Mehman Əliyev: «Ya islahatlar aparmaq, ya da Misirin vəziyyətinə düşmək»
«Misirdə baş verənlər razılaşdırılmış aksiyadır, lazım olsa, Azərbaycanda da xalqı iki dəqiqəyə hərəkətə gətirərlər»
Tunis və Misirdə baş verən xalq üsyanları başqa avtoritar rejimləri hərəkətə gətirib. Artıq bir neçə ərəb ölkəsində islahatlara başlanıldığı, hökumətlərin istefaya göndərildiyinin şahidi oluruq. Azərbaycanda da avtoritar rejimin hökm sürməsinə baxmayaraq, hökumət hələ ki, əhalini razı salacaq addımlar atmır. Hətta hakim partiya təmsilçiləri Azərbaycanda belə hadisələrin gözlənilmədiyini deyirlər. Əslində vəziyyət necədir və ölkəmizdə analoji hadisələrin təkrarlanması ehtimalı nə dərəcədədir? Baş verənlərə “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevin fikirlərini öyrəndik.
– Azərbaycan rəsmiləri ölkədə Misirdə və Tunisdə baş verənlərin təkrarlanacağının gözlənilmədiyini deyir. Prosesləri yaxından izləyən şəxs kimi necə hesab edirsiniz, həmin ölkələrdə belə hadisələr gözlənilirdimi?
– Açığı, biz Tunisi və Misiri hadisələr baş verəndən sonra izləməyə başladıq. Çünki beynəlxalq münasibətlərlə o dərəcədə məşğul deyildim ki, həmişə o regionu izləyim. Bu mənada bizim üçün, elə hamı üçün gözlənilməz idi. Ancaq sonra başladıq araşdırmağa və gördük ki, orada kifayət qədər güclü sosial problemlər var. Sosial gərginlik kifayət qədər böyük idi. Işsizlik, kasıbçılıq yüksək səviyyədə idi. Bu mənada əlbəttə ki, baş verənlər başa düşüləndir. Söz azadlığı, insan azadlıqları vəziyyəti də pis gündə idi. O mənada bu hadisələrin niyə baş verdiyini başa düşürük.
– Bu hadisələrdən sonra bir çox avtoritar rejmlərin rəhbərləri həyəcan yaşadı. Azərbaycan hökumətinin addımlarında hər hansı dəyişiklik hiss edirsinizmi?
– İordaniyada, Suriyada bəzi addımlar atıldı. Orda cəmiyyət tələb edib ki, hökumət istefaya getsin. Bizdə belə tələb yoxdur axı. Bizdə tarifləri qaldırdılar, camaat susdu. Küçəyə çıxan yoxdur. Indi bu şəkildə, bu vəziyyətdə nəyisə dəyişmək olarmı? Ramiz Mehdiyev anti-korrupsiya komissiyasının toplantısını keçirdi. Iki il yarım idi ki, bu baş vermirdi. Orada demək olar ki, korrupsiya ilə mübarizədə görüləcək işlər, vəzifələr qoyuldu. Ərzaq Komitəsində, Iqtisadi Inkişaf Nazirliyində yoxlamalar gedir, bəzi adamlar işdən çıxarılır. Onda deyirdilər ki, bunların hamısı hakimiyyətin qorxmasından irəli gəlir. Bu da ictimaiyyət qarşısında özünə bəraət qazandırmaq üçün reaksiyadır. Mən isə dedim ki, bu onunla bağlı deyil. Dünya Bankı, Ümumdünya Maliyyə Korporasiyası Azərbaycan hökuməti ilə birgə anti-korrupsiya proqramı tərtib ediblər. Dörd il ərzində böyük islahatlar nəzərdə tutulur. Yanvarın 1-dən bu qüvvəyə minib. Üzdə görünən tədbirlər bununla bağlıdır. Tarif Şurasının qəbul etdiyi qərar onu göstərdi ki, hakimiyyət heç də insanların narazılığını nəzərə almır. 2007-ci ildə qiymətlər qalxanda ciddi qorxu var idi ki, camaat, müxalifət çıxacaq küçələrə. Ancaq indi görünür ki, ümumiyyətlə bundan çəkinmirlər.
Hökumət istəsə də, istəməsə də, bu dəyişikliklər olmalıdır
– Necə hesab edirsiniz, hakimiyyət korrupsiyaya, rüşvətə yox deyə bilər?
– Hakimiyyət istəmir, ancaq onları buna məcbur edirlər. Hətta ictimaiyyətə çatdırmırlar ki, beynəlxalq qurumlarla dörd illik ciddi layihə başlayıb. Bunun üçün bir milyard dollar vəsait ayrılıb. Bunu demirlər, gizlədirlər. Müəyyən yoxlamalar, dəyişikliklərin hamısı o tövsiyələrdən irəli gəlir. Bu onların istədikləri addımlar deyil. Istədilər ya istəmədilər, bu dəyişikliklər olmalıdır.
Obama deyir ki, mən Mübarəkə dedim islahatlar apar. O, buna qulaq asmadı. Bu hakimiyyətin də iki yolu var. Ya islahatlar aparmaq, ya da Misirin vəziyyətinə düşmək. Məncə onlar birinci yolu seçirlər.
