Milli Şuranın sədri Cəmil Həsənli
Operativ qəragahın qərarları operativ şəkildə ölkəni uçruma aparır. Qəbul olunmuş qərarlar milləti virusdan qorumağa deyil, hakimiyyəti millətdən qorumağa xidmət edir. Bakı, Sumqayıt və Abşeronda sərt karantin rejimi qalmaqda davam edir. Bu aşağı yuxarı əhalinin yarısının sərt karantin şəraitində yaşaması deməkdir. Əliyevin pandemiya ilə “uğurlu” mübarizə çərçivəsində 10 milyon dollar yardım ayıdığı Dünya Səhiyyə Təşkilatı karantin rejiminin faydasız olduğunu dəfələrlə bəyan edib.
İdarə edilən Covid-19 proqramı çərçivəsində Operativ Qərargah sərt və yumuşaq karantin qaydaların daha bir ay uzatdı. Lakin bu uzantı vaxt baxımındandır, karantin rejiminə məhkum edilən millətin minumum sosial ehtiyaclarını qarşılamaq baxımından səs-səmir yoxdur. Lap Mirzə Ələkbər Sabirin məşhur “Sual-cavab”ında deyildiyi kimi:
– Ac qarındaşlara infaq еdilirmi, əmi can?
– Оnu görməzmi xuda, еl niyə vеrsin оna nan?!
– Bivə övrətlərin əmri alınırmı nəzərə?
– Canı çıxsın, о, da gеtsin yеnə bir tazə ərə!
Operativ qəragahın 5-6 ay ərzində qəbul etdiyi dolaşıq qəralar milləti sərgərdan vəziyyətə qoyub. Aclıqdan bağırsaqları qur-qur quruldayan bir məmləkətdə karantin qadağaları acı bağırsaq kimi uzanır. Ancaq kor bağırsaq partlaması verməsə yaxşıdır. Çünki hazırda milli maraqlar baxımından ən təhlükəli virus pandemiyanı öz maraqlarına tabe edən əliyevlərin feodal düşüncəli ailə-klan rejimidir.
Əl-qərəz pandemiya siyasi prosesləri önləmək, xalqın etirazını “hüquqi” əsaslarla ram etmək baxımından Əliyev rejimi üçün göydəndüşmə olub. İndi kleptokratik rejim öz nicatını, öz xilasını, özünü xalqın qəzəbindən qorumağı Operativ Qərargahın sosial baxımdan məntiqsiz, iqtisadi baxımdan zərərli, siyasi baxımdan sərfəli qərarlarında görür. Necə deyərlər, it motaldan əl çəkir, motal itdən əl çəkmir anlamında bunlar çətin ki, virusdan əl çəksin.