İlham Hüseyn
Niyaməddin Əhmədova 13 il, Fuad Əhmədliyə 30 sutka həbs cəzası verdilər. Öz aləmlərində eyni gündə iki uğur qazandılar. İndi bu şər ssenarisi icra edən adamcığaz, yuxarılardan “əhsən” gözləyir. Yuxarıda oturan da özündən yuxarıdakına gözləri gülə-gülə hesabat verir. Dövlət ittihamçısı, hakim hər an telefon zəngi gözləyir ki, Prezident Aparatından “priz” gələcək. Amma qısa müddət sonra qohumdan, qonşudan, dostdan zəng gəlir ki, internetdə hamı səni lənətləyir, hamı sənə tüpürür. Amma 13 il müddətinə həbs olunan Niyaməddinlə hamı qürur duyur. Vicdanı olan hər kəs bilir ki, o günahsızdır. Deməli, dünən Niyaməddin bu şər komandasına və onun vintciklərinə hökm oxuyub. Ömürlük lənət və nifrət hökmü oxuyub. Heç kim bu şər əməliyyatına görə hökuməti qalib saymır. Əslində, ibrətlik hadisədi. Bir nəfərin hikkəsinə görə, prokuror, hakim, işgəncə verənlər, bu ləyaqətsizliyə haqq qazandıranlar cəmiyyətin gözündə nadana, yaramaza çevrildilər. Hökumətin ən şəffaf işi budur ki, yaramaz adamları cəmiyyətə tanıdır. Komandanın hansı mənəvi dəyərlərə malik olduğunu diqqətə çatdırır. Bəlkə də repressiyalarda xeyir var. Yaddaşımızı korşalmağa, ədalətə xəyanət etmiş hakimləri, işgəncə maşınlarını unutmağa qoymur. Repressiyalar mübarizə əzmini iti saxlayır, nifrət alovunu sönməyə qoymur, cəmiyyətə hakimiyyətin siyasi əxlaqını çatdırır, masqalanma prosesini dağıdır.
Hamı həbs olunsa belə, bu hər şeyin bitməsi deyil. Əksinə, yeni başlanğıcdı. Məhrumiyyətlər, zülmün artması məyusluq yaratmamalıdır, yeni başlanğıca ümid yaratmalıdır. Dəyərli olan şeylər çətinliklə əldə edilir. Biz də dəyərlər uğrunda savaşırıq və üzləşdiyimiz çətinliklər təbiidir. İnamımızı itiləyək və gülə-gülə irəliyə baxaq…