Milli Şuranın sədri Cəmil Həsənli
Vaşingtonda keçirdiyim görüşlər və söhbətlər zamanı Azərbaycan hakimiyyətinin bizə qarşı, İlham Əliyev rejiminin bütövlükdə müxalifətə qarşı natəmiz əməlləri haqqında yeni faktlar üzə çıxır. Bulanıq sular indi-indi durulur. Amerika Ədliyyə Nazirliyinin hesabatına görə Vaşinqtondakı Azərbaycan səfirliyi yalnız BGR Group-un lobbi fəaliyyətinə 1 milyon 360 min dollar pul xərcləyib. Bu məbləğ hakimiyyətin uzun müddət əməkdaşlıq etdiyi Podesta Groupa 2016-cı ildə ödədiyi məbləğdən də təxminə 400 min dollara yaxın çoxdur. ABŞ Ədliyyə Nazirliyinin digər bir açıqlamasına görə isə 2011-2014-ci ildə Azərbaycan Amerika Alyansı (AAA) təkcə Vaşinqtonda 10 milyon dollara yaxın vəsait xərcləyibmiş. Bu pulların mənbəyi hardandır. Turanın Vaşinqtondakı müxbiri Alex Raufoğlu ilə söhbətində Amerikalı ekspertlərindən biri Bakıdan lobbi təşkilatlarına pul axınını belə təsvir edir: “Vaşinqtonda çoxları üçün Azərbaycan əvvəlki tək çirkli pulların yuyulması üçün çamaşırxana hesab olunur. Hökumətin, hakim dairələrinin üzvləri isə bu çoxmilyardlı kleptokratik sxemdə iştirak edirlər. Bu pulların bir hissə saxta şirkətlərə gedir və sonra Amerika lobbi firmalarına yol tapır”.
Axsaq atın kor nalbəndi olar – deyiblər. Bu qədər xərclərin müqabilində isə Azərbaycan hökumətinin ABŞ-dakı lobbi siyasəti nəinki iflasa uğrayıb, Birləşmiş Ştatların paytaxtında Əliyev rejimi Aşxabad batan kimi batıb. İndi Atlanta İnsan Haqları Muzeyində Əliyevin portreti dünyanın çağdaş 5 diktatorunun portretləri sırasında birincidir. Təkcə bu yaxınlarda nəşr edilmiş Bob Woodwardın “Fear: Trump in the White House” kitabı nəinki Azərbaycan səfirliyinin, bütövlükdə Əliyev rejiminin Vaşinqtondakı lobbi dəstəkçilərinin Amerika paytaxtındakı fəaliyyətlərini sıfıra endirib. Adam Amerika prezidentinə Əfqanıstan haqqında məxfi informasiyası ilə özünü məlumatlı birisi kimi göstərsə də, bunun tam əksi alınıb. Araşdırmalar nəticəsində məlum olub ki, kitabda yazıldığı kimi “İt’s fake news” (page 311), yəni bunlar saxta, yalan məlumatlardır. İş o qədər böyüdü ki, indi cənab Əliyevi buralada “Mr. fake news” kimi ələ salırlar.
