Milli Şuranın sədri, professor Cəmil Həsənli
Bu çıxışı mən Milli Məclisin iclas salonda, 1 fevral 2008-ci ildə etmişəm. Milli Məclisdə olduğum dövrdə 3 dəfə PKK-nın terror təşkilatı kimi tanınması haqqında MM-in iclaslarında məsələ qaldırmışam. Onun birinin stenoqramını Sizə təqdim edirəm.
Oqtay Əsədov. Cəmil müəllim, bu məsələ ilə əlaqədar yazılmısınız? Buyurun.
Cəmil Həsənli. Oqtay müəllim, Siz millət vəkillərinə niyə burada danışmağa şərait aratmırsınız? Bəyannamə müzakirə olunur, burada dəfələrlə millət vəkilləri PKK ilə bağlı məsələ qaldırıblar. Siz burada bəyanat verib bildiribsiniz ki, bu məsələ prezidentlərin imzaladıqları Birgə əyannamədə əksini tapdığına görə müzakirəyə çıxarmağa ehtiyac yoxdur. İndi də bəlli olur ki, bu məsələ Birgə Bəyannamədə yoxdur. Ona görə də xahiş edirəm, şərait yaradın, millət vəkilləri burada öz sözlərini desinlər… Mən xahiş edirəm ki, PKK-nın terrorçu təşkilat kimi tanınması məsələsi bu gün müzakirə elədiyimiz iş planına salınsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Cəmil müəllim, burada etik normalara hamı riayət edir. Xahiş edirəm, sözdən söz çıxarmayaq”.
Prezident Aparatının göstərişi əsasında PKK-nın terror təşkilatı kimi tanınması haqqında qərar qəbul etməyə imkan vermədilər. Mənim çıxışından sonra Türkiyə qarşısında özlərini “təmizə” çıxarmaq üçün Əli Əhmədov başda olmaqla 15-20 deputatı Atatürk mərkəzinə yığıb PKK-nın əleyhinə nitqlər irad etdilər və bununla da məsələni bağladılar.
Amma məsələ bundan çox dərin idi. Elə həmin vaxt xalq arasında OVİR deyilən pasport idarəsinə getmişdim. Bir orta məktəb müəlliməsi Ukarainda xəstə olan anasının yanına getməli idi. Amma ona xarici pasport vermirdilər. Kömək üçün mənə müraciət etmişdi. OVİR-ə getməyim də bununla bağlı idi. İdarənin rəisi Ərziman və ya Arzuman müəllimlə söhbətdən sonra Pasport düzəldi. Lakin daha maraqlı hafisə bundan sonra baş verdi.
Mən İdarə rəisinin otağından çıxıb birinci mərtəbəyə enəndə bir nəfər mənə yaxınlaşıb dedi ki, Cəmil müəllim gəlin bizim otaqda bir çay için. Etiraz etmədim. Çay gəldi. Onlar iki əməkdaş idilər otaqda. Televizorun səsini qaldırıb dedilər ki, Cəmil müəllim sizin Məclisdə PKK-nın terror təşkilatı kimi tanınması haqqında çıxışınızı eşitdik. Nəinki PKK-nı terror təşkilatı kimi tanımaq, biz gizli yollarla Azərbaycana gətirilən PKK-çılara Azərbaycan pasportu verməkdən yorulmuşuq. Onlar burada Azərbaycan pasportları ilə təmin edilir və Avropa ölkələrinə yola salınır. Yeri gəlmişkən onlardan biri az sönra avtomobil qəzasına düşdü.
Sonrakı araşdırmalar göstərdi ki, İraq mənşəli PKK-çılara Azərbaycan pasportlarının verilməsi bilavasitə Bəylər Əyyubovun şəxsi nəzarəti ilə Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. PKK-çıların ötürücü məntəqəsi kimi Şıxovda Bəylər Əyyubova məxsus Ramada hotelindən istifadə edilib. Həmin vaxt İlham Əliyev Avropanı çökdürmək kimi sərsəm bir fikrə düşmüşdü və həmin PKK-çılar da təxribat qrupları kimi Avropaya göndərilirdi.
Yeri gəlmişkən bir sıra Avropa ölkələrində PKK terror təşkilatı kimi tanındığı üçün Azərbaycan pasportu ilə Avropaya göndərilmiş İraq mənşəli PKK-çıların bir hissəsi Avropa ölkələrində həbs edildilər. Məsələnin üstü açılandan sonra vəziyyətdən çıxmaq üçün Pasport idarəsinin bir neçə əməkdaşı həbs edildi. Onların bir hissəsi də Azərbaycanda məskunlaşdırıldı. Bəzi rayon icra başçılarına İraqdan gələn “müsafirlərin” yerləşdirilməsi barədə Prezident aparatından göstəriş verildi. Bax, beləcə PKK və ona bağlı olan qüvvələr Azərbaycanda yerləşməyə başladı.