AXCP sədri Əli Kərimli
Dostlar, hamınıza bir sualım var. Eşitsəniz ki, savaşda aldığı xəsarətdən ömürlük yataq xəstəsi olmuş igid Qarabağ qazisinin ağır maddi problemi var və ərklə bizim hamımızdan kömək gözləyir, ona kömək etməyə çalışarsınızmı? Ən azı igid qazimizin problemlərinin həllinə yardım etmək üçün sosial şəbəkələrdə bir neçə cümləlik status, şərh yazarsınızmı?
Bəs oğlunu savaşda itirmiş şəhid ata-anasına sizin köməyiniz lazım gəlsə, onda necə, əlinizdən gələni edərsinizmi ki, şəhid balamızın ata-anası ehtiyac çəkməsin?
Əlbəttə, suallarım ritorikdir. Şübhə etmirəm ki, əksəriyyətiniz belə situasiyada biganə qalmaz, kömək üçün əlinizdən gələni edərsiniz. Ona görə də ərklə sizlərə müraciət edirəm. Bir yox, minlərlə şəhid valideynlərinin, bir yox, minlərlə qazimizin, bir yox, onminlərlə igid döyüşçümüzün sosial problemlərinin həlli üçün sizin dəstəyiniz lazımdır. Həm də məhz indi, sonra gec ola bilər.
Şəhid valideynlərinə verilməli olan 11 min manat sığorta pulunun və aylıq 300 manat təqaüdün azlığına hamımız etiraz edib bu rəqəmin azı 3-4 dəfə artırılmasını tələb etdik, ancaq hökumət bu çağırışları eşitmədi. Qəhrəman qazilərimizin itirdiyi sağlamlıqlarına görə (əlillik dərəcəsindən asılı olaraq) cəmi 4400, 6600, 8800 manat sığorta, aylıq da 210, 230, 250 manat təqaüd, igid müharibə veteranlarının ayda cəmi 80 manat müavinət almasına da hamılıqla etiraz etdik. Bu rəqəmlərin də azı 3-4 dəfə artırılmasını təklif etdik, ancaq yenə də təkliflərimiz eşidilmədi.
Deməli, tələblərimizi hamılıqla və daha ucadan səsləndirməliyik. Bugünlərdə Milli Məclisdə növbəti ilin büdcəsi müzakirə olunur. Məhz indi məqamdır ki, minlərlə şəhid valideyni, minlərlə qazi və veteranımız üçün səsimizi ucaldaq. Onlar üçün nəzərdə tutulan sığorta pullarının, təqaüd və müavinətlərin azı 3-4 dəfə artırılmasını xalq olaraq hamılıqla tələb edək. Hökumət də bu xalq iradəsini nəzərə alsın. Şəhid ailələrinin, qazilərimizin, veteranların problemləri köklü şəkildə və dövlət tərəfindən həll olunmalıdır. İmkan verməyək ki, bu fədakar insanlar ayrı-ayrı məmurlardan, iş adamlarından, ictimai fondlardan, vətəndaş təşəbbüsündən asılı qalsın.
Hamınızı həmrəylik göstərməyə, şəhid ailələri, qazi və veteranlar üçün sığorta pullarının, təqaüd və müavinətlərin artırılmasını hamılıqla tələb etməyə, mövzunun gündəmdən çıxarılmasına imkan verməməyə çağırıram.