Ölkədə normal social-iqtisadi, siyasi mühit yaratmaq, media və söz azadlığın təmin etmək, siyasi məhbus düşərgəsin bağlamaq, vətəndaşların haqq və hüquqlarına hörmət edən siyasət sərgiləmək əvəzinə cənab Əliyev çalışırdı ki, lobbi quruplarının dəllallığı ilə Ağ evə arxa qapıdan daxil olsun. Korrupsiya xəziənəsinin ağzını açıb lobbiçilərə böyük vəsaitlər peşkəş etməsi də, məhz bununla bağlı idi. Əlbəttə, Vaşinqton kluarlarında cənab Əliyevin “Mr.fake news” ayaması qazanması yalnız Əfqanıstanın mis mədənləri ilə bağlı deyildi. Ötən il lobbiçilər cənab Əliyevi president Donald Trampla görüşdürmək üçün işğal altında olan Azərbaycan əraziləri hesabına daha dəhşətli oyunbazlığa girişmişdilər. Azərbaycan hakimiyyətinin təlimatı üzrə onlar Ağ evi inandırmağa çalışırdılar ki, Qarabağ münaqişəsi həll mərhələsinə çox yaxındır və bu məsələyə nida (!) işarəsi qoyan president Donald Tramp Nobel mükafatı ala bilər. Bunun üçün onlar İlham Əliyevi və Azərbaycanın lobbi pulları hesabına Nikol Paşinyanı Vaşinqtona dəvət etmək, president Trampın vasitəçiliyi ilə sülhə nail olmaq kimi şirnikləşdirici bir üsula əl atmışdılar. Plan çox cəlb edici olsa da, reallıqdan çox uzaq idi. Amma lobbiçilərə Qarabağ məsələsinin həlli yox, heç Trampın Nobel mükafatı alması da yox, İlham Əliyevin Amerika prezidenti ilə şəkil çəkdirməsi lazım idi. Nəticə çox acınacaqlı oldu. Bu sərsəm planın müzakirəsi üçün Məmmədyarovla birlikdə Ermənistanın yeni hakimiyyətinin təmsilçisi kimi Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan da Vaşintona gəldi. Bu səfər Azərbaycanın lobbi pulları hesabına Ermənistan Xarici İşlər Nazirinin Vaşinqtona ilk səfəri və ümumiyyətlə Paşinyan hökumətinin Amerika paytaxtında ilk təqdimatı idi. Və buna Azərbaycan hakimiyyəti, İlham Əliyev rejimi, onun lobbiçiləri yalnız böyük pullar hesabına deyil, həm də ölkənin milli maraqlarını satmaq hesabına nail olmuşdular. Lakin Məmmədyarovla Mnatsakanyanın danışıqlarını izləyən Amerika rəsmilərinə elə ilk görüşdən aydın oldu ki, Qarabağ probleminin həlli nəinki Nobel ab-havasından uzaqdır, ümumiyyətlə sülhün kontrları belə görünmür. Ona görə də, mif dağıldı. Bakının Əliyevlə birlikdə, Paşınyanın Vaşinqtonda legitimləşməsinə görə xərclədiyi milyonlarla “sərmayə” batdı. Lobbiçilərin yol tapdığı yüksək vəzifəli rəsmilər isə etiraf etdilər ki, Bakının diktəsi ilə hərəkət edən Azərbaycanın lobbiçiləri bizi aldadıblar və Qarabağ problemi həll mərhələsindən çox uzaqdır. Bu, sadəcə olaraq Əliyevlərin Vaşinqtona yol tapmaq üçün lobbiçilərə xərclədiyi milyonların dəhşətli sonluğu, “Mr. fake news”un növbəti avantürası idi.
Həmin lobbi qurupunun və onlara yaxın olan konqressmenlərin əli ilə Azərbaycan hökuməti bir neçə il əvvəl Vudro Vilson Mərkəəzi tərəfindən mənə verilən “Demokratiya uğrunda” mükafatı önləməyə çalışmışdılar. Bizə çatan məlumata görə bu işə Azərbaycan hakimiyyətini müdafiə edən müxtəlif lobbi qrupları qatılmışdı. Bu məqsədlə lobbiçilər fəaliyyətə keçmiş və Konqresdən onlarla iş birliyində olan bəzi konqresmenlər Vilson Mərkəzinin rəhbərliyinə təzyiq göstərirdilər ki, bu fikirdən, yəni mənə “Demokratiya uğrunda” mükafatı verməkdən daşınsınlar. Lakin Vilson Mərkəzinin rəhbərliyi kifayət qədər təcrübəli, iradəli şəxslər olduğu üçün bu təzyiqləri dəf edə bilmişdilər. Xüsusi ilə mükafat komitəsinin üzvü olan Polşa ictimai xadimi, dissident və jurnalisti, polyak müxalifətinin ən tanınmış nümayəndəsi olan Adam Michnikin mövqeyi mühüm rol oynamışdı.
Təqdimat mərasiminə bir gün qalmış çox əsəbi bir vəziyyət yaranmışdı. Hər kəs şok içində idi. Əvvəlcə mənə demək istəmirdilər, sonra bildirdilər ki, tədbirin pozulma təhlükəsi var. Lobbiçilər və Azərbaycanın Vaşinqtondakı səfiri, konqresdə Azərbaycan hakimiyyətinin dəstəkçiləri tədbirə dəvət olunan şəxslərlə zəng edib təqdimat mərasiminə qatılmamağı “tövsiyə” edirlər. Vilson mərkəzinin gərgin səyləri nəticəsində təqdimat mərasimi baş tutsa da, səfirin və lobbiçilərin fəaliyyəti də izsiz keçmədi. Məndən öncə bu mükafatı almış 10 ictimai-siyasi xadimin təqdimatlarında bir qayda olaraq açılış nitqi söyləyən Dövlət Departamentinin yüksək vəzifəli rəsmilərindən Azərbaycan hökuməti ilə münasibətlərə “xələl” gətirməmək üçün kimsə tədbirə qatılmadı. Tədbirdə giriş nitqini Vilson mərkəzinin prezidenti Jane Harman söylədi və xoş sözlərinə görə mən əlbbətdə, böyük siyasi təcrübəsi və zəngin karyerası olan bu xanıma minnətdaram.
