Statistikaya görə, qeydiyyatda olan hüquqi şəxslərin 56,6 faizi Bakıda cəmləşib
«Bölgələrlə bağlı idarəetmə və münasibət dəyişməlidir»
Məhəmməd Talıblı: «Regionların inkişafı üçün iqtisadi güzəştlər azdır»
Dövlət Statistika Komitəsinin ötən il üçün açıqladığı məlumatlarda kifayət qədər maraqlı məqamlar var. Məlumata görə, 2010-cu il ərzində hüquqi şəxslərin sayı 3,9 faiz artıb. Statistikaya görə, qeydiyyatda olan hüquqi şəxslərin 56,6 faizi Bakıda, 12,5 faizi Aran iqtisadi rayonunda yerləşir. Yeni yaranmış hüquqi şəxslərin 60,7 faizi Bakıda, 11,1 faizi Aran, 6,9 faizi Abşeron, hər birində 5,3 faiz olmaqla Lənkəran və Gəncə-Qazax iqtisadi rayonlarında fəaliyyətə başlayıb. Kiçik müəssisələrin iqtisadi rayonlar üzrə bölgüsünə görə isə onların 59,7 faizi Bakıda, 12 faizi Aran, 6,1 faizi Abşeron, 5,7 faizi Gəncə-Qazax, 5 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda fəaliyyət göstərir. Əslində bu açıqlanan rəqəmlər regionların iqtisadi inkişafı ilə bağlı hökumətin yaratmaq istədiyi görüntünü alt-üst edir. Çünki statistikaya görə, qeydiyyatda olan hüquqi şəxslərin 56,6 faizi Bakıda cəmləşib.
Iqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblının sözlərinə görə, paytaxtımızdakı sosial-iqtisadi vəziyyətlə əcnəbi qonaq, yaxud ekspert tanış olsa, düşünə bilər ki, Bakı ayrı ölkədir, regionlar ayrı. Əslində isə bunlar vahid sistemin tərkib hissələridir. Sadəcə bir bölgədə sosial-iqtisadi sferada inzibati təsir gücü daha çox görünür, o birisində isə az: “Bu baxımdan Bakı bir az ”bufer zolağa” bənzəyir. Ölkədə regionlarla Abşeron iqtisadi rayonu arasındakı fərq olduqca böyükdür. Ölkədə daha çox iqtisadi fəaliyyətlə məşğul olanların əksəriyyəti paytaxtda cəmləşib. Hərçənd ki, regionlarda vergi dərəcələri və bu qəbildən olan digər iqtisadi güzəştlər paytaxtla müqayisədə daha çoxdur”.
M.Talıblı bildirdi ki, regionların inkişafına görə geri qalmasını istər ÜDM-də, istərsə də büdcə daxilolmalarında görmək olar. M.Talıblının sözlərinə görə, təkcə Abşeronun büdcə daxilolmalarında payı digər 9 iqtisadi rayonlar üzrə daxilolmalardan 9 dəfədən çoxdur: “Yəni, regionların büdcə daxilolmalarında payı ənənəvi olaraq 6-7 faizi keçmir. Halbuki, həmin regionlar mərkəzi büdcədən milyonlarla dotasiya alırlar. Bəs vəziyyət niyə belə acınacaqlıdır? Fikrimcə, bunun səbəbi bir deyil. Bunu doğuran və stimullaşdıran çoxlu sayda səbəblər var. Regionlar aqrar zonalar olduğu üçün orada əmək vərdişləri və ixtisaslaşma dərəcəsi daha çox aqrar sektora verilən üstünlüklə birbaşa bağlıdır. Amma büdcədən yerli fermerlərə indiyə qədər 250 milyon manatdan artıq subsidiya verilib. Sahibkarlığın Inkişafına Yardım Fondu vasitəsilə 100 milyon manatlarla kredit verilib. Amma yenə də bütün bu tədbirlər aqrar sektoru inkişaf etdirmək əvəzinə daha da geri atıb”.
M.Talıblı onu da vurğuladı ki, bu il kənd təsərrüfatı sektorunda ötən illərlə müqayisədə daha da geriləmələr qeydə alınıb. Bu baxımdan kənd təsərrüfatı sektorunda baş verən geriləmələr onu deməyə əsas verir ki, regionlarda sosial-iqtisadi vəziyyət pisləşir, işsizlik və yoxsuluq səviyyəsi dərinləşir. Digər tərəfdən isə Regionların Sosial-Iqtisadi Inkişafı üzrə Dövlət Proqramının 2-ci mərhələsi başlayır. Amma buna baxmayaraq, yenə də birinci dövlət proqramlarının əhəmiyyətli təsiri hiss olunmur. M.Talıblı hesab edir ki, regionlarda sosial-iqtisadi vəziyyətin pisləşməsi ucbatındandır ki, xarici miqrant kimi digər ölkələrə üz tutan insanların içərisində regionlardan gedənləri sayı üstünlük təşkil edir.
M.Talıblı eyni zamanda regionlardan güzəştli vergi siyasətinin tətbiq olunmasına baxmayaraq əhalinin paytaxta üz tutma səbəbinə də aydınlıq gətirdi: “Bunun gerçək səbəbi yalnız fiskal güzəştlərdə deyil, idarəetmənin keyfiyyətindədir. Rayonlardakı icra başçıları hələ də özlərini biznesə birmənalı müdaxilə edən şəxslər kimi aparırlar. Onlar hesab edirlər ki, rayonu pul verib satın alıblar, ona görə onların rəyi olmadan orada hər hansı sahibkarlıqla məşğul olmaq mümkünsüzdür. Burada işləmək üçün öncə onların ”rəylərini” almaq lazımdır”. Bu fikri istisnasız olaraq ölkənin bütün regionları üçün keçərli sayan M.Talıblı vurğuladı ki, bütün rayonlarda iqtisadi fəaliyyəti icra başçısı və onun yaxın ətrafı müəyyənləşdirir. “Bu münasibət isə rəqabəti əngəlləyir, sahibkarlıq subyektlərinin sayının avtomatik azalmasına gətirib çıxarır, azad sahibkarlığı sıxışdırır. Ona görədir ki, regionların inkişafına ayrılan vəsaitlərin səmərəsi olmur, yaxud çox az olur”, – deyə M.Talıblı vurğuladı.
Xəyal