Məlum olduğu kimi, may ayının 1-də “Azadlıq” qəzetinin əməkdaşı Səadət Cahangir Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsində dindirilib. O vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, jurnalistin evindən götürülən əşyalar və oğlunun təhsil haqqı hələ də qaytarılmayıb.
Jurnalist deyir ki, evdə axtarış apardıqdan sonra oğlunun və özünün kompüterini, media kartını, evdəki 3 telefonunu, 300 dollar və 300 avronu götürüblər. “Mən dedim ki, oğlum Mirəli Berlində oxuyur, pul onun təhsil haqqıdır, pulu və onun kompüterini götürməyin. Əvvəl pula toxunmadılar. Sonra kimsə zəng etdi. Ondan sonra pulları şahidlərin iştirakı ilə protokollaşdıraraq götürdülər.”
Səadət Cahangir ifadədən uzun müddət keçməsinə baxmayaraq, evdən götürdüklərini qaytarmadıqlarını bildirir.
“Mənə İdarədə şahid qismində çağırıldığımı demişdilər. Orada ümumi sorğu aparılmışdı, haradan qazanc əldə etdiyimi, partiyada (AXCP) hansı işlərlə məşğul olduğumu, siyasi məhbuslara yardım üçün yığılan vəsaitlərin hardan gəldiyini, necə paylandığını soruşmuşdular. Bundan başqa Almaniyada təhsil alan oğlum Mirəli haqqında suallar verərək, ona pulu hansı yolla göndərdiyimi, necə oxutdurduğumu soruşmuşdular.
“İndi sual yaranır- əgər mən şahid qismində dindirilmişəmsə, oğlumun kompüteri, təhsil haqqı, telefonlarım, media kartım niyə saxlanılır?”
S. Cahangir dindirilməsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu, bundan əvvəl də mitinqlər zamanı özünün və oğlunun dəfələrlə polisə çağırıldığını deyib.