“Bizim partiyanın üzvü mənim namizədliyimi istəyəcək, başqa partiyanın üzvü də o partiyanın namizədini. Belə heç bir konsensusa gələ bilmərik. Qoy xalq seçsin. Müxalifətin elektoratının səsverməsi keçirilsin. 50 min adam səsvermədə iştirak etsin və müxalifətin vahid namizədi seçilsin. Seçkiyə gedən hər bir şəxs də etiraf etsin ki, seçkinin nəticəsini tanıyacaq. Niyyət ciddidirsə, kompromis tapmaq olar”.
Bu, AXCP sədri Əli Kərimlinin 2013-ün prezident seçkiləri ilə bağlı vahid namizədi müəyyənləşdirmək təklifidir. Ə.Kərimli bildirib ki, çoxlu namizədlərin arasında səslər paraçalanacağı təqdirdə, hökumət güclü olacaq və saxtakarlıq edəcək: “Çoxlu namizədlə müxalifət birləşmədən seçkiyə getsə, böyük xalq hərəkatına nail olmaq çətin olacaq. Bütün kampaniya dövrü bizi ruh düşkünlüyü müşayiət edəcək”.
“İlkin vasitələrlə vahid namizədi müəyyənləşdirə bilmiriksə, yollardan biri bu ola bilər”
Müsavat başqanının müavini Tofiq Yaqublu müxalifətin vahid namizədini müəyyənləşdirmək ideyasını çox bəyəndiyini bildirdi: “Vahid namizədin müəyyənləşdirilməsi üçün hamını qane edəcək ədalətli və obyektiv bir üsul tapılmalıdır ki, onun nəticələri heç kimdə şübhə doğurmasın. Namizədlər və ya partiyalar bunu öz aralarında müəyyən edə bilsələr, bu, ən optimal və ən əleverişli variant olar. Fikrimcə, bu məsələni daha çox danışıqlar yolu ilə həll etməyə çalışmaq lazımdır. Müxalifətin vahid namizədi dedikdə hamı söhbətin AXCP və Müsavatın namizədləri – yəni Əli Kərimli və Isa Qəmbər arasında seçimdən getdiyini bilir. Ən yaxşı yol odur ki, onlar öz aralarında razılağa gələ bilsinlər və vahid namizədi müəyyənləşdirib həm cəmiyyəti, həm özlərini bu qayğıdan azad etsinlər. Əgər bu alınmayacaqsa, o zaman müxtəlif üsullar tapıla bilər. Bunlardan biri də elə Əli Kərimlinin təklif etdiyi seçki üsuludur. Əli bəy deyir ki, seçki 50 min nəfər arasında olsun. Bilmirəm Əli bəy bu rəqəmi nəyin əsasında deyib. Bəlkə bu rəqəm daha az və ya daha çox olacaq? Bu seçkini keçirməyə imkan olacaqmı? Hakimiyyətin buna müdaxilə etmək imkanları var. Bizim işi gözdən sala, maneə yarada, öz adamlarını göndərib aranı qarışdıra bilərlər. Amma ideya baxımdan heç bir etirazım yoxdur. Çox normal bir təklifdir. Ilkin vasitələrdən istifadə edib vahid namizədi müəyyənləşdirə bilmiriksə, yollardan biri bu ola bilər”.
“Çətinlikləri olsa da, çıxış yollarından biridir”
ADP sədrinin müavini Həsrət Rüstəmov hesab edir ki, çətinlikləri olsa da, çıxış yollarından biri də bu variantdır: “Əli bəydən əvvəl də bu təklifi səsləndirənlər olmuşdu. 2005-in parlament seçkilərində bəzi dairələr üzrə namizədləri müəyyən etmək üçün bu üsuldan istifadə olunmuş və bu üsul özünü doğrultmuşdu. Indiki halda ilkin seçki vahid namizədi müəyyən etmək üçün variantlardan biridir. Düzdür, bunun öz çətinlikləri var. Ilkin seçki keçirmək üçün kifayət qədər maliyyə vəsaiti lazımdır. Eyni zamanda hakimiyyətin bu məsələyə münasibətdə loyal qalması vacibdir. Çünki hakimiyyət istədiyi namizədi ilkin seçkinin nəticəsində qalib etmək üçün səy göstərə bilər. Çətinlikləri olsa da, çıxış yollarından biri də bu variantdır”.
“Nəzəri baxımdan cəlbedici təklifdir”
ALP sədri Əvəz Temirxan Ə.Kərimlinin təklifinin nəzəri baxımdan cəlbedici olduğunu deyir: “Amma Azərbaycan saxtakarlıqlar ölkəsidir. Kim təminat verə bilər ki, sabah iqtidar müxalifət arasında narazılıq yaratmaq üçün öz adamlarını göndərib bu və ya digər namizədə səs verdirməyəcək. Ikincisi, Bakıda, Sumqayıtda yığıncaq keçirməyə imkan vermirlərsə, buna necə imkan verəcəklər?”.
Gültəkin