Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xəzər rayon şöbəsinin üzvü Aqil Hümbətov haqqında həbs qərarı çıxarılıb. Bu barədə partiyadan verilən məlumatda bildirilir ki, avqustun 13-də Xəzər rayon Məhkəməsinin qərarıyla Aqil Hümbətov barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, Şüvəlan qəsəbəsində yerləşən 3 saylı istintaq təcridxanasına göndərilib.
Aqil Hümbətov avqustun 11-də axşam saatlarında şam yeməyindən sonra evdən çıxıb. Gecə saatlarında Xəzər rayon Polis İdarəsindən ailəsinə zəng edib deyiblər ki, Aqil Hümbətov cinayət törədtdiyinə görə saxlanılıb.
Bir neçə ildir sosial media hesablarında hökuməti və şəxsən dövlət başçısı İlham Əliyevi tənqid edən, uşaq pulu verilməsini tələb edən Aqil Hümbətov son illərdə dəfələrlə təzyiqlərə məruz qalıb. O, bir neçə dəfə inzibati qaydada həbs olunub, ötən ilin aprelində psixiatriya xəstəxanasına salınaraq, üç ay orada saxlanılıb. Bu dəfə isə Aqil Hümbətov yaşadığı Zirə qəsəbəsində Yaman Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.
Aqil Hümbətov küçədən tullantılar yığıb çeşidləməklə ailəsini dolandırırdı. Onun üç azyaşlı övladı var.
Azadlıq.info