Misirdə baş verənlər hazırlanmış nümayişlərdi
– Cəmiyyət kifayət qədər passivdir. Evlərin sökürlər, torpaqlarını alırlar, insanlar susur. Doğrudan da bu cəmiyyət hələ çox dözəcək, yoxsa püskürmə ola bilər?
– Lazım olsa, görmək olar. Məsələn, deməzdim ki, Misirdə ya Tunisdə insanlar özləri fəallıq göstərib etiraza qalxdılar. Hesab edirəm ki, bu hazırlanmış nümayişlər, çıxışlardı. Əlbəttə ki, xalq da iştirak edir. Siyasi qüvvələr də hərəkətə gətirilib. Burada xarici qüvvələrin də maraqları var. Avropa Birliyi, Türkiyə baş naziri Mübarəki getməyə çağırır. Yəni razılaşdırılmış beynəlxalq layihədir. Bu cür layihələri bizim kimi ölkələrdə tətbiq etmək çətin deyil. Sadəcə olaraq bizdə vəziyyət o həddə çatsa, belə olar.
– Azərbaycanda müxalifət ittiham obyektinə çevrilib və zəiflikdə günahlandırılır. Üsyanlar baş qaldıran ölkələrdə də heç müxalifət fəal deyildi…
– Heç vaxt müxalifət camaatı ayağa qaldırmır. Insanlar özləri çıxmalıdır, ayağa qalxmağa hazır olmalıdırlar. Müxalifət sadəcə olaraq mütəşəkkil qüvvə kimi həmin narazı olan vətəndaşları qanun, konstitusion normalar çərçivəsində idarə etməlidir. Yəni hakimiyyətlə xalq arasında vasitəçi kimi iştirak etməlidir. Hakimiyyətin qarşısında xalqın istədiyini qoymalı və onun reallığa çevrilməsinə nail olmalıdır. Müxalifət bunun üçündür. Çıxıb deməməlidir ki, ay camaat çıxın küçələrə. Bugünkü müxalifətin, medianın vəziyyəti çox ağırdır. Ancaq yenə də deyirəm, lazım olsa, xalqı iki dəqiqəyə hərəkətə gətirərlər. Heç bir problem də olmaz. Azərbaycan 80 milyonluq Misir deyil.
“Yanıma gəlirlər ki, kömək elə, layihəmiz keçsin”
– Hüquq müdafiəçiləri “Soros” Fondunda rüşvət halları barədə danışıb və Sizin bunun qarşısını ala biləcəyinizə ümid ediblər. Həqiqətən də belə hallar varmı və bunun qarşısını almaq üçün hansı addımlar atılır?
– Bu cür siqnallar olub. Fondun hansısa işçiləri qrantların ayrılmasında mənfi hallara yol verib. Söhbət ondan gedir ki, bunlar lobbiçilik edir və rüşvət alır. Bu cür hallar olub. Ancaq yaxşı olardı konkret olaraq gəlsin desin ki, mən filankəsə bu qədər vermişəm. Qrant alanda mənə bu şərtləri qoyublar və filan qədər pul vermişəm. Mənim yanıma iki nəfər gəlib. Halbuki, bəyanat vermişdim ki, mənim yanıma gəlməsinlər. Fondda prosedur var və ona əsasən layihələr təqdim edilməlidir. Ancaq birbaşa mənim yanıma gəlirlər ki, kömək elə, layihəmiz keçsin. Bu yaxşı deyil. Hətta mənə təklif ediblər ki, siz bunu keçirsəniz, sizin də marağınız nəzərə alınacaq. Hətta bunu deyənlərdən biri dövlət orqanında işləyirdi. Mən də dedim ki, xahiş edirəm gedin layihənizi verin. Əgər layiqlidirsə, keçəcək. Layiqli deyilsə, problem olacaq. Konkret olaraq gəlib desinlər ki, burda filankəs filan qədər istəyib, filan adama nə qədər pul vermişik. Əgər belə hal varsa, bu adam cəzasını çəkməlidir. Biz də onu istəyirik.
O ki qaldı mənim özümə, təkbaşına orada heç nə edə bilmərəm. Indi icraçı direktor da gəlir. Ancaq qeyd etmək istəyirəm ki, fondda normal işləmək, cəmiyyətə xidmət etmək istəyən xeyli adam var. Bu məsələnin bir tərəfidir. Başqa tərəfi də var. Layihələr yaxşı yazılır, həqiqətən də müsabiqədən keçir. Ancaq layihələrin həyata keçirilməsi, onların effektivliyi, real nəticə verməsində problem olur. Orada göstərilən məqsədlərə, vəzifələrə nail olmaqda, ortalığa bir şey qoymaqda ciddi problemlər var.
Ona görə də biz fondda belə bir qərara gəlmişik ki, daha çox bu məsələlərə üstünlük verək. O şəffaflıq məsələləri ciddi olmalıdır. Ancaq layihə nə qədər yaxşı yazılıb təqdim olunubsa da, bizim üçün ən vacib məsələ onun nəticələridir. Yəni cəmiyyətə, dövlətə xeyir gətirən layihələr, addımlar olmalıdır. Mənim üçün bu gün ən vacib məsələ budur. Bu istiqamətdə də addımlar atacağıq. Bunda israrlıyam.
Addımlar atacağıq və xeyli dəyişikliklər də olacaq.
Fizzə Heydərli