«Bazar oxuları» – 7
Hər şey Qoqolun 1847-ci ildə “Dostlarla yazışmalar” adlı kitabının nəşrindən sonra başladı. “Müfəttiş” kimi özündən sonrakı çağların (bəlkə də bütün zamanların!) belə, ən ifşaedici komediyalarından birini yazmış Qoqol bu kitabı ilə əvvəlki əsərlərindən üz döndərir və mürtəce idealların müdafiəçisi kimi çıxış edir. Kilsə vasitəsilə çarın öz təbəələri və mülkədarların öz təhkimli qulları üzərindəki ağalığını möhkəmləndirməyə səsləyir.
Heç kim ondan bunu gözləmirdi – söhbət əlbəttə ki, həmin vaxt Rusiyanın tərəqqipərvər, vicdanlı zümrəsini təşkil edən insanlardan gedirdi.
Qoqola ilk cavab Belinskidən gəlir (ona başqa ağır bir cavabı Gertsen vermişdi – o, Qoqolu dönüklükdə ittiham etmişdi!), baxmayaraq ki, sərt senzura ona baltanı kökündən vurmaq imkanı vermir.
Qoqolun cavabı gecikmir, Belinskiyə narazılıq dolu cavab yazır.
Belinskinin “Qoqola məktub” adı ilə məşhur olan və yazıçı vicdanı mövzusunda bəlkə də bütün zamanların ən parlaq, ən cəsarətli, ən coşqun mətni də məhz Qoqolun etiraz məktubuna cavab olaraq meydana çıxır.
Belinski bu məktubu müalicə üçün getdiyi Avstriyadan yazır. Əslində, o, sadəcə bir məktub da deyil: hər sətrində Qoqolun dönüklüyündən, mütləqiyyətin, güclünün girovuna çevrilməsindən doğan qəzəb və hiddətlə bərabər, hər bir yazıçının öz xalqının azadlıq ideallarının gerçəkləşməsinə kömək etmək üçün hansı vəzifələrə mükəlləf olduğu barədə aydın, dolğun, qarşı gedilməsi çox zor olan arqumentlərin aşıb-daşdığı bir manifestdir.
Hansı ki, bu günün Azərbaycanında – söz adamlarının karyera, komfort naminə heç bir vicdani əzab duymadan şəxsiyyətini ayaqaltı etdiyi, qələmini, ruhunu satdığı bir zamanda Belinskinin “Qoqola məktub”u ən azı, yazıldığı dövrdəki qədər aktualdır, qiymətlidir.
Xalqdan qopmuş, onun arzularından və ağrılarından uzaq düşmüş, merkantil maraqlarının, şəxsi ehtiyaclarının girovuna çevrilmiş bir yazıçının tarix və millət qarşısında məsuliyyətini anladan əvəzsiz, ibrətlik bir əsərdir.
Mən “Qoqola məktub” haqqında danışmaqdansa, oradan parçaları sizinlə bölüşmək istəyirəm.
Və istəyirəm ki, onu bütöv halda hər kəs tapıb oxusun: xalqının azadlıq ideallarının qələbəsinə kömək etmək istəyən mübarizlər də, bu mübarizənin mahiyyətini anlamayan, ya da anlamaq istəməyən qarınqulu yazıçı tayfası da, mübarizəni yarıda qoyub hansısa şəxsi maraqlar naminə dönüklüyə yuvarlanan, qələmini satanlar da!
Çünki orada yazıçı vicdanı, yazıçı ləyaqəti, yazıçı duruşu, yazıçı missiyası haqqında bütün sualların cavabı, bütün düşüncələrin izahı var. Əlavə sözə ehtiyac qalmır.