Lobbiçilər və onlara xərclənən pullar iflasa uğradı. Corc Vaşinqton Universitetinin Beynəlxalq Münasibətlər üzrə Elliot Məktəbinin Avropa, Rusiya və Avroasiya araşdırmaları institutunun direktoru, professor Cory Weltin moderatorluğu, keçmiş səfirlər Richard Kauzlarich, Kenneth Yalowitz, Richard Morningstar və tarixi baxımdan Azərbaycanı yaxşı tanıyan professor Audrey Altstadtın maraqlı çıxışları ilə “Müasir Azərbaycanın siyasi problemləri” (Political Challenges of Contemporary Azerbaijan) yaddaqalan təqdimat və maraqlı tədbir oldu. Xüsusi ilə Audrey xanımın mənim elmi və siyasi fəaliyyətim haqqında geniş məruzəsi çox təsirli oldu. (https://www.wilsoncenter.org/event/political-challenges-contemporary-azerbaijan)
Lakin bu çıxış və bundan sonra Audrey Altstadtın 2016-cı ildə nəşr etdirdiyi “Postsovet Azərbaycanda məyusedici demokratiya” (Frustrated Democracy in Post-Soviet Azerbaijan) kitabı ona ucuz başa gəlmədi. Bir anlığı baxın görün Azərbaycan hakimiyyəti, onun Vaşinqtondakı təmsilçiləri və Amerikadakı lobbiçiləri onunla necə utancverici davrandılar. Hətta nəzərə almadılar ki, professor Altstadt yalnız Birləşmiş Ştatlarda deyil, bütün Qərb dünyasında Azərbaycan tarixinin ən obyektiv tədqiqatçısı, ən çətin zamanlarda Azərbaycanın haqq işini müdafiə edən doğru, dürüst, vicdanlı bir alimdir. Onun 1992-ci ildə nəşr etdirdiyi “Azərbaycan türkləri: hakimiyyət və kimlik rus idarəçiliyi altında” (The Azerbaijani Turks: Power and Identity under Russian Rule), “Sovet Azərbaycanında mədəniyyət siyasəti, 1920-1940” (The Politics of Culture in Soviet Azerbaijan, 1920-1940) monoqrafiyaları bütün Qərbdə ən fundamental tədqiqatlar hesab edilir. O, 2014-cü ildə Topçubaşovun yubileyi ilə bağlı Bakıda, ADA-da maraqlı bir məruzə ilə çıxış etmişdi və əlbəttə, Azərbaycanda olarkən köhnə dost kimi mənimlə görüşməyi də unutmamışdı. Eyni zamanda mənimlə birlikdə bizə gələrkən izləndiyimiz də diqqətindən yayınmamışdı.
