Keçmiş striptiz deputatın binaları sökülür
Boşuna “kiminin əvvəli, kiminin axırı” demirlər xalq arasında. 3 milyon manata deputat olan, 300 min dollar borca görə mandatını girov qoyan və bunun güdazına gedən Rafael Cəbrayılovun tikdirdiyi binaları sökürlər. Mətbuatda yayılan xəbərə görə, Sumqayıt şəhər məhkəməsinin qərarına əsasən Rəfael Cəbrayılova və qardaşına məxsus şirkət tərəfindən Mehdiabad-Novxanı şosesi üzərində tikilmiş 23 ədəd altı mərtəbəli binanın 2-si və kompleksdəki obyektlərdən biri söküləcək. Tikilən binalar 5,65 hektar torpaq sahəsini əhatə edir. Mətbuatda gedən xəbərə görə, həmin ərazini Cəbrayılov qardaşları Abşeronun keçmiş icra başçısı Zakir Fərəcovdan alıb.
Məhkəmə artıq söküntü işlərinin də Cəbrayılov qardaşlarına məxsus şirkət tərəfindən aparılması barədə qərar çıxarıb. Səbəb həmin ərazinin 1,4 hektarının “Binəqədi Oyl Kompani” Əməliyyat Şirkətinin istifadəsində olmasıdır. Məlum olub ki, Abşeronun keçmiş icra başçısı Zakir Fərəcovun 17 dekabr 2010-cu il sərəncamı ilə həmin ərazidə 23 ədəd kürsülü, altı mərtəbəli binalardan ibarət yaşayış kompleksinin tikintisinə icazə verilib. Kompleks tam məskunlaşıb və binaların böyük əksəriyyətində məcburi köçkünlər yaşayır. Bu yerdə ortaya maraqlı bir sual da çıxır? Tikintiyə icazə vermək nə, onu təzədən sökmək nə? Adamı lap Məşədi İbadın gününə saldılar. Rafael Cəbrayılovu gerçəkdən biriləri qaralayıb, yoxsa ilahi ədalət qara buludu endirib sabiq deputatın başının üstünə? Bura Azərbaycandır, qanuna, kitaba məhəl qoyan kim? Araşdırsanız, paytaxtın mərkəzində nə qədər belə qanunsuz tikili ortaya çıxar, bilirsiniz? Biz bütün bu baş verənləri ilahi ədalətin hesabına yazaq. “Çarx dönər, dolab dönər, gün gələr, hesab dönər” deyirlər. Bax, o hesabın gəldiyi gündür bu gün. Pulunun qatını balta kəsməyən Cəbrayılov müflislik bataqlığına düşməkdə. Parlamentdə ən mürtəce təkliflərin müəllifi, xalqa yuxarıdan aşağı baxan biri sındırıla-sındırıla gedir. Xatirinizdə qalsın, ölkədə etiraz aksiyaları ilə bağlı cərimələrin fantastik dərəcədə artırılması təklifi və layihəsi də ondan gəlmişdi. Xalq etiraz haqqını, o cərimələr on qat artıq olsa belə, əldə edəcək. Amma Rafael Cəbrayılovun itirdikləri heç vaxt geri qayıtmayacaq. Nə saxta mandat alverinə qoyulmuş ləyaqəti, nə də əyri yollarla toplayıb başına bəla etdiyi haram sərvəti.