“Qoqola məktub”dan seçmələr:
“Siz mənim öz məqaləmi qəzəblə yazdığımı güman etməkdə, ancaq qismən haqlısınız: bu təbir kitabınızı oxuyarkən keçirdiyim vəziyyəti ifadə etmək üçün çox zərif və yumşaqdır. Lakin siz bunda tamamilə haqsızsınız ki, bu qəzəbin səbəbini istedadınıza pərəstiş edənlər haqqında həqiqətən o qədər də xoşa gəlməyən mülahizələr söyləməyinizdə görürsünüz. Yox, burada daha bir mühüm səbəb vardır. Mənliyimin təhqir olunmasına hələ birtəhər dözə bilərdim, əgər mətləb bundan ibarət olsaydı, hər halda bu barədə susmağa cəsarətim çatardı. Lakin həqiqətin, insan ləyaqətinin təhqir olunmasına dözmək mümkün deyildir: din pərdəsi altında və qırmanc gücünə riyakarlıq və əxlaqsızlığın xeyirxahlıq kimi qələmə verildiyini gördükdə susmaq mümkün deyildir”;
“Məgər belə bir kitab ağır daxili həyəcanın, yüksək mənəvi aydınlığın məhsulu ola bilərmi? Ya siz xəstəsiniz, belə isə siz təcili müalicəyə gedin, ya da… fikrimi tamamlaya bilmirəm!.. Ey zopa mübəlliği, cəhalət vaizi, avamlıq və nadanlıq tərəfdarı, vəhşət məddahı, siz nə edirsiniz?! Bir ayaqlarınızın altına baxın, siz ki, dibsiz bir uçurumun qarşısındasınız”;
“Rus xalqı kimin haqqında ədəbsiz nağıllar danışır? Keşişin özü, arvadı, qızı və xidmətçisi haqqında. Rus xalqı kimə ”nacins tayfa”, “yekəpər ayğır” deyir? Keşişlərə… Rusiyada keşiş bütün rusların nəzərində acgözlüyün, xəsisliyin, itaətkarlığın, həyasızlığın timsalı deyilmi?”;
“…siz öz kitabınızda böyük və qəti bir həqiqət kimi iddia edirsiniz ki, savadlanmağın avam camaata nəinki faydası yoxdur, hətta çox zərəri vardır. Bunun üçün sizə nə desəm yaxşıdır. Əgər siz bu Bizans fikirlərinizi qələmə alarkən nə yazdığınızı özünüz də bilməmişsinizsə, Bizans allahınız sizə rəhm eləsin”;
“Bəziləri az qala, bu fikrə gəlmişdilər ki, sizin kitabınız əsl dəliliyə yaxın olan əqli sarsıntının məhsuludur. Lakin tezliklə onlar bu fikirlərdən əl çəkdilər. Aydındır ki, kitab bir günə, bir həftəyə, bir aya deyil, bəlkə bir-iki, ya da üç ilə yazılmışdır; buradakı parçalar arasında müəyyən əlaqə vardır, diqqətsiz ifadə tərzi içərisində ağıllı fikirlər nəzərə çarpır. Elə buna görə Peterurqda şayiə yayılmışdır ki, siz bu kitabı vəliəhdin oğluna müəllim olmaq təmənnası ilə yazmışsınız”;
“Xalq yazıçını pis kitab üçün əfv etməyə həmişə hazırdır, lakin zərərli kitab üçün heç bir zaman əfv etməz”;
“Kitabınızın üstündə sizin adınız qeyd olunmasaydı və sizin bir yazıçı olaraq özünüzdən bəhs etdiyiniz parçalar oradan çıxarılsaydı, kimin ağlına gələrdi ki, iyrənc, gurultulu söz və ibarələrdən ibarət olan bu əsər ”Müfəttiş” və “Ölü canlar” müəllifinin əsəridir”;
“Istəyirsiniz, siz sübut edin və yaxud qoy zaman özü sübut etsin ki, mən sizin haqqınızda mülahizələrimdə yanılmışam. Buna birinci növbədə mən özüm sevinsəm də, bu sözləri sizə yazdığıma peşman olmaram. Burada söhbət mənim və ya sizin şəxsiyyətiniz üstündə deyil, elə bir şey üstündədir ki, o nəinki məndən, hətta sizdən də çox-çox üstündür: burda söhət həqiqətdən gedir!”