“Vaşinqton Post” qəzeti Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroesin Bakıda keçirilən Internet Idarəçilik Forumunda iştirak edərkən üzləşdiyi problemlər və səfər təəssüratları barədə məqaləsini dərc edib. Azərbaycan prezidentinin onun siyasi məhbuslarla görüşməsinə imkan vermədiyini, ölkədə insan haqlarının kobud şəkildə pozulduğunu deyən Avropa rəsmisi kompüterinə edilən müdaxiləyə də toxunub.
Xanım Kroesin sözügedən forumun adətən radikal dəyişikliklərə impuls verdiyini də bildirib: “Vətəndaşlar haqlarına inananda daha çox azadlıq tələb edirlər. Tunisdə və Misirdə bu Forum keçirilən il baş verənləri xatırlamaq yetərlidir. Ölkə prezidenti mənə siyasi məhbuslarla görüşməyə imkan vermədi. Aktivistlər forum vaxtı təzyiqə məruz qaldılar. Müşavirlərimin kompüterlərinə müdaxilə olundu. Budur şəffaflıq? Azərbaycanın reallığı çox qəddardır. Media bir çox məhdudiyyətlə üz-üzədir. Söz azadlığı demək olar ki, cinayət sayılır. Jurnalistlərə qarşı davamlı zorakı hücumlar baş verir”.
Neelie Kroesun məqaləsində əks olunan fikirlər, həmçinin onun kompüterinə edilən müdaxilənin geniş əks-səda doğurması hakimiyyət dairələrində ciddi narahatlıq yaradıb. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuata açıqlamasında Avrokomissiya rəsmilərinin kompüterlərinə müdaxilə edildiyi barədə bəyanatları əsassız adlandırıb. Ə.Həsənov bildirib ki, məsələ gündəmə gələndən sonra müvafiq qurumlara, o cümlədən qonaqların qaldığı hotelin administrasiyasına tapşırıqlar verilib, məsələ araşdırılıb. Onların kompüterlərinə heç bir müdaxilədən söz gedə bilməz və belə bir müdaxilə olunması ilə bağlı heç bir dəlil-sübut tapılmayıb.
PA rəsmisinin sözlərinə görə, bu, qəsdən Azərbaycanın, tədbirin təşkilatçılarının imicinə zərbə vurmaq, yaxud da bilərəkdən onların nüfuzunu aşağı salmaq, imicini qaralamaq məqsədi daşıyan ittihamdır.
Avropalı qonaqların haqlı narazılığına hakimiyyət təmsilçisinin bu cür reaksiyası nədən xəbər verir?
Hüquq müdafiəçisi Leyla Yunus ilk növbədə Neelie Kroesun məqaləsində əks olunan fikirlərə müsbət yanaşdığını bildirir. Onun fikrincə, beynəlxalq təşkilatların təmsilçiləri nə qədər çox belə məqamlara münasibət bilirsə, vəziyyəti görüb, dərk etsə, bir o qədər yaxşıdır: “Biri var biz danışırıq, deyirik. Biri də var özləri gəlib görürlər ki, kompüterlərə müdaxilə olunur, ölkədə siyasi dustaqlar var, azad sözə görə həbsə atırlar, işgəncə verirlər. Ölkədəki vəziyyətlə tanış olmağa nə qədər çox belə imkan olsa, bir o qədər yaxşıdır”.
Ə.Həsənovun reaksiyasına gəldikdə, hüquq müdafiəçisi hakimiyyət təmsilçilərinin bu tip cavablarla özlərini biabır etdiklərini söyləyir: “Əli Həsənov səmimi cavab verib. Nə qədər çox belə reaksiya versələr, açıq cavab versələr, bizim işimiz o qədər asan olar. Qoy belə cavablarla özlərinin gerçək kimliyini açsınlar və rüsvay etsinlər. Belə daha yaxşıdır”.
Fizzə