Dünən (02.02.11) “Facebook” sosial paylaşım şəbəkəsində dostlarımızdan biri narahatlığını ifadə eləyərək yazmışdı ki, bu gecə Hüsnü Mübarəkin Qahirəni və başqa şəhər meydanlarını ordu və polislə tutub öz diktaturasını bərpa edəcəyi gecə ola bilər. Indi həqiqətə ən yaxın ehtimal budur…
“Ağzından yel alsın”,- yazdım dostuma. Yaxşı ki, ehtimal doğru çıxmadı. Ancaq mən də sabaha necə çıxdım, onu bir Allah bilir. Səhərəcən tikan üstdə yatdığım yuxudan ayılan kimi saytlara baxdım. Qorxa-qorxa. Ürəyim şiddətlə döyünərək. Ama şükrlər olsun ki, nəinki bəd xəbər oxudum, əksinə, qəzetimizin saytında belə bir baş xəbərlə qarşılaşdım: “Amerika Mübarəkin ipini kəsdi”. Yoxsa mənim kələyim kəsilmişdi…
Yaxşı, dediyim nədi?
Gün o gündü ki, indi bəşəriyyətin hər bir fərdi özünü təkcə özü yox, həm də bəşəriyyətin özü hiss eləməlidi. Məsələn, bu günlər, özünü Misirdə Təhrir meydanına çıxıb diktaturaya yox deyən, rədd ol deyən bir misirli zənn eləməlisən. Onun arzuladıqlarını arzulamalı, qışqırdıqlarını qışqırmalısan. (Heç olmasa içində.)
Ona dəyən zopaları canında duymalı, onunla birgə yaralanmalı, onunla birgə ölməlisən. Sonra irəli gedən o birilərdən biri və hamısı olmalısan. Canından olsan da, sözündən, amalından dönməməlisən. Anlamalısan ki, bu şans sənə son 30 ildə ilk dəfə qismət olub, sözündən dönsən, özündən, insan kimi, lap ağ adamlar kimi, lap Avropalılar kimi yaşayacağın sabahından dönəcəksən.
Təhrir meydanı “Azadlıq” meydanı, biz misirliyik. Hər bir misirlinin başıyla bunları düşünməkdən qalmaq olmaz: Mən, sadə misirli, mən müəllim misirli, həkim, mühəndis, bənna, fəhlə, tacir, kəndli, şair, yazıçı, incəsənət adamı necə oldu ki, illərlə dözüb durdum, bəzən Mübarəkə əl çaldım, bəzən inandım, ama gördüm hər şeyi, hər zülmü, hər əxlaqsızlığı. Və görə-görə susdum. Qorxdum. Canımdan qorxdum. Bəs indi nədən qorxmuram? Mən Mübarəkdən azmı suçluyam? Onu boynuma həm də özüm mindirmədimmi? Ayıb olsun mənə!
Yox, məni – bu yazının yazarını tərəf tutmaqda qınamağa tələsməyin. Mən bəşəriyyət dedim, inqilabçılar demədim. Deməli, təkcə inqilabçı kimi zənn eləyəcəksənsə özünü, yarımçıq olacaqsan. Səni tam insanlıq saymaq olmaz. Elə isə, biz həm də özümüzü bir diktator hesab eləməliyik… Və düşünməliyik: “Bu camaat bizdən nə istəyir axı?”.
Illərlə allahlıq iddiasına düşüb taxt-tacdan beşəlli yapışdığımızı, hakimiyyət uğrunda nə qədər qanlar tökdüyümüzü, canlar aldığımızı, nə qədər əxlaqsızlıq mümkündüsə hamısını elədiyimizi, öz belimizdən gələni, öz soyumuzdan olanları quduzluq dərəcəsində şah kimi yaşatdığımızı, xalqa isə it zilləti verdiyimizi, haqqı çatan həyatın mində birini belə onara it yalı kimi, at minnətinə verdiyimizi yadımıza salmalıyıq. Ölkəni dədə malı kimi çapdıq-taladıq, taxtda qalmaq üçün xalqın düşmənlərinə belə qucaq açdıq. Həqiqəti deyənləri susdurduq, ən şərəfsiz yollarla zindanlara atdıq, ailəsinə-uşağına illərlə həsrət qoyduq, bir kərə verilən ömrünü məhbəslərdə keçirtdik. Tanrını unutduq.
Bax belə… bu günlər həm də diktator olaq zənnimizdə və güzgünün qarşısında durub sifətimizə bir lomba tüpürək. Deyək: “Səndən camaatın nə istədiyini anladınmı, əbləh adam?”. Və xalqın qarşısına çıxıb ondan əfv diləyək. Canımızı onlara təslim eləyək. Bağışlasalar, bağışlasınlar, bağışlamasalar bizi meydan boyu sürüyüb, sonra şaqqa-şaqqa eləsinlər!
Insanlığı gözəllik xilas eləməyəcək. Insanlığı hər bir fərdin özünü bəşəriyyət hesab elədiyi an qurtaracaq.
Misir inqilabına gəlincə… ona sevinməkdən başqa əlimizdən nə gəlir ki? Barı başqalarının azadlıq savaşından təsəlli tapaq…