Ciddi görkəm alıb və əlimi çənəmə qoyub Ilham Əliyevin öz administrasiyasında yeni təyinatlar etməsinə mürəkkəb və ağıllı şərhlər verməyə hazırlaşmıram. Bir şeyi bilirəm ki, narahatdırlar – xalqdan da qorxurlar, Qərbdən də, Rusiyadan da, Türkiyədən də, Irandan da. Qurduqları təntənənin bu cür dumanlı günlərini təsəvvür edə bilmirdilər. Hiss edirlər ki, milyardlar da kömək edə bilmir, hələ milyarderləri demirəm. Odur ki, içərini möhkəmlədirlər…
Vurduqları kadrları belə yenidən yuxarı çəkirlər. Birdən elə ola bilər ki, vəzifəyə adam tapmazlar, heç kim gəlməz. Batan gəmi təəssüratı gerçəkdə hiss olunmasa da, artıq təsəvvürlərdə rahatca dolaşır. Yəni sadəcə olaraq, hakimiyyəti qoruyub saxlamaq, 2013-ü saxtalaşdırmaq üçün kadr oyunbazlığına başlayıblar. Növbəti yalana, növbəti pisliyə, növbəti saxtakarlığa hazırlaşırlar və əslində yeni heç nə yoxdur…
Həmin köhnəlmiş hakimiyyətdir. Həmin xislətdir. Yenə eyni niyyətlərdir. Kadrların yerini dəyişməklə heç nə dəyişmir. Kadrların vəzifələrini və ya vəzifələrinin adlarını dəyişəndə də heç nə dəyişmir. Azərbaycan xalqı üçün eynidir hər şey. Hətta ən çətin anda belə oğurluqlarından, tamahlarından imtina etmirlər…
Bu adamlar anlamır ki, onların düşüncəsi ilə Azərbaycanı idarə etmək bu ölkəyə düşmənçilik etməkdir. Onların siyasətinin davamı Azərbaycanı məhvə aparır. Axı zaman keçdi və gördünüz hər şeyi. Tərifli xarici siyasəti götürün. Bu gün hamı ilə problemlərimiz var. Yolumuz harayadır – bilmirik. Kiminləyik – bilmirik. Arxasında xalq durmayan bir hakimiyyəti Rusiya bu gün açıq şantaj edir, daha ciddi tələblər irəli sürür ona qarşı. Rusiya ermənilərə silah verəndə ona dost dediniz, amma gördünüzmü ki, dost olmadı…
Daxili siyasəti götürək. Quba hadisələri hər şeyin gerçəkdə necə olduğunu göstərdi. Qığılcım bəs edir ki, xalq ayağa qalxıb hər şeyi baş-ayaq etsin. Çünki ədalətsizlik onu cana doydurub.
Neftin üzərində dayanan iqtisadiyyat isə zəngin ölkəni səfalətə sürükləyib. Mənasız layihələrə pul xərcləməklə, neft pullarını göyə sovurmaqla inkişaf görüntüsü yaratmaq üçün illərdir çalışan bu adamlar hələ ayılmayıblar ki, xalq bunların hiyləsini çoxdan dərk edib.
Nadanlığa baxın, ARDNŞ 20 milyon dollar vəsait verib Madridin “Atletiko” klubunun bir oyununda futbolçuların yaxasına “Azərbaycan” yazdırır. Guya reklamdır bu. Ölkəyə ləkə olan siyasətlə Azərbaycanı reklam etmək niyyətinin tərs gəlməsi bir ayrı söhbətdir. Bəs Azərbaycan şirkətdir bəyəm, mal-əmtəədir məgər, onu reklam edirsiniz? O qədər ölkəyə gəlir məkanı, şirkət və fayda yeri kimi baxıblar, onu şirkət kimi reklam edirlər indi…
Bu siyasi təfəkkürlə yeni təyinatlar heç nəyi dəyişməyəcək. Nə xalq üçün, nə də hakimiyyətin özü üçün. Ölkədəki mövcud situasiyanı Əliyevlərin padşah təkəbbürü ilə ölkəyə sahib olmaq cəhdi yaradıb, həmin situasiya mahiyyətcə eyni qalacaq, əksinə, problemlər, ziddiyyətlər daha da dərinləşəcək. Orta əsrlər ovqatı ilə yaşayanlar yeni əsrin təzadları ilə üz-üzə qalacaq və təbii ki, yox olmağa məhkumdurlar.
Indi Azərbaycanda hər bir qüvvənin gücündən, marağından, istəyindən danışılır, bunlara uyğun olaraq şərhlər, proqnozlar verilir. Nəhəng Rusiyanın marağı, Qərbin istəkləri, Ilham Əliyevin planları, hakimiyyətdaxili qrupların, indiki və keçmiş nazirlərin arzuları, milyarderlərin, dindarların, sekulyarların, iş adamlarının məqsədləri… bir sözlə, hər cür qüvvə hesaba alınır. Amma bir amil həmişə unudulur, Azərbaycan gəncliyinin mövcud vəziyyətlə razılaşmaması və yenilik arzusu. Tarixin gedişi də tam gücü ilə məhz bu qüvvə müttəfiqdir…