Qeyd edilən hadisələrdən sonra professor Altstadta qarşı təqiblər və münasibəti gözləmək çox çəkmədi. 2018-ci ilin may ayının 18-də “Azərbaycanlı Amerikalılar Cəmiyyəti”nin təşkilatçılığı ilə Çikaqoda keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tədbirinə Audrey Altstadt cümhuriyyətimiz haqqında əsas məruzəçi kimi dəvət edilmişdi. Azərbaycana və Cümhuriyyət tarixinə böyük sevgisi olan Audrey xanım da uzaq Massachusetts ştatından məruzə etmək üçün durub gəlib Çikaqoya. Və yubiley tədbirinə iki gün qalmış tədbirin təşkilatçısı ona bildirib ki, burada Bakıdan qonaqlar iştirak edir, Azərbaycana qayıdanda onlar üçün problem çıxmamasına görə sizin tədbirdə Xalq Cümhuriyyəti haqqında məruzə etməniz məqsədəuyğun deyil. Amma “səxavət” göstərib əlavə edib ki, biz Sizi dəvət olunmuş qonaqların vip heyətinə salarıq və tədbirdə dinməzcə otura bilərsiniz. Professor Altstadt bununla razılaşmayanda ona təklif edib ki, narahat olmayın biz tədbirdə elan edərik ki, Siz xəstələnmisiniz və bu səbəbdən tədbirə gələ bilməmisiniz. Təsəvvür edin artıq məruzə etmək üçün 3 min km-ə qədər yol gələn alimə nə təklif edirlər? Lakin Audrey xanım öz tələbin net olaraq qoyub: Mən Amerikada Əliyev rejimin şərtlərinə tabe ola bilmərəm, onların şərtləri ilə hərəkət edə bilmərəm və Siz də iştirakçılara yalan danışmayın, necə var elə də həqiqəti deyin. Bu mükalimədən sonra professor Altstadt tədbiri gözləmədən elə həmin gün Massachusettsə geri dönüb. İndi görürsünüz ki, Əliyev rejiminin natəmiz əli haralara çatır və Cümhuriyyətin Amerikada təşkil edilən 100 illik yubileyinə dəvət edilmiş Amerikalı professora cümhuriyyət tarixi haqqında danışmaq qadağan edilir. Necə də rüsvayçı və alçaldıcı, məyusedici bir hərəkətdır. Audrey xanımın baş vermiş hadisə ilə bağlı söhbətini həyəcansız dinləmək mümkün deyildi. Görün bunların şəxsi təkəbbür üzərində qurulan ağılsız addımları nəticəsində biz necə ağır və məyusedici mənzərə ilə qarşılaşırıq.
Vaşinqtonda Azərbaycan lobbiçilərinin fəaliyyəti çox geniş olub. Hakimiyyət korrupsiya pulları ilə tək iqtidar məsələlərini deyil, müxalifət məsələsini Birləşmiş Ştatların paytaxtında yerbəyer etməyə çalışıb. Yəni, Əliyev rejimi ölkə içərisində özünə müxalifət kimi görmək istədiyi dairələri də “müxalifət elitası” adı altında lobbiçiləri vasitəsi ilə “təbliğ” etməyi unutmayıb. İndi məlum olur ki, bu siyasət dəllalları Bakının göstərişi ilə Azərbaycanda Əliyev rejiminə sərf edən müxalifət formalaşdırmaq və onu əliyevlərin “müxalifəti” kimi təqdim etmək üçün necə natəmiz əməllərdən çıxıblar. Bu proyektə əməli xarakter vermək üçün müxtəlif təşkilatlardan müxtəlif adlar altında kifayət qədər böyük vəsaitlər ayrılıb. İndi o da aydın oldu ki, sən demə ötən ilin mayında formatı və proqramı dəyişdirilmiş Kapitoli brifiqi arxasında Əliyev lobbiçilərin dayandığı bir göstəri imiş. Lakin lobbiçilər burada da yarıtmaz oldular və onların bütün işləri kimi bu proyektləri də həm ölkənin daxilində, həm də xaricində iflasa uğradı. Yalan təbliğat üzərində qurulan ümidlər doğrulmadı. Azərbaycanda baş verən son siyasi hadisələr lobbiçilərin təsirinə düşmüş bəzi siyasi dairələri yavaş-yavaş ayıldır, onları gerçək mənzərəni görməyə vadar edir.
Ancaq rejimin natəmiz əməlləri ilə bağlı bunlar yeganə faktlar deyildir. İlham Əliyev və onun Amerikadakı korrupsiya şəbəkəsinin, lobbi qruplarının ölkəyə vurduğu ziyan bununla qurtarmır. Bunlar, post-sovet məkanından olan korrupsionerlərlə birlikdə qiyməti milyonlarla hesablanan mülkləri alıb, yenidən ikiqat baha qiymətə özlərinə satmaqla çirkli pulları “təmizə” çıxarmaq kimi natəmiz işlərlə hamını bezikdirib, mülkiyyət bazarını orta amerikalının maraqlarına toxuna biləcək qədər bahalaşdırıblar. Belə natəmiz yollarla ələ keçirdikləri tarixi mülklərin girişini digər küçədən açmaqla yeni ünvan alıb korrupsiya izini itirməyə çalışsalar da, artıq buralarda belə əyri işlərin izinə düşənlər vardır. Göründüyü kimi, sular indi-indi durulur və bütün bu natəmiz faktlar okeanın bu tayında Əliyev rejimi üçün yaxşı perspektiv vəd etmir.