İlqar Tağı: «Qardaşımın öldürülməsində siyasi hakimiyyətin maraqlı olması versiyasını təkzib etmirəm»
Azərbaycanın hüquq-mühafizə orqanları hər il açılan cinayətlərin yüksək faizləri haqqında məruzələr verir, lakin jurnalistlərə qarşı törədilmiş ağır cinayətlərin heç biri hələ də açılmayıb. Xoşagəlməz jurnalistlərin təqibi acınacaqlı ənənəyə çevrilib, deyə jurnalist Xədicə Ismayılova obyektiv.tv-yə müsahibəsində bildirib.
Qətlə yetirilmiş publisist Rafiq Tağının qardaşı Ilqar Tağı da onunla eyni fikirdədir. O, qardaşının işi üzrə istintaqı formal hesab edir. Hətta Rafiq Tağının xəstəxanada vəfat etməsi ilə nəticələnən səhlənkarlığa yol verən həkimlər belə məsuliyyətə cəlb edilməyiblər. Mərhum özü həkim idi və ölümündən əvvəl onu müalicə edən həkimə vəziyyətinin ağır olduğunu deyirdi. Həkim isə buna cavabda onun “deyinməməsini və səhərə qədər səbr etməsini” tələb edirdi. Rafiqin ölümündən 15 dəqiqə əvvəl ona iynə vurublar, bundan sonra o, vəfat edib. Tağıya qarşı hücumun araşdırılmasına gəlincə, basqın yerində videokameralar quraşdırılıb, lakin onların nə qeydə aldığını heç kim bilmir.
“Rafiqin ailəsinə şahid ifadələrindən ibarət ağır cildlər göstərirlər. Bu zaman heç bir mənalı versiya, heç bir şübhəli şəxs yoxdur ki, bu da fərqli fikirlərə əsas verir. Bu halda şəxsən mən qardaşımın aradan qaldırılmasında ölkə siyasi hakimiyyətinin maraqlı olması versiyasını təkzib etmirəm”,deyə Ilqar Tağı qeyd edib. O hesab edir ki, ədaləti Avropa Insan Hüquqları Məhkəməsində axtarmaq lazımdır.
Xədicə Ismayılovanın fikrincə, Rafiq Tağının ölümü Iranın klerikal rejiminin marağında ola bilərdi. Eyni zamanda, Azərbaycan hakimiyyəti Azərbaycanda regional radikalizmin nə dərəcədə təhlükəli olduğunu Qərbə göstərmək üçün bundan istifadə edə bilərdilər. Əsas odur ki, qətlin məqsədi ifadə azadlığının pozulması olub. Elmar Hüseynovun ölümündən sonra uzun müddət “samosenzura” dövrü başlayıb, jurnalistlər bir çox mövzulara yazmaqdan qorxurdular.
Tağının ölümündən sonra müəlliflər dinin tənqidi ilə bağlı fikirlərini ciddi şəkildə senzuraya məruz qoyurlar. Onlar Iranda ayətullahların qətlə nə qədər sevindiyini, bu münasibətlə müsəlmanları təbrik etdiklərini xatırlayırlar.