanma qarşılıqlı təsirini.
Etil spirtinin molekulyar tədqiqi hara, həssas pedaqoji iş olan birinci sinif riyaziyyat dərsliyi hara? Yeri gəlmişkən, mətbuatda yazılanlara görə, bu dərsliyin müəllifi də adi politexnik məzunudur. Indi görün kim əsəbiləşməli, kimə əsəbiləşməlidirlər.
Yeri gəlmişkən, təkcə 1-ci sinif riyaziyyat dərsliyi ilə ötüşsək, yaxşı olardı. Bütün dərsliklər bərbad, anlaşılmaz, səhvlərlə doludur. Götürək Çingiz Qacarın ixtisası olan fizika dərsliyini. Iş elə gətirib ki, uşaqlarımı fizikadan özüm hazırlaşdırıram. Ilham Əliyevin, akademik Ramiz Mehdiyevin, professor Misir Mərdanovun müdrik təhsil siyasətinin köməyi ilə məktəblərimiz bu işi mənim öhdəmə buraxıb. Bir neçə gün öncə reaktiv hərəkəti 8-ci sinində oxuyan övladıma başa saldım və dərslikdən təkrar oxumağı tapşırdım. Bir azdan qayıdıb gəldi: “Sən raketin reaktiv hərəkətini onun gövdəsinin kütləsi ilə izah etmişdin, kitabımızda raketin örtüyünün kütləsi ilə izah edilib, bunun fərqini anlat…”.
Dərsliyi açdım – səhifə 25. Yazılıb: “Raket gövdə və yanacaqdan ibarət qapalı sistemdir. Hərəkətə başlamazdan əvvəl Yerlə bağlı hesablama sistemində raket sükunətdədir. Deməli, örtüklə yanacağın ümumi impulsu sıfra bərabərdir”.
Görəsən gövdə niyə birdən örtüyə döndü? Örtük nədir axı? Raketin üstünə örtülmüş qoruyucu material, yoxsa onun gövdəsinin səthini əhatə edən metal örtük? Örtükdən içəridə qalan hissələrin kütləsinin raketin sürətinə təsiri varmı? Niyə dərsə aid şəkil-sxemdə raketin bütün hissələr var, onun örtüyü yoxdur? Bu qədər özbaşınalıq olmaz axı. Kiməsə qəpik-quruş verib köçürtdürəndə, tərcümə etdirəndə ona deyin ki, eyni anlayışları hər yerdə eyni cür tərcümə etsinlər…
Heç olmazsa olduğu kimi köçürün, düzgün oğurlayın, oğurluğu halal həyata keçirin…