Rüfət Səfərov
Baxmayaraq ki, Əfv Komissiyasının bəzi üzvlərinin açıqlamaları ilin sonunda növbəti əfv sərəncamının imzalanacağını şübhə altına alır, lakin mən yenə də müstəsna səlahiyyət sahibi İlham Əliyevə səslənirəm:
Bütün siyasi və vicdan məhbuslarının azadlığa buraxıImasını xahiş edirəm.
İnanaq ki, hələ də işğal altında olan Dağlıq Qarabağın əhəmiyyətli hissəsində növbəti uğur qazanacağıqsa, bunu ölkədaxili hüquqi və demokratik açılımlar, dini, siyasi və s. görüş dairələrinə görə təqibə məruz qalmayan vətəndaşların yaşadığı mülki cəmiyyət, qanunun üstünlüyünün, hüququn aliliyinin, hakimiyyətlər bölgüsünün təmin olunduğu hüquqi dövlət quruculuğu şərtləndirəcəkdir.
Hazırda həbsxana və cəzaçəkmə müəssisələrində heç bir təqsirləri, cinayət qanunvericiliyi ilə cəza təhdidi altına alınmalı olan ictimai təhlükəli əməlləri olmayan xeyli vətəndaş saxlanılır. Onlar hazırkı üsul-idarəyə qarşı tənqidi mövqedə dayandıqlarına görə illərdir ki, cəmiyyətdən təcrid olunublar.
Və o rəylə şərikəm ki, saysız-hesabsız siyasi məhbusun azadlığa buraxılması hazırkı hakmiyyətə heç bir təhlükə vəd etmir. Tam əksinə, yerli və beynəlxalq auditoriyanın, hüquq ictimaiyyətinin, müxalif fikir daşıyıcılarının, ümumiyyətlə, xalqın alqışını doğurar.
Əminəm ki, siyasi yüklü cinayət təqibinə məruz qalanların azadlığa qovuşması 44 günlük Vətən Savaşı dövründə formalaşan milli vəhdəti, həmrəyliyi möhkəmləndirər, aralarında antoqonist ziddiyyətlər olan siyasi qüvvələri yumşaldar, ölkəmizin bərbad qeyri-demokratik imicini nisbətən normallaşdırar. Ki, bundan da Azərbaycan böyük fayda götürər.
Odur ki, 31 dekabrda- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə siyasi məhbusların, xüsusilə, Qarabağın azadlığı uğrunda vuruşan şəxslərin azadlığa buraxılmasını rica edirəm.